İrəvan “uzaq sahillər”dən  gözünü çəkməlidir

post-img

Qərbi Kaspi Universitetinin professoru, tanınmış politoloq Fikrət Sadıxovla söhbətimiz Ermənistan və Azərbaycan arasında sülh dialoqunun hazırkı durumu, Cənubi Qafqazda marağı olan güclərin bu prosesə əngəl törətmək cəhdləri, İrəvan–Moskva münasibətlərinin perspektivi, eləcə də gözlənilən sülh sazişinin imzalanma müddəti ətrafında oldu. 

– Fikrət müəllim, gəlin əvvəlcə indiki mərhələdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olan səbəblərdən danışaq. Son günlər Ermənistana Avropa İttifaqının mülki missiyasının sayının artırılması məsələsi gündəmə gətirilib. Bununla ermənipərəst Avropa nə demək istəyir?

– Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı bir sıra məsələlər öz həllini tapıb. Hər halda, Bakı müharibədə qələbəsindən sonra mübahisə doğuran bəzi məsələləri yoluna qoymaq üçün əlindən gələni etdi. İlk baxışda tərəflər sanki sülh müqaviləsinin imzalanması ərəfəsindədir, amma yenə də İrəvan müəyyən əngəllər törətməyə cəhdlər edir. 

Burada söhbət nədən gedir? Bəli, biz görürük ki, Ermənistanda Avropa İttifaqının missiyası genişləndirilir. Həmin missiyanın əsas məqsəd və funksiyası nədən ibarətdir? Bunlar tam açıqlanmır. Digər tərəfdən, İrəvan sülh sazişinin mətninə Qarabağ ermənilərinin geri qayıtmasını nəzərdə tutan maddənin salınmasında təkid edir. Təbii ki, dövlət başçımız bu yaxınlarda məlum beynəlxalq forumdakı çıxışında bu məsələnin izahını dəqiq ortaya qoydu. Yəni, birmənalı şəkildə bildirdi ki, əgər belə bir məsələ gündəmə gətirilirsə, onda Qərbi Azərbaycandan qovulan soydaşlarımız da öz yurdlarına qayıtmalıdırlar. Həm də Ermənistan ərazisində yaşamış azərbaycanlıların sayı Qarabağ ermənilərinin sayından qat-qat çoxdur.     Həmin mövzu yalnız bu kontekstdə müzakirə oluna bilər və biz buna hazırıq. Axı, Bakı ikitərəfli danışıqlarda kifayət qədər yumşaq mövqe nümayiş etdirir. Söhbət həm həbsdə olan erməni hərbçilərinin azad olunmasından, həm də beynəlxalq iqlim forumunun Azərbaycanda keçirilməsinə Ermənistanın bizim xeyrimizə razılıq bildirməsindən gedir. Bunlar hələlik “tet-a-tet” dialoqun ilkin somptomlarıdır. Aydın məsələdir ki, bunun arxasınca İrəvan praktiki addımlar atmalıdır.

– Deməli, vasitəçisiz birbaşa təmaslarda tərəflər bəzi məsələlərdə razılığa gəlməyi bacarıblar. Bu da böyük sülhə arapan yolda zəmin rolunu oynayır. Amma bu prosesin gedişində bəzi güclərin maneçilik cəhdlərini görürük. Bakıya kim təminat verə bilər ki, bölgədə maraqlarını güdən həmin aktorlar İrəvanı növbəti dəfə sülh prosesini pozmağa vadar etməyəcək, danışıqları yenidən dalana dirəməyəcəklər? 

– Dünyanın beynəlxalq münasibətlər təcrübəsinə nəzər yetirsək, buna bənzər bir çox halları görə bilərik. Latın Amerikasında, Şərqin özündə olub. Münaqişə tərəfləri sayılan dövlətlərin ən qızğın fazasında atəşkəs mütləq elan olunub. Çünki üçüncü tərəfin vasitəçiliyi ilə danışıqlar aparılmalı, döyüşən ölkələr öz aralarında müəyyən razılığa gəlməlidirlər. Bizim halda isə artıq vasitəçilər mərhələsi arxada qalıb. Otuz il heç bir iş görmədilər və torpaqlarımızı özümüz azad etdik. Yəni, indiki mərhələdə həm Bakı, həm də İrəvan üçün vasitəçilərin rolu öz əhəmiyyətini itirib. 

