Cənubi Qafqaz regionu həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Çar Rusiyasının nəzarətində olan Azərbaycanın paytaxtı Bakı şəhərində zəngin neft yataqlarının aşkarlanmasından sonra bu maraq böyük geosiyasi qarşıdurmaya çevrilib.
Bu gün də tarix təkrarlanır, ABŞ və Avropa İttifaqı SSRİ-nin dağılmasından sonra regionda yaranmış geosiyasi boşluqdan istifadə edərək, milli maraqlarına uyğun sistem formalaşdırmağa can atırlar. Qərbin bu istəyi xüsusi ilə İkinci Qarabağ müharibəsinin Azərbaycanın xeyrinə başa çatmasından sonra qabarıq şəkildə özünü göstərməyə başlayıb. Amma regionda yaranmış yeni reallıqlar fonunda qeyri-region ölkələrinin istəklərinə çatacaqları imkansız görünür.
44 günlük müharibədən darmadağınla çıxan Ermənistanın yeni “təhlükəsizlik çətiri” axtarması artıq heç kimə sirr deyil. İrəvan daha çox silah almaq istəyir. Bu istiqamətdə Ermənistana ilk “qaranquş” da Fransadan gəlib. Paris İrəvana Ukraynaya lazım olmayan zirehli avtomobillər göndərib. Bundan başqa Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri və döyüş sursatları göndərməyi də planlaşdırır. Bəs, Fransanın Zaqafqaziyada fəallaşmasının arxasında hansı niyyət gizlənir? Ekspertlər hesab edirlər ki, Parisi “əzabkeş erməni xalqı” maraqlandırmır, Fransa Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və yeni təsir zonası əldə etmək istəyir. Əlbəttə, Fransa Zaqafqaziya problemlərini həll etmək iqtidarında deyil. Bunun üçün Parisin nə uyğun tarixi ənənəsi, nə də siyasi iradəsi var. Sadəcə, Fransa Rusiyanın regiondakı təsirini neytrallaşdırmaq istəyir, həm də özünə müəyyən imic xalları qazandırmağa çalışır.
Buna baxmayaraq, Fransa digər sahələrdə də inadkarlıqla fəallıq nümayiş etdirib. Paris Qarabağ məsələsində Azərbaycana təzyiq göstərməyə çalışıb. Məsələn, Azərbaycanın sentyabr ayında keçirdiyi lokal antiterror tədbirlərindən sonra Fransa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Ancaq Parisin diplomatik həmlələri heç bir nəticə verməyib. Fransa Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək bahənəsi ilə Gorus şəhərində konsulluq açmağa da söz verib. Təbii ki, Fransa rəhbərliyinin yüksək səslə verdiyi bəyanatlar və simvolik jestlər Ermənistan mətbuatında geniş işıqlandırılır və şərh edilir. Eyni zamanda, yerli siyasətçilər əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını gizlətmirlər. Lakin reallığı anlayan ermənilər də az deyil. Məsələn, politoloq Akop Badalyan bildirib ki, Fransa Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Bunun üçün Paris Azərbaycan və Türkiyə ilə danışıqlar aparmalı olacaq.
Ermənistan mətbuatına müsahibəsində politoloq Akop Badalyan deyib ki, son otuz ildə Ermənistan üzləşdiyi problemlərə tamamilə uyğun olmayan bir yol tutub. Bu mənada, bu vəziyyət siyasi böhranlara səbəb olub, siyasi qərarların qəbulu məsələlərini çətinləşdirib. Onun sözlərinə görə, bu gün Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı azdır. Akop Badalyan düşünür ki, seçkilərin keçirilməsi üçün ictimai əhval-ruhiyyə vacibdir, lakin hazırda növbədənkənar seçkilərə ictimai tələb yoxdur: “Əlbəttə, çoxluq hakimiyyətin dəyişməsini istərdi, amma bu istək o demək deyil ki, belə addımlara getmək olar. Bunun üçün aydın perspektivə malik olmaq lazımdır”.
Erməni politoloq düşünür ki, indi baş nazir Nikol Paşinyan Qərbi bölgəyə cəlb etməyə çalışır, amma Qərbin bunu etməyə imkanı və istəyi yoxdur: “Hər şey söz üzərində qurulub, amma praktikada konkret addım yoxdur. Ermənistan KTMT əleyhinə bəyanatlarla Qərbi məcbur etməyə çalışır, Qərb isə sadə bəyanatlarla cavab verir”. A.Badalyan əmin olduğunu açıqlayıb ki, Rusiya Cənubi Qafqazda olmasa belə, regiona gələn hər hansı bir yeni aktor Türkiyə və Azərbaycanla razılığa gəlməlidir: “Yalnız bu halda təhlükəsizlik sahəsində yeni aktor meydana çıxa bilər. Söhbət Fransadan gedir. Ona görə də bizim xəyali məntiqimizə görə bu ola bilməz. Rusiya yoxdur, deməli, Türkiyə, Azərbaycan və İranla müqaviləsi olan ölkə olmalıdır”.
Səbuhi MƏMMƏDOV
XQ