Sülhə doğru ümidverici addım

post-img

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. 

XQ açıqlamanı təqdim edir: “Azərbaycan Res­publikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə mü­nasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sa­zişinə nail olmaq niyyətini bir daha təsdiq edir. 

Azərbaycan Respublikası Prezidentinin Ad­ministrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair ra­zılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoş­məramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası, öz növbəsində, hu­manizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizəd­liyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respubli­kası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublika­sı Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad qu­ruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradıl­masına töhfə verəcək, bütün Cənubi Qafqaz regi­onuna müsbət təsir göstərəcək səylərini dəstək­ləməyə çağırırlar”.

***

Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Siyahıya Azərbaycan xalqına qarşı mü­haribə cinayətləri və bəşəriyyət əleyhinə ci­nayətlər törətmiş qondarma rejimin rəhbər­ləri daxil deyil. 

Azərbaycan Respublikası Prezidentinin Ad­ministrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhun­da, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfin­dən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barə­də razılıq əldə edilib. 

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut is­tiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxt­larda sərhəddə saxlanılmış şəxslər) artıq cəzala­rının böyük hissəsini çəkiblər.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukas­yan, Ruben Vardanyan, o cümlədən, Vaqif Xaça­turyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

Bu addım Azərbaycan Respublikasının Prezi­denti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hər­bçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nü­munəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administ­rasiyası və Ermənistan Respublikası Baş naziri­nin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.

Son xəbərlər