Zaman və reallıq onu göstərdi ki, biz Ermənistanla birbaşa danışa bilərik. Artıq bunun əməli nəticələri var. Elə hərbi əsirlərin qarşılıqlı şəkildə qaytarılması barədə razılaşmanı götürək. Vasitəçi deyəndə üç qüvvə nəzərdə tutulur: Rusiya, ABŞ və Avropa İttifaqı. Hər üçü çalışır ki, sülh danışıqlarında öz rolu olsun. Bəzən bu rolu çox qabardır və hesab edirlər ki, onlarsız bölgədə heç bir məsələ həll oluna bilməz. Əslində, sülhün əldə olunması prosesinə maneə yaradan məhz həmin vasitəçi aparıcı dövlətlərdir. 

– Sülhə nailolma aspektində Ermənistanın daxili siyasi palitrası da maraq kəsb edən amildir. Yəqin razılaşarsınız ki, sülhə aparacaq ikitərəfli dialoqa daxildəki çeşidli siyasi qüvvələrin, eləcə də erməni ictimaiyyətinin münasibəti, yanaşması birmənalı deyil...    

– Tamamilə doğrudur. Suala Paşinyanın bir açıqlamasına əsaslanaraq cavab vermək istəyirəm. İki-üç gün bundan əvvəl parlamentdə çıxış edən Ermənistan baş naziri dedi ki, son illər biz Qarabağa çox vaxt ayırmışıq, böyük maliyyə vəsaitləri xərcləmişik, amma bunun əvəzinə gərək öz ölkəmizlə məşğul olardıq. Hər halda, bu açıqlama özündə reallığı əks etdirir. 

Təbiidir ki, cəmiyyətdə fərqli fikirlər də mövcuddur. Orada radikallar, revanşistlər, Qarabağ klanına bağlı qüvvələr də var. Amma mən belə düşünürəm ki, erməni ictimaiyyətinin əksəriyyəti Qarabağ mövzusuna o qədər də maraq göstərmir. Çünki, birincisi, ağır məğlubiyyətlə üzləşiblər. İkincisi, onlar üçün ən ağrılı tərəfi, çoxlu sayda itki vermələridir. Bununla, eyni zamanda, anladılar ki, Azərbaycan hazırda öz torpağındadır və bunu onların güvəndiyi böyük güclər də qəbul etdilər. Rusiyanın Ermənistanın tərəfində çıxış etməməsi çılpaq reallıqdır. Ermənistan ictimaiyyətinin dediyimiz sağlam düşüncəli kəsimi yen müharibənin başlanmasının tərəfdarı deyil. Yerli elektoratın müharibədə uduzan iqtidar partiyasına səs verməsi, Paşinyanı hakimiyyətdə saxlaması faktının özü deyir ki, cəmiyyət müharibəyə “yox!” deyir. 

Düzdür, Ermənistanda revanşist qüvvələr heç də zəif deyillər. Bu qüvvələr çoxdan Nikol Paşinyanı devirməyə çalışır və bunun üçün bütün vasitələrdən istifadə edirlər. Amma artıq bölgədə olduğu kimi, Ermənistan daxilində də vəziyyət, siyasi coğrafiya dəyişməyə məhkumdur. Həmin vəziyyəti Qarabağı bütünlüklə öz nəzarəti altına götürmüş Azərbaycan yaradıb. İndi dünyada bizim ərazi bütövlüyümüzü tanımayan dövlət yoxdur. Hətta “artsax respublikası”ndan dəm vuranların özləri belə arxivləşmiş bu qurumun Azərbaycandan kənarda olmasını irəli sürmürlər. Yeni reallığın bir çaları bundan ibarətdir. Buna görə də Ermənistanın daxilindəki müxtəlif təmayüllü qüvvələrin bəziləri ola bilsin ki, nisbətən daha fəaldır. Amma elektorat birmənalı şəkildə qan tökülməsinin əleyhinədir. 

