“Nobelçi”lərin narahatlığının əsl səbəbləri

post-img

Onları qorxudan Bakının “siyasi təzyiqi”dir, yoxsa separatçıların gözlənilən açıq etirafları?

Beynəlxalq ictimai xadimlər, siyasətçilər, Nobel Sülh mükafatı laureatları, keçimş ölkə başçıları, böyük sənaye korporasiyalarının rəhbərləri, vətəndaş cəmiyyəti fəalları, eks-siyasətçilər və biznesmenlər Bakıdan erməni əsirləri buraxmasını tələb edirlər. 
150 nəfərin imza atdığı müraciətdə, guya, etnik ermənilərin Azərbaycanda qanunsuz olaraq həbsxanaya salındığı iddia edilir. Açıq məktub formasında yazılan həmin müraciətdə erməni “humanitar xadim” Ruben Vardanyan başda olmaqla, “Dağlıq Qarabağ liderlərinin” saxlanılması ilə bağlı “dərin narahatlıq” ifadə olunur.     

Xankəndidəki keçmiş separatçı xunta rejiminin liderlərinin Azərbaycanın cari ilin sentyabrında “bölgəyə hərbi müdaxiləsindən” sonra həbs olunanların arasında “keçmiş Dağlıq Qarabağ Respublikasının” səkkiz üzvünün – “siyasi məhbusların təcili və qeyd-şərtsiz azad edilməsi” tələb olunduğu müraciətin müəllifləri bir az da uzağa gedərək, Bakını Qarabağda “etnik təmizləmə” aparmaqda ittiham edirlər.  
30 illik münaqişənin əsl səbəblərindən və 44 günlük müharibənin mahiyyətindən xəbərsiz olduqları aşkar görünən müraciət müəlliflərinin kimliyinə nəzər yetirməyimiz maraqlı olar. Açıq məktuba imzasını qoyanların sırasında Meksikanın sabiq prezidenti Ernesto Sedikyo, İrlandiyanın keçmiş dövlət başçısı Meri Robinson, Kosta-Rikonun eks-lideri, Nobel Sülh mükafatçısı Oskar Arias, “Virgin” şirkətlər qrupunun baş direktoru Riçard Brenson, “Salesforce”nin sahibi Mark Benioff, “Thrive və The Huffington Post”un qurucusu Arianna Xaffinqton, eləcə də “System of a Down” musiqi qrupunun solisti Serj Tankyan da var.

“Ədalətsevərlərin” xoruna qoşulmuş “eks”lərdən biri də BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Meri Robinsondur. “Bakıda Ruben Vardanyanın və digərlərinin  ədalətsiz (?) saxlanılması onların əsas insan haqlarının pozulması deməkdir. Əgər Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin ona hörmətlə yanaşmasını istəyirsə, onda, xüsusilə, “Dağlıq Qarabağda etnik təmizləmə” (?) fonunda qanunun aliliyinə riayət etməlidir. Bakı saxlanılan erməniləri dərhal azad etməlidir”. 

***

Kollektiv müraciətin psevdo-müəllifləri beynəlxalq rəyi çaşdırmaqdan belə çəkinmirlər. Onların yazdığına görə, guya, Ermənistan və Azərbaycanın hərbi əsirlərin azad edilməsi barədə razılığa gəlməsinə Avropa İttifaqının və Avroparlamentin üzvləri nail olublar. Bəli, yalan, dezinformasiya, həmçinin Azərbaycanın ünvanına siyasi təxribat və avantürist çağırışlarla dolu müraciətin təzyiq forması olduğu şübhə doğurmur. 

Azərbaycan düz otuz il həm qanunun aliliyinə, həm də beynəlxalq humanizm prinsiplərinə sadiq qalaraq, tarixi halal torpağını işğalçıdan azad etmək üçün yalnız dinc danışıqlar yolunu tutdu. Sonda anladı ki, ona həmin beynəlxalq hüquqdan, sülh danışıqlarının alternativsiz olduğundan moizələr oxuyanlar, böyük güclərin təyin etdikləri vasitəçilər sadəcə başının altına yumşaq yastıq qoymaqla məşğul olublar. Ermənipərəst “səlibçilərin” əsl xisləti və mahiyyəti isə 44 günlük müharibənin gedişində məlum oldu. Üstümüzə ayaq açanların ötən 30 ildə nəyi hədəflədikləri, nəhayət, gün işığına çıxdı. 

Zəfərimizi həzm edə bilməyən Ermənistan və onun beynəlxalq dəstəkçiləri indi arsenallarında qalan son patronlarını işə salıblar. Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq hüquqa daban-dabana zidd bu bədnam və biabırçı “kolliektiv müraciət” də onların Bakıya siyasi təzyiq formalarından biridir.        

