Qayıdışın Füzuli köçü davam edir

post-img

Növbəti köç karvanı ilə dünən yenidən qurulan Füzuli şəhərinə yola düşən 25 ailə olmaqla 80 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Ailələr qarşılandıqdan sonra açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin depar­tament direktoru Natiq Hüseynov, Qarabağ iqtisa­di rayonuna daxil olan işğaldan azad edilmiş əra­zilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi­nin əməkdaşı Eldar Seyidov və digər şəxslər işti­rak ediblər. 

Mərasimdə sakinlər hərtərəfli dövlət qayğı­sı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rə­şadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Sonda keçmiş məcburi köçkünlər sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq öz evlərin­də yerləşiblər. Xatırladaq ki, Füzuli şəhərinə qayı­dış 2023-cü il avqust ayının 18-də başlanılıb. Ötən müdətddə şəhərdə 333 ailə olmaqla 1186 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident İlham Əliyev bu il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə şəhərə köçmüş sakin­lər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək Füzulinin indi tamamilə yenidən qurulduğunu, yaşayış məhəlləsinin salın­dığını, bir neçə önəmli obyektin təməlinin qoyul­duğunu, burada yaşayanların sayının da təbii ki, getdikcə artacağını bildirib. Dövlət başçısı, eyni zamanda, ilin sonuna qədər Füzulidə, təqribən, 2 minə yaxın insanın yaşayacağı, Böyük Qayı­dış Proqramının birinci mərhələsinin yekunun­da – 2026-cı ilin sonunda isə 22 min insanın bu şəhərdə məskunlaşacağının nəzərdə tutulduğunu vurğulayıb. 

Bütün bunlar barədə əməkdaşlarımızın hazır­ladıqları irihəcmli yazılar qəzetimizin növbəti sa­yından etibarən oxucularımıza təqdim ediləcək.

XQ

Son xəbərlər