Paşinyan administrasiyası Azərbaycanla barışa kəskin reaksiya formalaşdırır
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası baş naziri aparatının birgə açıqlamasından sonra Hayastanda sülh sazişi ilə bağlı müzakirələrə start verilib– desək yanılmarıq. Müzakirələrdə konkret nələrdən söz açılır, bu barədə danışacağıq. Ancaq əvvəlcə bir məqamı vurğulayaq. Daha doğrusu, şübhəni.
Şübhə ondadır ki, Ermənistan hakimiyyəti sülh sazişinin hazırkı şərtlərinə razı deyil. Buna görə müxtəlif kanallar vasitəsilə ictimaiyyətə imzalanacağı ehtimal olunan sənədin ölkə üçün yolverilməz kimi təqdim olunan müddəalarını açıqlamaq yolunu tutur. Heç şübhəsiz, məqsəd sazişə qarşı daxili əks reaksiyanı formalaşdırmaq və yekunda sülhün əldə edilməsinə qarşı çıxmaqdır.
Sən demə, Ermənistan parlamentinin deputatları Geqam Manukyan, Kristin Vardanyan və Aspram Krpeyan ötən cümə günü ölkənin Xarici İşlər Nazirliyinə baş çəkərək, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə, yəni sülh müqaviləsi ilə bağlı təkliflərlə tanış olublar. Bu barədə “Hraparak” qəzeti yazıb. O qəzet ki, son vaxtlar işi-peşəsi “gizlin” sayılan məsələləri işıqlandırmaqdır. Nə sirri-Xudadırsa, “Hraparak” hər şeydən birinci xəbər tutur və erməni cəmiyyətinə açıqlayır...
Haşiyə çıxaq ki, “Hraparak”ın sülh sazişinə ətraflı yer verməsindən əvvəl də Ermənistanda sənədin detalları ətrafında müəyyən fikirlər dolaşırdı. Yəni, elə həmin deputat G.Manukyan ölkənin Xarici İşlər Nazirliyinə getdiklərini və orada sazişlə tanış olduqlarını vurğulamışdı. Bildirmişdi ki, müqavilənin tam məxfi kimi qiymətləndirilən detallarını açmaq istəmir, ancaq ümumən sənəd Ermənistanın mənafeyinə uyğun deyil. Görünür, bu mesaj cəmiyyətdə elə sərt reaksiya doğurmadığından, mövzuya yenidən, indi bir qədər ətraflı formada qayıdıb. Yəni “Hraparak” məxfiliyi “aradan qaldırmağa” girişib.
Qəzet yazıb ki, G.Manukyan başda olmaqla, digər deputatlara sülh müqaviləsinin mətni deyil, Azərbaycan və Ermənistan tərəfinin bir-birindən tələbləri təqdim olunub. Tələblər isə altı səhifədə yer alıb və onlara nəzər salanda görünür ki, Bakı və İrəvan arasında ən əsas məsələlərə baxışda konsensus yoxdur. Burada qızışdırıcı motiv Azərbaycan tərəfinin tələbi, Ermənistan tərəfinin həmin tələblə razılığının qabardılmasıdır.
Baş nazir Nikol Paşinyan administrasiyası daxili ictimai rəyi bilərəkdən özünə qarşı etiraza kökləyir. Bunu ona görə edir ki, Qərbdəki tərəfdaşlarına hiddətin hakimiyyəti devirmək potensialının olduğunu göstərsin. Yəni, təxminən belə: Azərbaycana güzəşt xalq etirazını doğura bilər, nəticədə Ermənistanda hakimiyyətin devrilməsi mümkündür. Paşinyan və tərəfdarları yaxşı anlayırlar ki, Qərb ölkədəki iqtidarın üstündə əsir, onu itirmək istəmir. Ona görə bu amil üzərinə oyun oynamaq yolu tutur, reallıqlardan uzaq xətt götürürlər. İstər parlament deputatlarının məxfi kimi qiymətləndirilən sənədlə tanışlığında, istərsə də “Hraparak”ın mövzuya toxunmasında məqsəd elə budur.
