Cənubi Qafqazın geosiyasi parçalanma riski

post-img

I yazı

Bu barədə hələlik siyasətçilər və analitiklər susurlar. Reallıq isə ziddiyyətin dərinləşə biləcəyindən xəbər verir. Müəyyən mənada “geosiyasi laqeydlik” adlandıra biləcəyimiz bu tendensiyanın inkişaf etməsi ehtimalı yox deyildir. Doğrudur, bəzi ekspertlər regionda müşahidə edilən və konstruktiv xarakter daşıyan bir prosesi də vurğulayırlar. Həmin proses Azərbaycanın sülhsevər fəaliyyəti ilə əlaqəlidir. 

Yəni, Cənubi Qafqazda geosiya­si mənzərənin konstruktiv istiqamətdə dəyişmə dinamikasından söz açılır və burada Azərbaycanın oynadığı müsbət rol etiraf edilir. Lakin Ermənistan və ona havadarlıq edən müəyyən Qərb dövlət­lərinin regiona neqativ təsirinin məğzini arxa plana atmağa çalışırlar. Bu isə çox təhlükəli nəticələr verə bilər. Məsələ birbaşa Azərbaycanla Ermənistan ara­sında sülh müqaviləsinin imzalanma perspektivi fonunda bütövlükdə regio­nal geosiyasətin mənzərəsindən gedir. Problemin bu tərəfi məhz daha geniş prizmada Cənubi Qafqazda geosiya­si proseslərin istiqamətlərinə baxmağı tələb edir. 

Avropa geosiyasi ayrılma xəttində

Ana Palaçio 2019-cu ildə “Proje­ct Syndicate” nəşrində dərc etdirdiyi məqalədə yazırdı ki, “Avropa geosiyasi ayrılma xəttindədir”. İspaniyalı müəl­lif məqaləsində o dönəmdə BMT Baş Katibi olmuş Antonio Quterreşin qlobal geosiyasətdə “böyük çatlama” ifadəsini nümunə kimi göstərmişdir. A.Quterreş ABŞ və Çinin liderliyi ilə dünyanın ge­osiyasi mənzərəsinin “iki savaşan və rəqabət aparan” düşərgəyə bölünmə riskinin artıdığından bəhs etmişdir. Bu da beynəlxalq nizamı poza bilər.

İndi isə yazırlar ki, bu ehtiyatlılıq nəinki özünü doğruldur, hətta artıq “də­rin uçurum” yaradır, müxtəlif regionlarda “geosiyasi xətt sınır” və ya bütövlükdə “geosiyasi ayrılma xətləri genşlənir”. 

Nümunə kimi, 2021-ci ildə Tür­kiyənin ANKASAM Beyin Mərkəzində Mustafa Cem Koyunçunun AUKUS-un yaranması ilə “yeni geosiyasi ayrılma xəttinin” formalaşmasından yazması­nı və Pyotor Yakovlevin “Perspektivi” jurnalında “beynəlxalq münasibətlər sistemində əsas ayrılma xətləri”ni təhlil etməsini göstərmək mümkündür.

Məsələ yalnız alimlər, analitiklər və ya ekspertlərin dəyərləndirmələri ilə məhdudlaşmır – bir tərəfdən müxtəlif regionlarda gedən geosiyasi proseslər, digər tərəfdən siyasətçilərin özlərinin qiymətləndirməsi təsdiq edir ki, artıq ge­osiyasi sınma xətləri və geosiyasi çat­lama istiqamətləri bir çox regionda real trekə çevrilir. Mövcud aspektdə hazırda ən həssas regionlar sırasında Cənubi Qafqaz heç də sonuncu yerdə deyildir. 

Kənardan “əsən sərt küləklər”: turbulentlik şəraitində “situativ sülh” 

İndi siyasətçilər daha çox Azərbay­canla Ermənistan arasında münasibət­lərin normallaşması ətrafında regiona təsir etməyə cəhd göstərirlər. Bu oyun­da Rusiya ilə yanaşı və hətta daha çox ABŞ və Avropa İttifaqının bir sıra böyük dövlətləri canfəşanlıq edirlər. Hər üçü eyni faktor üzrə üstünlüyü ələ almağa çalışır – Azərbaycanla Ermənistan ara­sıda tarixi, siyasi, geosiyasi ədalət prin­sipi ilə deyil, öz maraqlarına uyğun sülh yaratmağa cəhdlər göstərir. Hər birinin öz diplomatik ibarəsi vardır. Rusiya re­gionda ənənəvi mövcudluğunu və böl­gə dövlətləri ilə ümumi tarixə malik ol­masını, xalqların dostluğunu və başqa duyğusal faktorları qabardır. Qərb isə demokratiya, liberalizm, insan haqları, azad inkişaf və sair kimi əzbərlədiyi və artıq gəlişi gözəl anlayışlar kimi qəbul edilən rəvayətlər danışır. 

