Son 28 ildə Birləşmiş Krallıq ölkə iqtisadiyyatına 83 milyard dollar sərmayə qoyub
Dünən Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib. Azərbaycanın energetika naziri, komissiyanın Azərbaycan tərəfindən həmsədri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri, komissiyanın Britaniya tərəfindən həmsədri Lord Malcolm Offordun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət strukturlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
Tədbiri Energetika naziri Pərviz Şahbazov açaraq iclasda aparılacaq müzakirələrin iki ölkənin maraqları baxımından yeni imkanlar açacağını bildirib. Nazir Azərbaycanla Birləşmiş Krallığı ənənəvi dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyini, dövlətlərarası əlaqələrin, iqtisadi-ticari, enerji, siyasi, sosial və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın hazırkı yüksək səviyyəsi və gündən-günə yeni məzmunla zənginləşməsinin xüsusi məmnunluq doğurduğunu bildirib. Qarşılıqlı rəsmi səfərlər və görüşlərin əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığı, imzalanmış ikitərəfli sənədlərin əlaqələrimizin mütərəqqi inkişafı üçün əlverişli siyasi-hüquqi zəmin yaratdığı qeyd edilib.
Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan nazir qeyd edib ki, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard dollar təşkil edib. 2023-cü ilin ilk 10 ayında isə bu göstərici 734 milyon dollar olub. Xarici ticarət əlaqələrinin göstəricisi olan bu rəqəmlərin heç də mövcud potensialı əks etdirmədiyini diqqətə çatdıran nazir, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün geniş imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə investisiya mühitinin davamlı şəkildə yaxşılaşdığını və bunun da xarici investorların marağına səbəb olduğunu bildirən P.Şahbazov onu da deyib ki, hazırda Azərbaycanın sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 662 Britaniya şirkəti fəaliyyət göstərir. Nazir Böyük Britaniya ilə əlaqələrin prioritet istiqamətlərindən olan enerji sektorunda uzunmüddətli və səmərəli əməkdaşlığın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd edib və BP-nin Azərbaycandakı fəaliyyətini bu baxımdan böyük uğur hekayəsi kimi dəyərləndirib. “Bu sahədə təkmilləşdirmə üçün geniş imkanlar var və bununla bağlı Ələt Azad İqtisadi Zonasının təklif etdiyi imkanları xüsusi qeyd etmək istərdim” – deyə nazir əlavə edib.
Ölkələrimiz arasında investisiya mübadiləsinin mövcud vəziyyətindən bəhs edən energetika naziri bildirib ki, Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investorudur. Qeyd olunub ki, 1995-ci ildən 2023-cü ilin 6 ayına qədər qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından təkcə Azərbaycanın enerji sektoruna 33 milyard dollar dəyərində investisiya yatırılıb.
Energetika nazirinin sözlərinə görə, Azərbaycandan Birləşmiş Krallığa 2 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Böyük Britaniyadan ölkəmizə idxal olunan əsas malların strukturuna gəldikdə isə, bunlar, əsasən, avadanlıq, nəqliyyat vasitələri, qara metallar, əczaçılıq və kimya məhsullarıdır. Ölkəmiz isə Böyük Britaniyaya, əsasən, xam neft, gübrə və müxtəlif avadanlıqlar ixrac edir.
Son illər ölkələrimiz arasında ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji sahəsində də əlaqələrin genişləndirildiyini bildirən Pərviz Şahbazov Azərbaycanın Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında “Təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ildə imzalanmış Anlaşma Memorandumu”nun bu kontekstdə böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd olunub ki, memorandumun şərtlərinin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb, digər sahələrlə yanaşı, enerji səmərəliliyi və bərpaolunan enerji, o cümlədən dəniz küləyi və hidrogen sahələrində məlumat və təcrübə mübadiləsi məqsədilə müntəzəm seminar və vebinarlar təşkil edilir.
Nazir daha sonra bildirib ki, hazırda Böyük Britaniya şirkətlərinin 4 layihədə iştirak etdiyi işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri tərəfdaşlığımızın əhatə dairəsinin və miqyasının genişlənməsinə əlverişli şərait yaradır: “Biz Böyük Britaniyanın bu ərazilərdə minaların təmizlənməsi ilə bağlı dəyərli töhfələrini xüsusilə yüksək qiymətləndiririk. Böyük Britaniyanın itkin düşmüş şəxslərin müəyyən edilməsi sahəsində böyük təcrübəsini nəzərə alaraq, biz bu sahədə də əməkdaşlığın qurulmasını alqışlayırıq, – deyə o, əlavə edib.
Energetika naziri, həmçinin vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq siyasi, iqtisadi, humanitar sahədə zənginləşərək güclənir ki, bu da əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Böyük Britaniyanın ixrac üzrə naziri Lord Offord isə çıxışında ölkəsinin Azərbaycanın müstəqillik tarixində ən böyük investor olduğunu vurğulayıb. Fikrini əsaslandıran nazir deyib ki, bugünə qədər Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə yatırıb. Bununla belə, nazir Böyük Britaniyanın növbəti 30 ildə Azərbaycana investisiya qoyuluşunu artırmağı və daha yüksək səviyyəyə çatdırmağı planlaşdırdığını diqqətə çatdırıb.
Britaniyalı nazir, həmçinin ölkəsinin texnologiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanla əlaqələri genişləndirmək niyyətində olduğunu bildirib. “Bizim texnologiya şirkətləri bu il Bakıda keçirilmiş astronavtika və innovasiya sammitlərində iştirak edib. Fevralda isə Bakıda kibertəhlükəsizlik sammiti keçirməyi və bütün startapları, həmçinin texnologiya şirkətlərini ora toplamağı düşünürük”, – deyə o qeyd edib. Bununla yanaşı, Azərbaycanın regionda Şərqlə Qərb arasında hab rolunu oynadığını vurğulayan Lord Offord ölkəsinin bu potensialdan istifadə etmək istəyini dilə gətirib.
İclasda komissiyanın 5-ci iclasından ötən dövr ərzində görülmüş işlərə nəzər salınıb, iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat, mina fəaliyyəti və itkin düşmüş şəxslərin müəyyən edilməsi, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit və iqlim dəyişikliyi sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan – Böyük Britaniya Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekununa dair Protokol və Azərbaycanın “Bridge” şirkətlər qrupu ilə Britaniyanın “Concrete Canvas Limited” şirkəti arasında eksklüziv distribütorluq müqaviləsi imzalanıb.
Mirbağır YAQUBZADƏ
XQ