Bu açıq məktuba gözüyumulu imza atanlar haradan bilsinlər ki, separatçıların hələlik azadlıqda qalmış silahdaşları “çaylarını Bakıda içənlərin” məhkəmədə “sandığı açıb, pambığı tökəcəkləri” gün uzaqda deyil. Məhz o vaxt onların məhşər günləri başlayacaq. Onda isə bu müraciəti təşkil edən, Qarabağ ermənilərinə göndərilən humanitar yardımları xirid edən hay işbazları təkcə Azərbaycan xalqının deyil, elə öz soydaşlarının da lənəti ilə üzləşəcəklər. “Nobelçilər” də həmin an hansı avantüranın qurbanına çevrildiklərini anlayacaqlar. Amma sonrakı peşmançılıq heç vaxt heç kəsə fayda verməyib.

İmran BƏDİRXANLI
 XQ

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, 
politoloq 

Əslində, onların müraciətinə heç reaksiya verməyə dəyməz. Dünya bu gün Azərbaycanın azad edəcəyi 32 erməni hərbçisindən danışır. Yəni biz ermənilərin girov götürdükləri iki əsgərimizlə barələrində cinayət işi açılmış bu qədər erməni hərbçi ilə dəyişdirəcəyimizi təqdir edirlər. Həmin müraciətə imza atanlar, faktiki olaraq, Xankəndidəki keçmiş separatçı xunta rejiminin sabiq və indiki hərbi cinayətkarlarına haqq qazandırmış olurlar. İndi onların istintaqı davam edir və alınan ifadələrdə bəzi qaranlıq məqamlar ortalığa çıxacaq. Kimlərinsə adları hallanacaq. Buna görə o insanlardan canlarını qurtarmağa çalışırlar. Belə müraciətlərlə həm də onlara mesaj göndərirlər ki, möhkəm dayanın və artıq-əskik danışmayın. Əks-təqdirdə, sabah azadlığa çıxanda üzümüzə baxa bilməyəcəksiniz. Fikrimizcə, müraciətin mahiyyəti bundan ibarətdir. 

Amma belə müraciətlərlə heç nə dəyişməyəcək. Hazırda Bakı həbsxanasında müstəntiqlərə ifadə verən bu adamlar Azərbaycan dövləti qarşısında cinayət törədiblər. Törətdiyi əməllərinə görə də cavab verməlidirlər. Bu, ayrı mövzudur ki, onlar üzərində məhkəmə qurulacaq, ədalətli hökm çıxarılacaq. Daha sonra Azərbaycanla Ermənistanın münasibətləri, doğrudan da, normallaşacağı təqdirdə, həmin adamlar əfv olunmaları ilə bağlı dövlət başçımıza müraciət edə bilərlər. Onları əfv edib-etməmək isə cənab Prezidentin müstəsna səlahiyyətidir. 
Həm də məlum müraciəti imzalayan “eks”lər elə də böyük nüfuz sahibləri deyillər ki, beynəlxalq ictimaiyyət buna diqqət ayırsın.  

Tofiq ABBASOV, 
siyasi şərhçi

Adətən, Nobel mükafatçıları nəcib missiyaya qulluq edirlər. Amma onların əsas vəzifəsi odur ki, özlərini təsdiqlədikləri sahələrdə inkişafa, yeni nəslin yetişməsinə xidmət göstərsinlər. Hərbi cinayətkarlərın taleyi ilə məşğul olmaq onların işi deyil. Başa düşdüyüm qədər, separatizm müasir dövrdə ağır cinayətlərdən biri hesab olunur. Azərbaycan xalqı həmin separatizm cərəyanının çoxsaylı cinayətlərinin qurbanına çevrilibsə, birmənalı şəkildə deməliyik ki, bu adamlar öz əmllərinin əvəzini almalıdırlar. Yəni, cinayət varsa, onun cəzası da olmalıdır. 

Bədnam və təxribatçı müraciətə imza atan nobelçilər, eks-siyasətçilər öz missiyalarını süni surətdə şişirtməməlidirlər. Onların bu cür məsələlərə müdaxiləsi doğru deyil. Azərbaycan müstəqil dövlətdir, onun sivil, demokratik siyasi və vətəndaş institutları var. Bu institutlar milli qanunvericiklə yanaşı, beynəlxalq hüququn, konvensiyaların, aktların hamısının tələb və normalarını nəzərə alaraq fəaliyyət göstərirlər. Yəni, müraciət edənlərin məntiqi anlaşılmazdır. Necə yəni, xalqımıza qarşı kütləvi qırğınlar törədən qatı cinayətkarlar azadlığa buraxılmalıdır? Qarabağda maddi-mənəvi abidələrimizi, tarixi irsimizi məhv edən vandalları necə bağışlamaq olar? Bölgədə Azərbaycanı və azərbaycançılığı silməyə çalışanlar haqqında nobelçilər Bakıdan necə güzəşt tələb edə bilərlər?  

Bu, ən azı riyakarlıqdır. Hesab edirəm ki, belə yanaşma yersiz və lazımsız olmaqla yanaşı, həm də pis bir nümunədir. Bölgədə baş verən bütün bəlaların baiskarı erməni millətçiliyi və erməni faşizmidir.





Siyasət