Azərbaycanın sülh prinsipiallığı – Prezidentin qətiyyət manifesti

post-img

İlham Əliyevin Ermənistanla münasibətlər baxımından irəli sürdüyü məqamlara baxış 

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Mü­nasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışı və forum iştirakçılarının çoxsaylı suallarına cavabları müstəvisində Azərbaycan-Ermə­nistan münasibətlərinin hazırkı durumu, Cənubi Qafqazda sülh gündəliyi və perspektiv vəziyyətlə bağlı bir sıra cəhətlərin diqqətə çatdırılmasına ehtiyac var. Qeydlərimiz də elə bu barədədir. 

Selektiv yanaşma, ikili standartlar və sülhün Azərbaycan qarantı 

Əvvəla, dövlətimizin başçısı bildirir ki, ölkəmiz Qarabağın azadlığına BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifa­də etməklə qovuşub. Bu məqamın vurğu­lanması çox vacibdir. Çünki Ermənistan və havadarları beynəlxalq platformalarda elə rəy formalaşdırırlar ki, guya, Azərbay­canın Qarabağa sahiblənməsi, o cümlə­dən ölkəmizin bölgədə bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri işğalçılıqdır. Mövcud səbəbdən də Prezident vurğulayır ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələrlə müəyyən anlaşılmazlıq yaşayırıq: “Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin”. 

Bəli, dövlətimizin başçısının haqqında söz açdığı selektiv yanaşma dünyadakı ikili standartlar siyasətinin nəticəsidir. Bu siyasət özünü həm də Azərbaycan-Er­mənistan sülh prosesinə münasibətdə göstərməkdədir. Mövcud xüsusda da cənab İlham Əliyevin vurğuladıqları son dərəcə önəmlidir. Amma hesab edirik ki, Prezidentin forumda dilə gətirdiyi bir ifadə Cənubi Qafqazda sülh və əmin-amanlığa gedən yolun Ermənistan seqmentini əhə­miyyətsizləşdirir. Yəni, İrəvan istəsə də, istəməsə də, sülh olacaq və bunun təmi­natı Azərbaycandır: “Əvvəla, biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail ol­maq olar, biz bunu nümayiş etdirdik”. 

Azərbaycan bütün beynəlxalq ak­torların, ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədr ölkələrindəki təmsilçilərinin sülhün müharibə yolu­nun olmadığına dair fikir və mülahizələ­rinə rəğmən, öz torpaqlarını işğaldan azad etdi. Lakin görürük ki, həmin ak­torlar uzun illər həyata keçirdikləri er­mənipərəst xətti hazırda haqqında söz açdığımız sülh prosesinə nəzərən də gerçəkləşdirməyə cəhd göstərməkdədir­lər. Buna görə ölkəmizin rəhbəri, kifayət qədər, açıq danışır: “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoş­layıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev forumdakı çıxışında ölkəmizin Avropa İttifaqına üzvlüyü hədəfləmədi­yini dilə gətirib. Hesab edirik ki, bu da son dərəcə vacib məqamdır. Ona görə ki, Azərbaycanı quruma daxil etməzlər. Məsələyə belə aydınlıq gətirən dövləti­mizin başçısının fikirləri həm də indiyə­dək Aİ-nin respublikamıza qarşı tutduğu mövqedən qaynaqlanır. Deməli, cənab İlham Əliyevin reallığı əsas götürməsi dərin rasional düşüncə məhsuludur. Ha­zırkı reallıq isə budur ki, Azərbaycanla Ermənistan arasında sülh vasitəçiliyini gerçəkləşdirmiş Aİ eynilə ATƏT-in Minsk qrupunun yolunu getməkdə, erməni avantürizmi üçün plasdarm formalaşdır­maqdadır. Daha doğrusu, belə bir “plas­darm” üçün dəstək verməkdə. Bu, özünü Aİ Şurasının prezidenti Şarl Mişelin va­sitəçiliyinin Qranada sonluğunda daha qabarıq göstərməkdədir.