Ayrı-ayrı fərdi mövqeləri kənara qoysaq, onsuz da Ermənistanda Azərbaycanla sülh gündəliyinə müsbət yanaşma yoxdur. Məsələyə faktoloji baxışın ortaya qoyulması gərginliyi körükləyir. Gərginlik isə Paşinyana lazımdır. Erməni iqtidarı fəaliyyətsizliyini, daxili problemlərlə məşğul olmaqdan uzaq niyyətini, mövcud sahədəki səriştəsizliyini məhz bu yolla ört-basdır edir. Dahi Volterin bir kəlamı var ki, əgər Allah olmasaydı belə, onu yaratmağa ehtiyac duyulacaqdı. Deyimi Ermənistan hakimiyyətinin üzərinə gətirərək bildirək ki, əgər problem olmasaydı, Paşinyan onu qondarmağa çalışacaqdı. Söhbət həm də Azərbaycanla problemdən gedir. Mənzərə onu göstərir ki, rəsmi İrəvan Bakı ilə sülhü sadəcə istəmir və erməni avantürizminin davamlı xarakter alması yolunda addımlamağa can atır.
“Hraparak” yazır ki, Azərbaycan üçün Qarabağın ələ keçirilməsinin qanuniləşdirilməsi prinsipial əhəmiyyət daşıyır. Belə çıxır ki, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi qanunsuz imiş. Bu cür sərsəm yanaşma Ermənistanın daxili ictimai rəyinə mesajdır. Azərbaycanın özünün olmayanı əldə etmək istəməsi mesajı. Qəzet bildirir ki, Prezident İlham Əliyev Ermənistandan Qarabağın da daxil olduğu 86,6 min kvadratkilometr əraziyə malik Azərbaycanın suverenliyini aydın şəkildə tanımasını tələb edir. Ona görə ki, tanınma qisas ehtimalını azaldacaq. Deməli, tanınmama psixoloji baxımdan revanşizm üçün əsas yaradan faktor kimi düşüncələrə yeridilir. Müvafiq olaraq, tanıyan iqtidar qisas imkanlarını yoxa çıxardığı üçün tənələrə məruz qalmalıdır.
Əlbəttə, burada sərhədlərin delimitasiyasından sonra Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin mövcud olmayacağının vurğulanması da əsasdır. Nəzərə alaq ki, Ermənistan hakimiyyəti bütün beynəlxalq platformalarda Azərbaycanın Ermənistana qarşı, guya, işğalçı niyyət güddüyü məntiqindən çıxış edir. “Hraparak”ın yazdığı isə bu məntiqi əsaslandırmaq təsiri bağışlamaqdadır.
Qeyd edək ki, N.Paşinyan tez-tez beynəlxalq tribunalarda rəsmi İrəvanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanımasından, Azərbaycanın da Ermənistanın 29,8 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanımasından danışır. Ortaya belə bir məsələ çıxır: Ermənistan BMT-yə, Avropa Şurasına, ATƏT-ə və digər strukturlara üzv qəbul edilib. Bu strukturlardan hansısa biri ölkənin suverenliyini 29,8 min kvadratkilometr ərazidə tanıyıbmı? Yaxud hansısa ölkə bunu edibmi? Hamısı, ümumi qaydada Ermənistanın ərazi bütövlüyünü tanıyıb. Yəni, burada konkret rəqəmlər əsas götürülməyib. Elə ərazilər də. Belə olan təqdirdə, Ermənistan rəqəmli tanımadan danışa bilməz. Azərbaycanın isə bunu Ermənistandan tələb etməsi düzgündür. Çünki ölkəmiz otuz ilə yaxın müddətdə erməni işğalından əziyyət çəkib. Qarabağla bağlı avantürist niyyətlər, o cümlədən, bölgə ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinin qabardılması cəmi iki-üç ay əvvəlin söhbətidir. Məhz bu səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, “Qarabağ Ermənistandır” deyən N.Paşinyan indi “Qarabağ Azərbaycandır” deyirsə, yanaşma tam olmalıdır: “... Lakin hazırda “Qarabağ Azərbaycandır” dedikdə, onlar gərək bunun altında öz imzasını qoysunlar və biz bunu gözləyirik”.
