Makron administrasiyasının azərbaycanlı jurnalistlərə qarşı qarayaxma kampaniyası bu reallığı bir daha təsdiqləyir
Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası, sözün əsl mənasında, rəzillikdir. O boyda dövlət olasan, demokratik ənənələrinlə öyünüb döşünə döyəsən, belə yaramaz işə rəvac verəsən! Prezident Emmanuel Makron administrasiyasının ölkəni gətirib çıxardığı durum, bax budur. Ortada rəzilliklə yanaşı, miskinlik və cılızlıq da var.
Yada salaq ki, təxminən, bir həftə əvvəl AZƏRTAC-ın əməkdaşı Aygün Həsənova fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin nalayiq, qəddar rəftarı, qanunsuz davranışı ilə üzləşmişdi. Jurnalistin Şengen vizasının olmasına baxmayaraq, ona qarşı əsassız tələblər irəli sürülmüş, həbslə hədələnmiş və təyyarə ilə üçüncü ölkəyə – Sinqapura yola salınmışdır. Ən pisi isə budur ki, bu özbaşınalığı törədənlər Sinqapura da xəbər vermiş və A.Həsənovanı orada da “arzuolunmaz şəxs” kimi təqdim etməyə çalışmışdılar. Təbii ki, sonuncu cəhd nəticə verməmişdi, azərbaycanlı media təmsilçisinə münasibətdə xoşagəlməzlik davamını tapmamışdı.
Bu, nə deməkdir? O deməkdir ki, Fransa söz və ifadə azadlığına dözümsüz yanaşır, ali dəyər və prinsiplərə, qətiyyən, məhəl qoymur. Qeyd edək ki, azərbaycanlı media təmsilçisinin Yeni Kaledoniyaya səfərində heç bir yolverilməzlik yoxdur, əksinə, kifayət qədər, ciddi ictimai motiv var. Təsəvvür edin ki, XXI əsrdə bir ölkə müstəmləkəçilik siyasəti yeridir. Təbii ki, jurnalist məsələyə maraq göstərməlidir. Eləcə də müstəmləkəçiliklə üzləşmiş xalqın milli azadlıq mübarizəsini işıqlandırmağa. Təsadüfi deyil ki, Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa yerli polisin media təmsilçimizə qarşı hərəkətini pisləyib, ona dəstəyini ifadə edən açıqlama yayıb.
Qeyd edək ki, bir həftə əvvəl AZƏRTAC-ın əməkdaşının üzləşdiyi durum Azərbaycanın media ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi hadisə ilə bağlı etiraz bəyanatı yaymışdılar. Məsələ dünya mediasının da diqqətini cəlb etmişdi. Azərbaycanlı jurnalistə dəstək ifadə olunmuşdu. Görünür, bütün bunlar avtoritar Makron administrasiyasının “hərəkətə keçməsinə” səbəb olub. Diktatura idarəçilik üsulunun bütün “incəliklərini” özündə yaşadan bu administrasiya öz əməlinə, yəni Yeni Kaledoniyada A.Həsənovaya qarşı qanunsuzluğa “haqq qazandırmaq” niyyətinə baş vurub və “müəyənləşdirib” ki, guya, AZƏRTAC-ın əməkdaşları əraziyə Fransada sabitliyi pozmaq üçün göndəriliblərmiş. Hətta, onlara “casus” damğası da vurulub. Ən pisi isə budur ki, belə bir uydurma, cəfəng məntiq ölkənin ayrı-ayrı media vasitələrində tirajlanıb. Heç şübhəsiz, bu sayaq dezinformasiya Fransa demokratiyası, ölkənin mediası üçün utancvericidir. Amma...
Jurnalistin Yeni Kaledoniyaya sabitliyi pozmaq üçün getməyi ilə bağlı bir sübut varmı? Görəsən, nəyə əsaslanaraq, belə bir ittiham irəli sürülüb? Suallarımız ritorikdir. Çünki təqdim ediləcək dəlil yoxdur. Sadəcə, ürkək Fransa hökuməti yaxşı başa düşür ki, müstəmləkədə saxladığı Yeni Kaledoniyada xalq azadlıq hərəkatının dünya ictimaiyyətinin diqqətinə çatdırılması ərazinin əldən çıxması ilə nəticələnəcək. Nigerdəki ssenarinin təkrarlanmasından qorxur. Buna görə də söz azadlığını boğur ki, əsl həqiqətlər üzə çıxmasın.
"Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir". Bu fikri Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun bu ilin martında Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı əsnasında bildirmişdi. M.Forrest AzTV-yə müsahibəsində onu da demişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox pozitiv mesaj olub. Daimi müvəkkil Yeni Kaledoniya xalqının onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə apardığını diqqətə çatdırmış və əlavə etmişdi ki, xalq Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüquqlarının dəstəklənməsini istəyir. “Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram", – deyən cənab M.Forresin fikrincə, Fransa rəhbərliyinin qardaşlıqdan, xalqların dostluğundan danışması paradoksal haldır və reallıqdan çox uzaqdır. Bəli, Fransanın söz azadlığından, bəşəri dəyər və prinsiplərdən danışması da paradoksaldır. Avtokrat Makronun prezidentliyi sayəsində ölkə bu barədə söz açmaq üçün bütün mənəvi hüquqlarını itirib.
***
İndiki halda AZƏRTAC-ın əməkdaşlarına qarşı qarayaxma kampaniyasına rəvac verilməsi etik qaydalara və dəyərlərə zidd davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi Fransa hökumətinin söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyidir, cılızlıqdan başqa bir şey deyil. Bu kimi fikirlər Azərbaycan Mətbuat Şurasının dünən yaydığı bəyanatda əksini tapıb. Mətbuat Şurası bildirib ki, ölkəmizin media nümayəndələrinin fəaliyyətində heç bir qanunsuzluq əməli olmayıb. “Onların Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini işıqlandırmaq istəklərində əsaslandırılmış bəşəri və ictimai motiv var. Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır” kimi məqamların vurğulandığı bəyanatda Fransa mediasında azərbaycanlı jurnalistləri gözdən salmaq cəhdi ölkə hökumətinin özünün despotik mahiyyətini ört-basdır etmək niyyəti kimi dəyərləndirilib: “Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir. Şura bunu anti-demokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayır və bildirir ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir”.
Mətbuat Şurasının bəyanatında da vurğulandığı kimi, prezident Emmanuel Makron və onun avtokratiyaya yuvarlanmış administrasiyası söz azadlığı müstəvisindəki primitiv siyasi oyunların ölkəyə vurduğu zərəri düşünməyəcək qədər iflic vəziyyətdədir. Digər tərəfdən, azərbaycanlı jurnalistlərin üzləşdikləri xoşagəlməz durum Fransanın ümumbəşəri dəyərlərə zidd yanaşması barədə ciddi düşünməyə vadar edir. Hesab edirik ki, dünyanın mütərəqqi ictimaiyyətinin, o cümlədən, media ictimaiyyətinin bu ölkəni tutduğu yoldan döndərmək üçün səfərbərliyi qaçılmazdır. Nəzərə alınmalıdır ki, Fransanın özündə də rəsmi Parisin nümayişçilərə münasibətdə qəddar davranışının jurnalistlərdən də yan ötməməsi halları dəfələrlə yaşanıb. Bütün bunlar ölkə ərazisini jurnalist təhlükəsizliyi baxımından riskli zona elan etməyə əsas yaradır.
Sonda onu da bildirək ki, AZƏRTAC-ın əməkdaşları ilə bağlı dezinformasiya yaymaq da jurnalist fəaliyyətinin məhdudlaşdırılması kimi qeyri-qanuni, beynəlxalq hüquq normalarına, habelə media ilə bağlı beynəlxalq hüquqi sənədlərə zidd yanaşma tərzidir. Hadisə ilə bağlı cəzasızlıq mühiti media əməkdaşlarına qarşı belə xoşagəlməz halların arealının genişlənməsi presedentini doğura bilər. Mövcud durumda ciddi jurnalist həmrəyliyinin nümayişi ilə Fransanı diktatura mahiyyətindən uzaqlaşdırmaq şərtdir. Elə buna görə də Mətbuat Şurası yaydığı bəyanatda dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırıb.
Ə.RÜSTƏMOV
XQ