Yasin Qaraməmmədli – 85
Dünən Azərbaycan Mətbuat Şurasında ölkənin media, elm və təhsil ictimaiyyətinin təmsilçiləri Əməkdar jurnalist, tanınmış filosof və təcrübəli pedaqoq Yasin Qaraməmmədlinin anadan olmasının 85 illiyini sayğı-sevgi ilə qeyd etdilər.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yubiliyarın 60 ildən artıq bir dövrü əhatə edən jurnalistlik və elmi-pedaqoji fəaliyətini, yürdsevər və xeyirxah bir ziyalı olaraq cəmiyyətdə geniş nüfuz qazanmasını öz xalqına ləyaqətli xidmət örnəyi kimi dəyərləndirdi. Azərbaycan teleradio məkanının ilk beynəlxalq şərhçilərindən biri olan Yasin Qaraməmmədliyə milli jurnalistikamız qarşısında çoxillik səmərəli xidmətinə görə AMŞ-nin yubiley diplomonu təqdim edən qurum sədri ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı.
Toplantıda bildirildi ki, qədim Borçalının Muğanlı obasında doğulub-böyümüş Yasin Qaraməmmədli Pedaqoji Universitetdə ali təhsidən sonra birneçə il orta məktəblərdə dərs deyib. O, sonrakı illərdə mətbuatda çalışmağa başlayıb, elmi-pedaqoji fəaliyyətini isə məzunu olduğu ali məktəbdə davam etdirib. 1964-cü ildən peşəkar jurnalist fəaliyyətinə Baş Mətbuat İdarəsində başlayan istedadlı qələm sahibi az sonra Dövlət Teleradiosuna dəvət edilib, on illər boyu burada tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktor müavini vəzifələrində çalışıb. Yubiliyar çoxillik xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, Azərbaycan Prezidentinin Fəxri Diplomuna layiq görülüb.
Yasin Qaraməmmədli elmdə, ali təhsildə olduğu kimi, jurnalistikada da çoxsaylı davamçılarını yetişdirib, onlara uğurlar qazanmaqda hərtərəfli dəstəkçi olub. Toplantıda çıxış edənlərin əksəriyyəti də elə ustad ziyalının tələbələri, filosof və jurnalist davamçıları oldu.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədli, AMŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, Əməkdar jurnalistlər İlyas Adıgözəlli, Rəhim Hüseynzadə, Əminə Yusifqızı, İttifaq Mirzəbəyli, media təmsilçiləri Paşa Əmircanov, Şəlalə Məhyəddinqızı, Dilşad Tahirqızı, Səyavuş Hüseynli, Arzu Bayramova, Mehman Vəliyev, Tofiq Rüstəmli, Tamxil Ziyəddinoğlu, Şəfayət Əliyev, alim-pedaqoqlar Əlisa Əhmədov, Rafail Əhmədli, Mütəllim Rəhimli və başqaları Yasin Qaraməmmədlini fədakar jurnalist, zəkalı və yüksək əxlaqlı müəllim, milli düşüncəli filosof kimi səciyyələndirdilər.
Mərasimdə belə bir arzu da səsləndi ki, yubiliyar çoxsahəli fəailyəti ilə bağlı zəngin xatirələrini yazıb, yeni nəsillərə örnək olan bir həyat yaşamış, təcrübəli bir ziyalnın həyat hekayəti kimi təqdim etsin.
Sonda Yasin Qaraməmmədli toplantı iştirakçılarına xoş sözlərə və keçdiyi ömür yoluna verdikləri yüksək dəyərə görə təşəkkürünü bildirdi. O, ölkəmizin Qarabağ qələbəsini görməsini talenin ən xoş qisməti adlandırdı, xalqımıza layiq olduğu daha xoş günlər arzuladı.
T.RÜSTƏMLİ
XQ