Dünən Qərbi Azərbaycan İcması “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirib.
“Azərbaycanlıların Ermənistandan zorla köçürülməsi: tarixi və miqyası” mövzusunda keçirilmiş panel iclasda çıxış edən QAİ-nin sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən Qayıdış Konsepsiyasının məqsəd və hədəfləri barədə məlumat verib.
Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Ermənistandan zorla köçürülmüş azərbaycanlıların qayıdış hüququna dəstəyini bildirərək, İcmanın sülhsevər yanaşmasını təqdir edib. AMEA-nın elmi işçisi Nazim Mustafa, ADA Universitetinin əməkdaşı Maksim Qoən, Ankara Universitetinin professoru Yıldız Bozkuş, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əli Əsgər azərbaycanlıların Ermənistandan zorakı üsullarla qovulması və soyqırıma məruz qalması mövzusunda məruzələrlə çıxış ediblər.
“Qayıdış hüququ və repatriasiya: Hüquqi və siyasi çərçivə” mövzusunda keçirilən ikinci paneldə çıxış edən Yunanıstanın Saloniki Universitetinin hüquq fakültəsinin dekanı Panayotis Qlavinis, İtaliyanın Peruca Universitetinin əməkdaşı Daniel Pommier Vinçelli, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqo, Tirana Jurnalistika peşəkarlığı Mərkəzinin icraçı direktoru Krisafi Ledion çıxışlarında dünyada köçkünlük problemi və qayıdış hüququ mövzularına toxunublar.
“Qayıdış hüququ: nailiyyətlər və praktikada çətinliklər” adlı sonuncu paneldə çıxış edən İndoneziya Üləma Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Səfir Bunyan Saptomo, “Ortaq Gələcəyə Malik İcma” Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm, “Əlcəzair-2” Universitetinin professoru Çakib Benhafri, İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi, Rusiyanın “BRICS və Şanxay Əməkdaşlığı Təşkilatı” İnnovativ Diplomatiya Mərkəzinin baş direktoru Nina Ladıqina-Qlazunova, Macarıstanın Dövlət Qulluğu Universitetinin əməkdaşı Zoltan Eqeresi müxtəlif regional kontekstlərdə qaçqınlıq və məcburi köçkünlük və geri qayıtma halları barədə məruzələrlə çıxış ediblər.
Tədbirdə Qərbi Azərbaycan İcmasının yekun nitqi ilə çıxış edib.
Yekunda Müşahidə Şurasının sədri, professor Misir Mərdanov diqqətə çatdırıb ki, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sülh və ədalətin bərqərar olması üçün mühüm şərtdir.
Konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak ediblər.
XQ