Fransanın Ermənistanı silahlandırması artıq günümüzün aşkar reallığı kimi özünü göstərməkdədir. Fransa Senatı məsələni müzakirəyə çıxarıb. Paris yüksək effektivliyini nəzərə alaraq SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib.
Mövzu ilə bağlı Fransa Senatının məlumatına diqqət yetirəndə, elə bilirsən ki, xəbəri yayan ali qanunverici orqan yox, hansısa hərbi strukturdur. Diqqət yetirək, məlumatda bildirilir ki, Ermənistana “MISTRAL 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir. Senat, həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistandadır və onlara hazırda istehsal olunan eyni tipli daha 26 maşın qoşulmalıdır.
Qeyd edək ki, Ermənistanla Fransa arasında silahların tədarükü ilə bağlı razılaşma bu ilin oktyabrında Parisdə ölkələrin müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornyu arasında keçirilmiş görüşdə əldə olunub. Fransa Senatı bildirir: “Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı bu fərq, əslində, Ukraynadakı müharibənin göstərdiyi kimi, o qədər də praktiki deyil. Gəlin, eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Ona görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı müraciətlərinə dərhal cavab verməliyik”.
Göründüyü kimi, Fransa Senatı Ermənistana silah verilməsi məsələsinə həssas yanaşmağa çağırır və faktiki olaraq, əvvəllər bu məsələdə səhvlərə yol verildiyini etiraf edir. Senatın məlumatı rəsmi İrəvanın Parisə silah-sursat almaq üçün yeni müraciətinin mövcudluğundan da xəbər verməkdədir. “Əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması yolverilməzdir”, – deyən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bir müddət əvvəl səsləndirdiyi bu fikirlə məsələyə ATƏT-in Parlament Assambleyasının prezidenti Pia Kaumanın diqqətini çəkmişdi.
Bəli, Ermənistanın sürətli silahlandırılması Cənubi Qafqaz regionunda sülhün əldə edilməsinə mənfi təsir göstərməkdədir və bölgədə yeni müharibə riskini aktuallaşdırır. Azərbaycan rəsmiləri dəfələrlə bununla bağlı narazılıqlarını dilə gətiriblər. Xüsusən də Bakı və İrəvan arasında sülhün əldə edilməsinin müzakirə olunduğu hazırkı dövrdə Fransada səslənən bəyanat və fikirlər onu göstərməkdədir ki, bu ölkə regionda barış mühitinin qərarlaşmasını qətiyyən istəmir. Ümumən, kollektiv Qərb Azərbaycanın və Ermənistanın sülhə gəlməsindən danışır, həmin Qərbin təmsilçisi olan Paris tamam başqa havalardadır. Burada Fransanın özbaşına davrandığını, yoxsa təmsil olunduğu komandanın maraqlarından çıxış etdiyini müəyyənləşdirmək çətinləşir, şübhələr yaranır. Axı, ABŞ Konqresində bu günlərdə keçirilmiş dinləmələrdə də Ermənistanın etibarlı müdafiəsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı. Hərçənd, mövcud istiqamətdə Birləşmiş Ştatların Fransa qədər “irəli getdiyini” söyləmək mümkünsüzdür.
***
Həqiqətən də, Fransa Ermənistanı silahlandırmaq, guya, ölkənin müdafiə qabiliyyətini yüksəltmək naminə diskussiyalarda daha aktivdir və niyyətini əməli iş müstəvisinə gətirməkdədir. Bir qədər əvvəl müdafiə nazirləri Suren Papikyan və Sebastyan Lekornyu arasında keçirilən görüşdən söz açdıq. Oktyabrın 23-də Parisdəki həmin görüşdə tərəflərin imzaladıqları hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat alacaq. Yeri gəlmişkən, GM200 radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. Parisdə Ermənistanın müdafiə naziri S.Papikyanla keçirdiyi birgə mətbuat konfransında S.Lekornyu bildirmişdi ki, hazırda Ukraynada istifadə edilən bu radar sistemi “müstəsna aşkarlama imkanları” ilə tanınır. “Erməni xalqının tarixinin çətin anlarında olduğu kimi, bu gün də Ermənistan ətrafındakı mürəkkəb hərbi-siyasi vəziyyətdə Fransa və fransız xalqı bizim tərəfimizdədir. Bu təqdirəlayiqdir və buna görə mən bir daha minnətdaram”, – deyən S.Papikyanın başqa nələrdən danışdığı bir o qədər önəmli deyil.
