Ağ Evin qərarı: Qafqazda Azərbaycanla irəli!

post-img

31 il əvvəl qurulan münasibətlər bu gün zamanın sınağından çıxaraq reallığa köklənir

Məlum səbəblərdən bir qədər soyumuş Azərbaycan–ABŞ münasibətlərinin artıq istiləşməyə doğru getməsinin konturları görünür. Əlbəttə, bu, yaxşı haldır. Axı, iki ölkə arasında diplomatik münasibətlər Azərbaycan XX əsrin axırlarında dövlət müstəqilliyini bərpa edəndən az sonra, 1992-ci ilin fevralında qurulub və bir çox mühüm sahələri əhatə edir. 

Hər iki tərəfə yalnız siyasi və iqtisadi dividendlər gətirən, etibarlı əməkdaş­lığa söykənən münasibətlərdə ara-sıra anlaşılmazlıqlar yaransa da, problem Azərbaycanın ədalətli mövqeyi və ABŞ-ın Cənubi Qafqazda maraqlarını Bakı­sız yürüdə bilməyəcəyi qənaətinə gəlməsi ilə öz həllini tapıb. Bu dəfə də eyni hal yaşanır. Göründüyü kimi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi və qətiyyəti ermənipərəst konqresmenlərin bütün planlarını alt-üst etdi. Son bir ayın acı təc­rübəsi onu göstərdi ki, Ağ Evə üzqarası gətirəcək siyasi səhvləri yenə də Dövlət katibi Antoni Blinken düzəltməli olacaq.

Üzrxahlıq qəbul olundu 

Ötən ay ABŞ Konqresində Azərbaycan əleyhinə “alovlu” çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə kömək­çisi Ceyms O’Braynin Azərbaycana hansı təkliflər paketi ilə gəldiyi və burada nələri söyləyəcəyi maraqla gözlənilirdi. C.O’Brayn Bakıda Prezident İlham Əliyevlə görüşündə, faktiki olaraq, Konqresdə dediyi sözlərdən fərqli ampluada, üç həftə əvvəl ərz etdiklərin­dən imtina edirmiş kimi görünürdü. Bəzi eks­pertlər bunu Ağ Ev rəsmisinin Bakıdan üz­rxahlıq jesti kimi dəyərləndirirlər. Axı, onun noyabrın 15-də Konqresdəki həmin çıxışı Azərbaycandan daha çox supergücün təh­lükəsizlik maraqlarına, o cümlədən, Cənubi Qafqazda təsir imkanlarını artırmaq səylərinə zərbə vurmuşdu. Bakıda diplomatiya dərsi alan cənab O’Braynın İlham Əliyevlə görü­şündə ikitərəfli münasibətlərə vurduğu ziyanı “kompensasiya” etmək istəyi aydın sezilirdi. Elə onun “X” hesabında ABŞ–Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə konstruk­tiv danışığın baş tutduğunu yazmasını eti­raf kimi qəbul etmək olar. O, paylaşımında, eyni zamanda, Cənubi Qafqazda dayanıqlı və ləyaqətli sülhün bərqərar olmasının tarixi imkanlar açacağını vurğulayıb. C.O’Brayn, həmçinin Dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermə­nistan xarici işlər nazirlərini tezliklə Vaşinq­tonda qəbul etməyi səbirsizliklə gözlədiyini qeyd edib. 

Beləliklə, Ağ Evin “xüsusi tapşırıqlar üzrə elçisi” Ceyms O’Braynın Bakıda Pre­zident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlərində müzakirə olunan məsələlər ABŞ–Azərbaycan müna­sibətlərində birincinin günahı üzündən ya­ranmış anlaşılmazlığın aradan qalxdığını, ikitərəfli təmasların normal məcraya qayıt­dığını söyləməyə tam əsas verir. Konqresdə ermənipərəst “semlərin” təşkil etdiyi məlum anti-Azərbaycan müzakirələrlə bağlı rəsmi Bakı özünün prinsipial mövqeyini ortaya qoydu və ölkəmizlə münasibətləri bu tərz­də davam etdirməyin mümkünsüzlüyünü Vaşinqton isteblişmentinin nəzərinə çatdır­dı. Amma Ağ Evin O’Braynın üzrxahlığını rəsmi Bakının nə dərəcədə qəbul etməsinin Vaşinqtonun bundan sonra atacağı konkret addımlardan asılı olacağı birmənalıdır. 