Qranada sammiti və Cənubi Qafqazda anti-sülh platforması 

Bəli, Avropa İttifaqı vasitəçiliyini Fransa­nın ermənipərəst ritorikasına qurban vermiş durumdadır və mövcud anlamda Avropa Si­yasi Birliyinin bu il oktyabrın 5-də keçirilmiş Qranada sammiti, bir növ, kulminasiya anı idi. Məlum olduğu kimi, İlham Əliyevin iş­tirak etmədiyi həmin sammitdə Aİ Şurasının prezidenti Ş.Mişel, Fransa prezidenti Emma­nuel Makron, Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan müştərək sənədlər imzalamış, öz aləmlərində Bakı-İrəvan sülhü üçün “yol xəritəsi” müəy­yənləşdirmişdilər. Bu trayektoriyada başlı­ca xətti isə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatlar təşkil etmişdi. O təminatlar ki, Azərbaycanın bölgə üzərində suverenliyini şübhələndirir və beləliklə, Ermənistanın Qarabağ avantüriz­minin davamı üçün zəmin formalaşdırırdı. Deməli, Qranadada məqsəd ölkəmizi məsələ­nin belə şəkillənməsi ilə razı salmaq imiş. Heç şübhəsiz, bu sayaq yolverilməz yanaşma Fransanın irəli sürdüyü “strateji xətdir”. Elə Azərbaycan Prezidentinin də Qranadaya get­məməsinin səbəblərinə aydınlıq gətirərkən üzərində dayandığı başlıca məqam Parisin ermənipərəstliyi, özünü aşkar tərəf kimi göstərməsidir. 

Dövlətimizin başçısının münasibəti bir daha onu söyləməyə əsas verir ki, Aİ-nin vasitəçilik missiyasını pozan məhz Fransa­dır: “Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezi­denti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən is­tifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq va­sitəçi olmaq şansı əldən buraxıldı. Biz rəs­mən bəyan etdik, artıq düzgün, yaxud mü­nasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak et­sin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim”.

Ermənistan nəyə təminat verməlidir?

Bəs, hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar hansı durumdadır və nələr əsas götürülməlidir? Hesab edirik ki, Prezi­dent İlham Əliyevin forumda mövcud xü­susdakı bildirdikləri həlledici əhəmiyyət da­şımaqdadır. Dövlətimizin başçısı vurğulayır ki, iki ölkə arasında imzalanacaq sülh sazişi beynəlxalq ekspertlər tərəfindən lazımi şəkil­də araşdırılmalıdır. “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Er­mənistana əl uzatdıq”, – deyən cənab İlham Əliyevin fikirləri Azərbaycanın xoş niyyə­tinin qarşı tərəfdən geri çevrildiyinin təs­diqidir. Ancaq hazırda ölkəmizin İrəvana uzatdığı əl dövlətimizin başçısının barəsində danışdığı beş prinsipdir: “İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiter­ror əməliyyatına ehtiyac qalmazdı. Bu tarix­dir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

Bəs, sülh üçün nə lazımdır? Prezident “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiy­yətlər və Çətinliklər” Forumundakı çıxışında mövzuya əhatəli toxundu. Əlbəttə, onun söy­lədiklərinin hər biri vacibdir. Ancaq hesab edirik ki, Cənubi Qafqazda sülhün və əmin-amanlığın təminatı baxımından ən ümdə məqam Ermənistanın yenidən Azərbaycana qarşı çıxmamasıdır. Çıxmırmı? Rəsmi İrə­van bütün beynəlxalq platformalarda özünün anti-Azərbaycan ritorikasını qabardır. Bu isə aşkar revanşistləri “hərəkətə” gətirilir. Nəticədə ikincilərin destruktiv baxışları Er­mənistan rəhbərliyinin Azərbaycan əleyhinə çağırışları ilə çulğaşır. Ona görə də Prezident İlham Əliyev bildirir ki, “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”. 