– Ermənistan–Rusiya münasibətlərinə də nəzər yetirməyinizi istərdik. Son vaxtlara qədər bu münasibətlərin gərginlik səviyyəsi arxa planda saxlanılırdısa, indiki mərhələdə artıq açıq müstəviyə keçib. Paşinyan NATO üzvü olan qərbli tərədaşlarının təzyiqi ilə Ermənistanı Rusiyadan tamamilə qopara bilərmi? Azərbaycana təsirsiz ötüşməyəcək bu perspektivi necə dəyərləndirərdiniz?      

– Aşkar görünən mənzərə budur ki, Rusiya–Ermənistan münasibətləri əvvəlki səviyyədə deyil. Onu deməliyik ki, Qarabağ münaqişəsinin həllində Azərbaycanın dövlət başçısı Rusiyanı neytrallaşdırmağı bacardı. Burada vacib siyasi tədbirlərdən, uzaqgörən diplomatik addımlardan danışmaq olar. Məhz ikitərəfli münasibətlərin daha da yaxınlaşması istiqamətində görülən işlərin sayəsində bu neytrallığa nail olundu. Digər bir həqiqət də ondan ibarətdir ki, Moskva Azərbaycanın ədaləti bərpasına, öz torpaqlarını işğaldan azad etməsinə, sadəcə olaraq, göz yummaqla münasibət bildirdi. Bu faktın özü, təbiidir ki, İrəvanda müəyyən qıcıq əmələ gətirdi. Bu qıcığın nəticəsidir ki, Paşinyan Ermənistanın MDB-dən, KTMT-dən çıxacağını dəfələrlə bəyan edib. Hələlik siyasi ritorika səviyyəsində olan münasibət paraktiki addımlarla müşayiət olunmur. 

Digər tərəfdən, Paşinyan yaxşı başa düşür ki, bölgədə Rusiyanı əvəz edəcək ölkə yoxdur. Onun güvəndiyi, özünə tərəfdaş sandığı dövlətlər “uzaq sahillərdədir”. Rusiyanın hərbi bazası Ermənistanın ərazisindədir. Nəqliyyat, enerji sektorları bu ölkənin sərəncamındadır. Ölkəyə qaz birbaşa Rusiyadan nəql edilir. Moskva cəmi bir neçə günlüyə yuxarı Lars yolunu bağlayanda Ermənistan iqtisadiyyatı xeyli ziyana düşür. Yəni, Kreml İrəvanın nəzərinə çartdırır ki, sənə təsir göstərməkdən ötrü əlimdə ən müxtəlif rıçaqlar, ehtiyat vasitələr mövcuddur. Nə qədər ki, özünü normal, mülayim aparacaqsan, problem olmayacaq, əks-təqdirdə həmin rıçaqlar işə salınacaq. 

– Sonuncu sualımız: 2024-cü ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivini görürsünüzmü?

– Bəziləri hətta bu ilin sonuna qədər sülh sazişinin imzalanacağını proqnozlaşdırırdılar. Bu, uzunmüddətli bir prosesdir. Mən, sadəcə olaraq, onu deyə bilərəm ki, əgər İrəvan əngəllər yaratmasa, yeni problemlər ortaya atmasa, iki ölkə yaxın gələcəkdə, misal üçün, 2024-cü ilin əvvəlində sülhə gələ bilər. 

P.S. Hər şeydən göründüyü kimi, İrəvan hələ də düşdüyü labirintdən nicat yolunu uzaq sahillərdəki “Sem dayılarından” gözləyir. Okeanın o tayındakılardan əlini üzmək istəməyən Ermənistan isteblişmentinə bir el məsəlimizlə cavab verək: “uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır”. Qonşunun samanının dəyərini bilməkdə çətinlik çəkən İrəvanın diqqətinə həm də “uzaqdan zurna səsi xoş gələr” zərb-məsələni çatdırmağımız təkrar xatırlatma olaraq yerinə düşər.  

Söhbəti qələmə aldı: İ.HƏSƏNQALA, 

XQ



Siyasət