Xəzər Şurası ideyası: fikirlər haçalanır

post-img

Lavrovun yeni təşəbbüsünün nə vəd etdiyi tam aydın deyil

Müstəqil daxili və xarici siyasət yü­rüdən Azərbaycan Respublikası region ölkələri ilə ikitərəfli və çoxtərəfli format­da əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmizin fəal iştirak etdiyi regional platformalara nümunə ola­raq Türk Dövlətləri Təşkilatını, Müstəqil Dövlətlər Birliyini, GUAM – Demokra­tiya və İqtisadi İnkişaf Naminə Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkila­tını, yeni yaranmaqda olan 3+3 formatını göstərmək olar.

Noyabrın 24-də Bakıda BMT-nin Mərkə­zi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi ölkəmizin hə­min platformada iştiraka da mühüm əhəmiy­yət verdiyinin göstəricisidir. Region ölkələri onların paytaxtlarında keçirilən tədbirlərdə Azərbaycanın iştirakında maraqlı olduqlarını açıq şəkildə bəyan edirlər.

Belə əməkdaşlıq formatlarından biri də qeyri-rəsmi olaraq Xəzəryanı ölkələr – Azər­baycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında qurulub. Beş ölkənin lider­ləri vaxtaşırı görüşlər keçirirlər. Bu görüşlə­rin nəticəsi olaraq 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı dövlətin başçısı beşinci Xəzər Zirvə top­lantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı imzalayıblar. 24 maddədən ibarət konvensiya üzərində 20 il­dən çox – 1996-cı ildən iş gedib.

2023-cü il dekabrın 5-də isə Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə bütün Xəzəryanı dövlətlərin xarici işlər nazirləri iştirak edib­lər. Toplantıda Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən, iqtisadi, ticarət, inves­tisiyalar, enerji təhlükəsizliyi, kommunikasi­yalar, ətraf mühitin mühafizəsi və sair sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Xarici işlər naziri Sergey Lavrov giriş nitqində bildirib: “Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaş­lıq yüksək səviyyəyə çatıb. Lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yüksəldil­məsi və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bugünkü iclas da məhz bu vəzifələrə həsr olunub. Biz Xəzər sammitlərinin qərar­larının həyata keçirilməsi kontekstində vacib olan mövzuların geniş spektrini müəyyən etmişik. Diqqətimizi praktiki məsələlərə və baxdığımız sənədlərin layihələrinə yönəldə­cəyik”.

Daha sonra Rusiya XİN başçısı yeni təşəbbüslə çıxış edib. Deyib ki, heç bir bü­rokratik sxemi olmayan (katibliklər kimi) əməkdaşlıq və dialoq forumu olan Xəzər Şu­rasının yaradılması ilə işin səmərəliliyini ar­tırmaq olar. S.Lavrov bu təşəbbüsün maraqlı müzakirəsini gözlədiklərini vurğulayıb.

O, həmçinin deyib ki, Xəzəryanı dövlət­lər arasında praktiki əməkdaşlıq Avrasiyada təhlükəsizliyin, sabitliyin və davamlı inkişa­fın təmin edilməsinə töhfə verir: “Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın də­rinləşməsi daha geniş mənada da aktualdır. Mən çoxqütblü dünya nizamının formalaş­masını dünya inkişafının yeni mərkəzlərinin mövqelərinin möhkəmlənməsi kontekstində nəzərdə tuturam. Bu kontekstdə Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiya qitəsində təhlükəsizliyin, sabitliyin və davamlı inkişa­fın təmin edilməsinə mühüm töhfə verir”.

Rusiyanın media qurumları məsələ ilə bağlı şərhlərində qeyd ediblər ki, S.Lavrovun təklifi xarici işlər nazirləri ara­sında qarşılıqlı əlaqələrin daha da sıxlaş­dırılmasını, qarşıya çıxan problemlərin, anlaşılmazlıqların operativ qaydada həllini nəzərdə tutur. Siyasi Təhlil və Sosial Tə­dqiqatlar Mərkəzinin direktoru Pavel Danilin qeyd edib ki, Rusiyanın iştirakı ilə bir sıra beynəlxalq tədbirlərin uğurla keçirilməsi, irəli sürülən təşəbbüslər, eləcə də Moskvada keçirilən görüşlər ölkəsinin təcrid olunmuş vəziyyətdə olmadığını göstərir: “Kreml ener­ji resursları ilə bağlı mövcud qlobal vəziyyə­ti nəzərə alaraq, Xəzəryanı ölkələr arasında təbii qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Dekabrın 5-də Moskva­da keçirilən görüş də Rusiya üçün Xəzəryanı qonşuları, o cümlədən, uzun illərdir sanksi­yalar altında olan İranla iqtisadi və strateji əməkdaşlığı müzakirə etmək imkanıdır”.

Postsovet Araşdırmaları Mərkəzinin Mərkəzi Asiya üzrə baş elmi işçisi Stanislav Pritçin qeyd edib ki, Rusiya Federasiyası ha­zırda Mərkəzi Asiya ölkələrinə münasibət­də xarici siyasətini yenidən qurur: “Avropa İttifaqı və bütövlükdə, Qərb istiqamətinin Rusiya üçün prioritet olmadığı bir vaxtda alternativ istiqamətlər axtarışı gedir. Buna görə də Avrasiyada, o cümlədən, Xəzərdə bütün dialoq platformaları yenilənir. Xəzər dialoqu çərçivəsində regionun potensialını və perspektivlərini reallaşdırmaq üçün iqtisadi və investisiya əməkdaşlığının intensivləşdi­rilmiş imkanlarının tapılması istiqamətində iş aparılır”.