Sülhün 5 prinsipi, “müşavirlər” və yol

Bəli, sülh üçün Ermənistanın Azərbay­canın irəli sürdüyü prinsipləri qəbul etməsi şərtdir. Baş nazir Nikol Paşinyan da çıxış­larında prinsiplərdən danışır. Xatırladaq ki, Nikolun üçlü prinsip məntiqi var: Birincisi, hər iki ölkənin bir-birinin ərazi bütövlükləri­ni tanımaları, ikincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında ölkələrin sərhədləri­nin təsdiqlənməsi, üçüncüsü isə suverenlik və bərabərlik əsasında regional kommunika­siyaların fəaliyyətinin bərpası. Azərbaycan Prezidenti isə forumdakı çıxışında qətiy­yətli şəkildə bəyan edir ki, Naxçıvana asan çıxış yolu olmalıdır və bu, ölkəmizin legitim hüququdur. 

Deməli, Naxçıvana yol Azərbaycan və Ermənistan arasındakı sülhün başlıca prinsipi halına gəlməkdədir. Qeyd edək ki, sözüge­dən yol Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2023-cü il tarixli üçtərəfli Bəyanatda da əksini tapıb. O bəyanatda ki, hazırda İrəvan ondan imtina etmiş kimi görünür və sənədə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən bo­yun qaçırır. Öhdəlik isə çox sadə şəkildə ifa­də olunmaqdadır – Azərbaycanın digər əra­zilərini Naxçıvanla birləşdirən yol açılmalı, İrəvan buna təminat verməli və həmin yolda təhlükəsizlik Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunmalıdır. Paşinyan və komandası məhz bu sonuncu məqamı ölkənin ərazi bütövlüyünə və suverenliyinə zidd kontekstdə dəyərləndirir, məsələni Ba­kının sülhdən yayınması kimi qiymətləndirir, eyni zamanda, onu Qərbin anti-Rusiya kök­lənişinin seqmenti halına gətirməklə, aşkar manipulyasiyaya yol verir. Bu işdə isə erməni iqtidarına Prezident İlham Əliyevin təbirin­cə desək, Avropadakı “müşavirləri” kömək göstərirlər. 

Yeri gəlmişkən, o “müşavirlər” təkcə Av­ropada deyil, ABŞ-da da var. Məsələn, ABŞ Dövlət Departamentinin rəhbərinin köməkçi­si Ceyms O’Braynın özünü sözügedən “amp­luada” aparması məlumdur. Cənab O’Brayn bir müddət əvvəl Birləşmiş Ştatlar Konqre­sinin Nümayəndələr Palatasında keçirilmiş Qarabağ dinləmələrində Bakı və İrəvan ara­sındakı sülh prosesinə toxunmuş və olduqca amiranə tərzdə bildirmişdi ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol Ermənistan ərazisindən keçməlidir. Halbu­ki, ölkəmiz məsələnin sırf bu şəkildə deyil, üçtərəfli bəyanatdakı kimi qoyuluşunu əsas götürür və Paşinyan hakimiyyətinin öhdəlik­lərindən imtinası şəraitində yolun İran əra­zisindən keçməsini irəli sürür. C.O’Braynın sözləri isə onu deməyə əsas verir ki, ABŞ bununla razılaşmır və Azərbaycana təzyiqi düşünür. Düşünür və O’Brayn bildirir ki, Bakının inadı Birləşmiş Ştatların onunla mü­nasibətlərini korlamasına gətirib çıxaracaq. Azərbaycanın Xarici İşlər Nazirliyinin cava­bı isə göstərir ki, ölkəmiz Ağ evin Dövlət De­partamenti rəsmisinin dili ilə ifadə olunmuş yanaşmasından qətiyyən çəkinmir. Əslində, Prezident İlham Əliyevin də mövqeyi döv­lətimizin sözügedən məsələyə münasibətin­dəki qətiyyətinin və prinsipiallığının növbəti göstəricisidir. 