ABŞ bölgədə sülhə töhfə verə bilər

Bəli, bölgədə öz hədəflərinə çatmaq üçün Vaşinqtonun Bakıya ehtiyacı var. Məhz buna görə indi Birləşmiş Ştatlar erməni lobbisinin korporativ maraqları naminə Azərbaycanla münasibətləri korlamağın, qarşıdurmanın yox, bərabər hüquqlu tərəfdaş kimi uzlaş­mağın marağındadır. Bakı, təbii olaraq, bu üstünlüyündən diplomatik müstəvidə yarar­lanır. İntəhası, o da bəllidir ki, son vaxtlar kommunikasiyaların harada və necə açılaca­ğı uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə transformasiya edilir. Bu isə o deməkdir ki, yaxın perspektivdə bölgə böyük güclərin qarşıdurma meydanına çevrilmək təhlükəsi ilə üzləşə bilər. 

“Vaşinqton yeni reallıqları nəzərə almaq­la, Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə öz töhfəsini verə bilər”. Bu sözləri Azərbaycan Prezidenti İl­ham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın diqqətinə çatdırıb. Həqiqətən də, Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yaratdığı yeni reallıq şəraitində sülhə nail olma şansı da artıb. ABŞ artıq bu reallığı qəbul edir. Ağ Evin Qafqazda Azərbaycan­sız irəliləməyin mümkün olmadığını dərk edərək, ikitərəfli münasibətləri irəliyə doğru aparmağa qərar verdiyini söyləyə bilərik.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Vaşinqton ABŞ–Azərbaycan münasibətlərində yaran­mış gərginliyi aradan qaldırmağa müəyyən mənada nail oldu: “Konqresdə Bakının ünva­nına səslənən hədə-qorxular, düşünülməmiş bəyanatlar, əlbəttə ki, Birləşmiş Ştatların mil­li maraqlarına xələl gətirirdi. Vəziyyəti düz­gün qiymətləndirən Vaşinqton münasibətləri sağlam və real istiqamətdə tənzimləməyə çalışır. Bunun nə dərəcədə davamlı olacağı­nı indidən demək çətindir. Hər bir halda hiss olunur ki, həmin O’Braynın Konqresdəki anti-Azərbaycan ruhlu çıxışı, ünvanımıza səsləndirilən məsuiliyyətsiz bəyanatlar daha çox daxili auditoriyaya hesablanmışdı. Yəni, ermənilərə lobbiçilik edənlər, guya, bununla onlara “can yandırdıqlarını” nümayiş etdi­rirlər. Amma ortadakı reallıq ABŞ-ı Azər­baycanla münasibətləri qoruyub saxlamağa, inkişaf etdirməyə sövq edir. Çünki Ağ Evin Cənubi Qafqazdakı bütün milli maraqları Er­mənistana deyil, Azərbaycana bağlıdır. Belə olduğu təqdirdə əgər ikitərəfli münasibətlər korlanırsa, bundan təkcə Azərbaycan itir­mir. İndiki məqamda daha çox itirən təfəf ABŞ-ın özüdür. Düşünürəm ki, bundan sonra həm Vaşinqtonda, həm də Bakıda məlum ha­disələrin fəsadlarını neytrallaşdırmağa, ziya­nı minimuma endirməyə çalışacaqlar”. 

Yaranmış indiki durumda Vaşinqton yeni reallıqları nəzərə almaqla, İrəvan–Bakı sülh dialoqunun müsbət sonluğa qovuşmasına öz töhfəsini verməklə, həm də bölgədə mövqe­yini möhkəmləndirmək şansını qazanacaq. Bunun üçün Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü, üzərində suverenliyini bərpa etdiyi Qarabağdan danışmağı dayandırmalı, bu mövzuya nöqtə qoymalıdır. 

İrəvan şansını düzgün dəyərləndirərsə...

Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunan C.O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, Ermənis­tanla Azərbaycan arasında kommunikasiya­ların açılmasına dair müzakirələrin davam etdirilməsini ABŞ-ın dəstəkləndiyini vur­ğulayıb. Onun dedikləri, əslində, ABŞ-ın Çindən Avropaya uzanan Orta dəhliz la­yihəsini Mərkəzi Asiyadan Avropaya çıxan Transxəzər marşrutu ilə əvəzləmək, eləcə də kommunikasiyanın İrəvanın istəyi nəzərə alınaraq açılması şərti ilə Ermənistanın da bu prosesdə iştirakını təmin etmək planıdır. Göründüyü kimi, ABŞ Dövlət Departamen­tinin rəsmisi Bakıya həm də konkret təkliflə gəlib. Azərbaycan Prezidenti bununla bağlı O’Braynlə görüşdə Bakının yanaşmasını or­taya qoyub. Dövlət başçımız Azərbaycanın Ağ Evlə transmilli layihələri, o cümlədən, Orta Dəhliz üzərində yeni əməkdaşlıq im­kanlarını müzakirə etməyə açıq olduğunu bildirib. Yəni, Azərbaycan bu istiqamətlərdə ABŞ-ın planlarına yox demir. Fəqət, bu za­man hansı tərəf qabağa düşərsə və Bakı üçün daha faydalı təkliflər irəli sürərsə, onunla iş­ləməyə üstünlük verəcək. 

İrəvan isə həm sülh sazişi, həm də Zən­gəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirəcəyi təqdirdə regional layihələrə qoşul­maq şansını əldə edə bilər. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəh­bəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, amerikalı diplomatın Azərbaycan əley­hinə məlum çıxışından sonra Xarici İşlər na­ziri Ceyhum Bayramov Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən imtina etdi, rəsmi Bakı Ağ Evin Azərbaycan və Er­mənistan arasında vasitəçiliyini kənara qoy­du: “Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Gözlənildiyi kimi, Bakıda Ceyms O’Bray­nla İlham Əliyev arasındakı görüşdə müna­sibətlərdəki müsbət məqamlar önə çəkildi. Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin ol­duğunu, müstəqillik illərində müxtəlif sahələr üzrə əlaqələrin qurulduğunu, xüsusilə ener­getika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. İkincisi, İlham Əli­yev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi. Ağ Ev rəsmisi İlham Əliyevin sözlərini təsdiqlədi. 

Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan və Azərbaycan arasında münasi­bətlərin normallaşmasını, sülh sazişi üzrə da­nışıqları dəstəklədiyini deyən O’Brayn danı­şıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırdı. O, bundan başqa Transxəzər Nəqliyyat Dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənis­tan ilə Azərbaycan arasında kommunikasi­yaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı”.

Politoloq daha sonra qeyd etdi ki, bütün bunlar azdır. Vaşinqton Azərbaycana verdi­yi əhəmiyyəti atacağı konkret addımlarda göstərməlidir: “O’Brayn, Ağ Evin digər rəs­miləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söyləmədikləri halda rəsmi Bakı Va­şinqtonun vasitəçiliyinə müsbət yanaşacaq və yalnız bu halda ABŞ paytaxtında görüşlər yenidən başlaya bilər”.

İkitərəfli münasibətlərin müsbət məcrada davam etdirilməsi üçün vacib şərtlərdən biri Azərbaycan rəsmilərinin də ABŞ-a səfərlə­rinin bərpa olunmasıdır. Bununla da ABŞ–Azərbaycan münasibətləri özünün əvvəlki konstruktiv səviyyəsinə qayıdır.

Bəs rəsmi Vaşinqton ABŞ Nümayən­dələr Palatasının Xarici əlaqələr komitəsinin üzdəniraq bəzi üzvlərinin təxribat xarakterli çıxış və bəyanatlarına siyasi qiymət, yaxud şərh verəcəkmi? Məntiqlə Bayden Admi­nistrasiyası bu faktı diqqətlə araşdırmalıdır. Çünki ABŞ-dakı zəngin və nüfuzlu erməni diasporunun, haylara lobbiçilik edənlərin de­zinformasiyadan yararlanmaqla Azərbaycana qarşı təcavüzkar və zərərli kampaniyasının səngiyəcəyinə heç kəs zəmanət verə bilməz. Xüsusilə, son üç ildə ermənilərə lobbiçilik edənlərin ABŞ-ın dövlət siyasətinə, milli ma­raqlarına potensial təhlükə mənbəyinə çevril­diyi göz qabağındadır. Son hadisələr göstərdi ki, bu zərərli təmayül, ilk növbədə, ABŞ və Azərbaycan arasındakı münasibətlərə xələl gətirir. Bakı səmimi etirafı qəbul etməklə Va­şinqtona tərəf özünün xoşməramlı addımını atdı. İndi növbə Ağ Evindir. 

İmran BƏDİRXANLI
XQ






Siyasət