Onu da deyək ki, Ermənistan müxtəlif illərdə də Fransa ilə hərbi əməkdaşlıq sazişləri imzalayıb. Ancaq haqqında söz açdığımız saziş İrəvanın bir Qərb ölkəsi ilə imzaladığı ilk böyükmiqyaslı müqavilədir. Ona görə də rəsmi Bakı məsələni regionda destruktiv fəaliyyət kimi qiymətləndirməkdə tam haqlıdır. Həm də ona görə haqlıdır ki, Lekornyu özünün sosial media hesabından verdiyi açıqlamada ölkəsinin Ermənistanın silahlandırılması işini, bir növ, ilahiləşdirmiş, prosesə müqəddəslik siması qazandırmağa çalışmışdı. Məsələn, “Ermənistan özünü müdafiə etməli və xalqını qoruya bilməlidir” kimi fikirlər bölüşən fransız nazir əlavə etmişdi ki, Fransa Ermənistanın qurudan müdafiə qüvvələrinə təlim keçəcək, ordunun islahatına və modernləşdirilməsinə dəstək verəcək, fransalı bir zabit Ermənistanın Müdafiə Nazirliyinə hərbi məsləhətçi kimi göndəriləcək.
Əlbəttə, bütün bunlardan, həmçinin, Fransanın və Ermənistanın müdafiə nazirlərinin “Mistral” qısa mənzilli hava hücumundan müdafiə raketlərinin alınması ilə bağlı niyyət memorandumu imzalamalarından da sonra S.Lekornyunun silahların müdafiə xarakteri daşıdığını qeyd etməsi, “bu, öz təbiətinə görə yalnız Ermənistan ərazisinə təcavüz olduqda və əksər hallarda mülki əhali hücum altında olanda müdafiəni həyata keçirən silah sistemidir” deməsi tam mənasızdır. Aydındır ki, məqsəd yalnız müdafiə deyil, həm də hücumdur, daha doğrusu, müharibə aparmaqdır. Diqqət yetirək, “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkara çıxarmaq funksiyasına malikdir. Nəzərə alaq ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonrakı eskalasiyalarda Azərbaycan Ermənistanın hava hücumundan müdafiə qoşunlarının texniki vasitələrinin çoxunu sıradan çıxarıb.
Fransanın Ermənistana verdiyi silah-sursat və hərbi avadanlıqların, o cümlədən, belə demək mümkünsə, Lekornyu – Papikyan paktında nəzərdə tutulanların miqyası Parisin İrəvanı gerçək savaşa hazırladığı barədə fikir yürütməyə imkan verir. Fransız mediası məsələyə bir qədər fərqli aspektdən yanaşaraq, bəlkə özü də fərqinə varmadan bu rəyi formalaşdırır. Məsələn, “Le Monde” qəzetini götürək. Qəzet Fransa – Ermənistan hərbi sazişinin imzalanmasından sonra yayımladığı məqalədə bu müqaviləyə radar və zenit-raket komplekslərinin satışı ilə yanaşı, Fransanın Ermənistana dəstəyi üçün təlimlərin də daxil olduğu xatırladılıb və ikincinin bu xərcləri necə ödəyəcəyi məsələsini gündəmə gətirib. “Le Monde”nin yazdığına görə, məsələ Ukraynaya hərbi yardımda olduğu kimi, yalnız silah tədarükündə deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdədir: “Amma İrəvanın onların pulunu necə ödəyəcəyi hələ məlum deyil”.
Əlbəttə, Ermənistanın heç bir vəsaiti yoxdur ki, Fransa ilə hərbi əməkdaşlıq çərçivəsində ondan aldığı silahların dəyərini ödəyə bilsin. Bu, bir daha onu göstərir ki, Ermənistanın silahlandırılması məsələsi siyasi məzmun daşımaqdadır və qlobal məqsədlərə köklənib. Görünür, Qərb dünyası Fransanın sabiq prezidenti Fransua Ollandın iki ay əvvəl söylədiklərindən nəticə çıxarıb. Olland vurğulamışdı ki, Ermənistanı tərk etmək Fransa üçün rəzalət, Avropa üçün isə utanc hesab edilər. Mövcud kontekstdən yanaşsaq, Fransa Senatının çağırışı utancdan və rəzalətdən xilas olaraq qiymətləndirilə bilər. Görünür, bu xilas İrəvanı yeni müharibəyə hazırlaşdırmaq “vəzifəsini” müəyyənləşdirməkdədir. Əlbəttə, Senat Ermənistanı nəinki utanca və rəzalətə, eyni zamanda, böyük fəlakətə sürüklədiyinin fərqinə varmamaqda sərbəstdir.
Ə.RÜSTƏMOV
XQ