Naxçıvana yol, Kalininqrad təcrübəsi və Ermənistan üçün böyük itki

Bəli, dövlətimizin başçısının prinsipiallı­ğı aşağıdakı fikirlərdə tam şəkildə əksini tap­maqdadır: “Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik mə­safədə dəmir yolu çəksinlər. Biz bunu, əslin­də, onların suveren ərazisi hesab edirik və su­verenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olma­lıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Onu da vurğulayaq ki, Azərbaycan Pre­zidenti “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışı zamanı Naxçıvana yol xüsusundan danışarkən, Azərbaycan – Ermənistan sülh nizamlaması müstəvisində indiyədək səs­lənməyən bir məqamı da gündəmə gəti­rib. Ölkəmizin rəhbəri bildirib ki, baş nazir N.Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən biri Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsi olub. Lakin Paşin­yan bunu istəməyib: “Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. On­lar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bə­yanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyə­cəyik. Bu, necə ola bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitli­yi, regiondakı proqnozlaşdırmanı daha da çə­tinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.

Göründüyü kimi, Prezident İlham Əliyev ABŞ-a da layiqli cavab verir. Cavab verir və haqqında söz açdığımız üçtərəfli bəyanatı əsas götürür. Daha doğrusu, orada Ermənis­tanın Naxçıvana yolla bağlı öhdəliyini. Bəs, öhdəliyi yerinə yetirməmək İrəvan üçün hansı nəticələri doğuracaq? Söhbət, əlbəttə ki, mənfi nəticələrdən gedir. Cavabı dövləti­mizin başçısının izahı fonunda dilə gətirdiyi fikirlərə əsasən verəcəyik. “Mən Ermənis­tanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə (2020-ci il 10 noyabr tarixli Bə­yanatın – red.) uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə ya­radılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq müm­kün deyil. Nə həmin marşrut var, nə də Ru­siyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi ye­rinə yetirmirlər”, – deyən Azərbaycan Prezi­denti Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın Naxçıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılı­ğa gəlindiyini vurğulayıb. Mövcud istiqamət­dəki detallara toxunan ölkəmizin lideri deyib ki, Ağbənd kəndində (Zəngilan – red.) avto­mobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib, sonra dəmir yolu nəq­liyyatı üçün körpü də inşa ediləcək. Bütün bunların fonunda isə itirən tərəf Ermənistan olacaq. Çünki İran ərazisindən Naxçıvana yol nəinki “Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edə­cək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu, o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermə­nistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyala­rın açılmasından məhrum edir”.

Ermənistanın seçim şansı: sülh, ya da ... sülh

Yekunda belə qənaət hasil olur ki, Prezi­dent İlham Əliyev “Qarabağ: 30 ildən son­ra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumundakı çıxışında Azərbaycan və Er­mənistan arasındakı sülh gündəliyi ilə bağlı məsələləri vurğulayaraq, birincisi, ölkəmizə mövcud müstəvidə hansısa kənar təzyiqin yolverilməzliyinə dair mesaj verdi, ikincisi qətiyyətli mövqeyimizi bir daha Ermənis­tanın və havadarlarının diqqətinə çatdırdı, ən əsası isə həm həm birinci, həm də ikinci cəhəti vurğulamaqla, habelə, sülh gündə­liyinə dair bütün təfərrüatları açıqlamaqla “topu” İrəvana ötürdü. Deməli, bundan sonra sülh barədə düşünmək növbəsi Ermənista­nındır. Azərbaycan düşündüyünü düşündü və xoş niyyətini göstərdi. Daha dəqiq desək, göstərib qurtardı. İndi qarşı tərəf cavab ver­sin. Yəni, xoş məramını, gerçək sülh istəyini açıqlasın. Təbii ki, kənar qüvvələrin təsirinə düşməyib, müstəqil qərar verməklə, yalnız özünün maraq və mənafelərini düşünməklə. 

Əvəz RÜSTƏMOV
XQ

Siyasət