Hər iki tərəfin fəaliyyətində səmi­milik və ədalətlilik görünmür. Belə bir şərt daxilində davamlı sülhün necə ola biləcəyini heç özləri də bilmirlər. Bir sıra ekspertlər isə hesab edirlər ki, Qərb və Rusiyanın indiki fəaliyyəti yalnız situativ sülh” deyilən vəziyyəti yarada bilər. 

“Situativ sülh” o deməkdir ki, davam­lı, qalıcı, real faktorlara əsaslanan və tərəflərin tam qəbul etdiyi sülhdən deyil, situasiyaya uyğunlaşdırılmış və buna görə də situativ şərtlər dəyişən zama­nı barışın da sona çatacağı müvəqqəti razılıqdan söhbət gedir. Bu cür gedişat yalnız və yalnız onu təşkil edənlərə mü­vəqqəti sərf edir. Lakin Azərbaycan və Ermənistanı sülhə qovuşdurmur. 

Müvəqqəti sülh görüntüsünü ya­ratmaqda Qərbə züy tutanlardan biri də Ermənistandır. Ən pisi də bundan ibarətdir. Çünki maraqlı tərəflərdən biri psevdosülh yolunu tutursa, bütövlükdə normallaşma ehtimalı çox aşağı dü­şür. Bu mənada Ermənistan da Cənubi Qafqazda “geosiyasi ayrılma xətti”nin yaranmasında və bütövlükdə gedişatın geosiyasi parçalanmaya aparılmasında iştirakçıdır!

Bu prosesdə daha çox risk yaradan faktorlar sırasında rəsmi İrəvanın özün­dən yeni-yeni “sülh şərtləri” uydurması ayrıca neqativ yer tutur. Son olaraq, Er­mənistan rəsmilərinin məlum 2020-ci il 10 noyabr Bəyannaməsinin qüvvədən düşdüyündən və müqavilənin ancaq Qərb paytaxtlarının birində imzalana biləcəyindən söz açmaları onun mi­sallarından biridir. Üstəlik, N.Paşinyan özündən “Azərbaycan əldə edilən razı­laşmalara əməl etsə” şərtini çıxarmışdır. Birincisi, söhbət hansı razılaşmalardan gedir? İkincisi, indiyə qədər əldə olu­nan real razılaşmaları məhz Ermənis­tan pozmuşdur, Azərbaycan isə daim ona əməl etmişdir. Biz siyahını tuta bilərik, lakin o, çox uzun olacaqdır və keçən əsrin 90-cı illərinin əvvəllərindən bu yana olan müddətdə rəsmi İrəvanın bəd əməllərini əks etdirəcəkdir. Sadəcə, BMT-nin məlum 4 Qətnaməsinə əməl etməməsini xatırlamaq kifayətdir. 

Bu faktlar onu göstərir ki, Ermənis­tan kənar təsirlər nəticəsində real ola­raq sülhə deyil, regionda meydana gələ biləcək geosiyasi turbulentlikdən istifa­də edərək, yenidən qarşıdurma yarat­mağa meyllənir. Buna görə də Azərbay­can Prezidenti “Ermənistan revanşizmin baş qaldırmayacağına tam zəmanət verməlidir” xəbərdarlığını etməkdə tam haqlıdır. 

Bu xəbərdarlıq həm də dövlətimizin başçısının mövcud vəziyyəti, kifayət qədər dərindən bildiyini və ona uyğun mövqe tutduğunu göstərir. Konkret ola­raq, Azərbaycan Türkiyə ilə birlikdə re­giona real və qalıcı sülh gətirəcək xəttini davam etdirir. Rəsmi Bakının son za­manlar Türkiyənin də danışıqlarda işti­rakını vurğulamaq zərurəti bu baxımdan çox əhəmiyyətlidir. 

Buradan vacib bir geosiyasi nəticə çıxarmaq olar: Cənubi Qafqazda regio­nal geosiyasi çatlamanın qarşısını yal­nız Azərbaycan–Türkiyə birliyi ala bilər. Burada Rusiyanın da müsbət rol oyna­yacağı istisna deyildir. Moskva üçün bu, bir çox aspektlərdə müsbət divident gə­tirərdi. 

Beləliklə, Cənubi Qafqazın geosiya­si turbulentlikdən Azərbaycanın fəallığı ilə qurtulacağı proqnozunu vermək olar. Bakının qətiyyəti, ədalətli, obyektiv dav­ranışı və sülhsevər mövqeyindən uzaq­laşmaması belə qənaətə gəlməyə əsas verir. Buna görə də növbəti və ondan sonrakı müzakirələrin hansı paytaxtda keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Azərbaycan Vaşinqtonda da, Parisdə də, Brüsseldə də, Moskvada da eyni mövqedə olacaq! Bizcə, daha ədalətli və nəticə verə biləcək müzakirələr gec və ya tez İstanbulda olacaq!

 

F.MƏHƏMMƏDOĞLU

XQ

Siyasət