Nəhayət, xəritə məsələsi üzərində dayanaq. “Hraparaq” yazır ki, sərhədlərin delimitasiyası üçün seçim 1974–1979-cu il xəritələri arasında olsa da, Azərbaycanın, guya, ərazi ambisiyaları var və demarkasiya-delimitasiya zamanı Ermənistandan yeni ərazilər ələ keçirmək istəyir, ona görə heç bir xəritə ilə razılaşmır.
Əslində, bu yanaşma da təxribatçı mahiyyət daşımaqdadır. Məsələ burasındadır ki, hazırda 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzərində dayanan və həmin sənədə görə, dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımalarının vacibliyini vurğulayan Ermənistan hakimiyyəti ərazinin necə müəyyənləşməsi faktorunu qabardır. Məhz bu zaman 1974-1979-cu illərin xəritələrini əsas götürür. Söhbət SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritələrindən gedir. Sual yaranır: Sözügedən xəritələr yalnız son xəritələr olduqları üçünmü qəbul edilməlidirlər? Axı, bu yanaşma Alma-Ata Bəyannaməsi ilə uzlaşmır. Həmin sənəddə də ərazinin konkretliyi anlayışı yoxdur. Yəni, 29,8 min kvadratkilometr və ya 86,6 min kvadratkilometr söhbətləri istisnadır.
Digər tərəfdən, Alma-Ata Bəyannaməsi SSRİ-nin süqutundan sonra müttəfiq respublikaların ərazi bütövlüklərinin tanınması prinsipini əsas götürürdüsə, deməli, Sovetlər Birliyinin yarandığı dövrdə həmin respublikaların ona hansı ərazilərlə qoşulmalarına nəzər salınması şərtdir. Azərbaycan SSRİ-dən nə üçün torpaq itkisi ilə ayrılmalıdır? Yaxud Ermənistan nəyə görə ittifaqdan ərazi qazancı ilə çıxmalıdır? Ona görə ki, erməni millətçiləri SSRİ rəhbərliyində kimisə öz tərəflərinə çəkərək, hansısa saxta sənədə imza atdırıblar?
Belə çıxır ki, SSRİ dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana verilmiş olsaydı, bu bölgə də müstəqil Ermənistanın ərazisi sayılacaqdı. Yeri gəlmişkən, belə bir “plan” var idi, ancaq ulu öndər Heydər Əliyevin sayəsində həyata keçmədi. Deməli, “istək” reallaşsaydı, Ermənistan 1988-ci ildən başlayaraq Qarabağı yox, məsələn Yevlaxa qədər olan əraziləri nəzarətinə almaq iddiasına düşəcəkdi. Axı, azərbaycanlıları Kürə qədər qovmaq kimi mənfur plan olub.
Bəli, əzəli torpaqlarımız Azərbaycandan alınıb Ermənistana veriləndə və həmin ərazidə Meğri rayonu formalaşdırılanda bizim fikrimiz nəzərə alınmamışdı. 44 günlük müharibədəki qalibiyyətimiz isə imkan yaratdı ki, sözümüzü diktə edək. Diktə etdik və Ermənistan onun üçün kapitulyasiya aktına çevrilmiş sənədə imza atmaq məcburiyyətində qaldı. Prinsipcə, indi məğlub Ermənistan Azərbaycanla sülhün şərtlərinə əməl etməlidir. Ancaq görünür, ölkə rəhbərliyinin belə niyyəti yoxdur. Ona görə “Hraparak” kimi qəzetlər mövzunu qabardırlar. G.Manukyan və digər deputatlar isə haqqında söz açdığımız təkliflərin təhlükəli olduğunu vurğulayırlar. Əlbəttə, nə bu adamlar, nə də Ermənistan hakimiyyətinin başıpozuqları Azərbaycanla sülhə gəlməməyin ölkələri üçün böyük fəsadlar doğuracağının fərqinə varmayacaq qədər iflicdirlər.
Ə.CAHANGİROĞLU
XQ