Bəzi ekspertlər isə Lavrovun təklifinin arxasında Rusiyanın narahatlığının dayandı­ğını bildirirlər. Məsələn, Karnegi Fondunun Moskvadakı ofisinin əməkdaşı Kirill Krivo­şayev hesab edir ki, Rusiya yeni formatın yaradılması üzərində düşünərək Xəzər höv­zəsinə dənizə həmsərhəd olmayan ölkələri buraxmamaq üçün səylər göstərir: “Hansısa şura yarana bilər. Düşünürəm ki, bu şurada bir sıra problem xarakterli məsələlərin mü­zakirə mövzusu olması mümkündür. La­kin onun geniş imkanlara malik olacağına inanmıram. Regiona yeni oyunçuların daxil olmasının, yeni əməkdaşlıq proseslərinin ya­ranmasının qarşısını yeni yaradılan təşkilatla almaq mümkün deyil. Rusiya özü əməkdaşlı­ğa hazır olmalıdır. Moskva ya iştirakçı olma­lı, ya da özünü təcrid etməlidir”.

Sözsüz ki, Rusiyanın baş diplomatının təklifinin reallaşıb reallaşmayacağını, realla­şacağı təqdirdə nə dərəcədə səmərəli olaca­ğını zaman göstərəcək. Lakin qeyd etməliyik ki, bu təşəbbüs yeni deyil. Hələ 2021-ci ilin dekabrında S.Lavrov Xəzəryanı dövlət başçı­larının Aşqabadda keçiriləcək növbəti sam­mitində Rusiya tərəfindən Xəzər Şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini söyləmişdi: “Biz Xəzər Şurasının Həştərxan­da yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfin­dən bunun növbəti bürokratik struktur olaca­ğı ilə bağlı qorxuları var. Burada, yəqin ki, əsas məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı, sadəcə, müntəzəm qurum kimi təşkil etmək olar. Bu, təkcə Xəzəryanı ölkə başçıla­rının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır”.

Onu da bildirək ki, Azərbaycan Xəzərya­nı dövlətlər arasında əməkdaşlığın möhkəm­ləndirilməsinə hər zaman böyük önəm verir. Ölkəmiz Xəzər regionu çərçivəsində bey­nəlxalq hüquq normalarının, xüsusilə döv­lətlərin ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin rəhbər tutulmasının vacibliyini vur­ğulayır. Azərbaycan dənizdən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə isti­fadə üçün Xəzəryanı dövlətlər arasında möv­cud müqavilə-hüquq bazasının möhkəmlən­dirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa za­manda qüvvəyə minməsinin tərəfdarıdır.

Eyni zamanda, ölkəmiz dənizin ekoloji durumu ilə bağlı məsələləri diqqətdə saxlayır. Konvensiyada da qeyd edilir ki, irimiqyaslı dəniz layihələri həyata keçirilərkən ekoloji amil nəzərə alınmalıdır. Üstəlik, dənizin dibi ilə boru kəmərinin çəkilməsi zamanı bütün “beşlik” ölkələrinin razılığı tələb olunmur, təfərrüatlar boru kəmərinin keçdiyi dövlətlər tərəfindən razılaşdırılır. Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm problemlərdən biri Xəzərin dayazlaşması və bunun nəticə­sində yaranan ekoloji fəsadlardır. Qeyd edək ki, bununla bağlı da Prezident İlham Əliyev aidiyyəti üzrə ekspert qrupunun yaradılma­sı təşəbbüsü ilə çıxış edib. Hazırda Bakı­da ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparılır.

Göründüyü kimi, Azərbaycan zəngin neft-qaz yataqlarının yerləşdiyi Xəzə­rin dostluq və əməkdaşlıq hövzəsinə çevrilməsində maraqlıdır. Eyni zamanda, onun ekologiyasının, flora və faunasının qo­runması da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Xəzərlə bağlı təşəb­büsləri hər zaman dəstəkləyib. Ölkəmizin yeganə istəyi isə həmin təşəbbüslərin xoş məram daşıması olub.

İlqar VƏLİZADƏ, 
politoloq

Rusiya Xarici İşlər nazirinin irəli sürdüyü təklif, əslində, maraqlıdır. Çünki Xəzəryanı dövlətlərin başçı­ları müntəzəm olaraq görüşürlər, müxtəlif aktual məsələləri müzakirə edirlər. Nazirlər arasında da Xəzər Şurası adlanan əməkdaşlıq formatı qurulsa, görüşlər müəyyən çərçivə halını ala və sistemli xarakter daşıya bilər. Məsələn, Mərkəzi Asiya dövlət­lərinin başçıları arasında məşvərət xarakterli görüşlər keçirilir. Orada da heç bir katiblik yoxdur. Amma liderlər müntəzəm görüşür, müxtəlif məsələləri müzakirə edir, vacib qə­rarlar qəbul olunur. Növbəti görüşdə isə qərarların icrası istiqamətində görülən işləri təhlil edirlər. Xəzərya­nı ölkələrin XİN başçıları arasında da görüşlərin müəyyən gündəlik əsa­sında və hər dəfə bir ölkədə keçiril­məsi çox vacibdir.

Xüsusilə nəzərə almaq lazımdır ki, son illərdə Xəzər dənizi ilə bağ­lı ciddi proseslər yaşanır. Dənizin suyunun azalması dərin narahatlıq doğurur. Bu problemləri həll etmək üçün, əlbəttə, təxirəsalınmaz addım­lar atılmalıdır. Ən azı bununla bağlı görüşlərin keçirilməsi və qərarların qəbulu önəmlidir.

Səxavət HƏMİD
XQ



Siyasət