Azərbaycan – ABŞ: yeni səfir və narahat Cənubi Qafqaz

post-img

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabrın 2-də axşam saatlarında Bakıya gəlib. O, Azərbaycan dilində mətbuata qısa açıqlama verməklə kifayətlənib və ölkəmizə gəlişindən çox şad olduğunu bildirib: “Mən öz etimadnaməmi təqdim etmək və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı və regionda davamlı sülhün əldə edilməsi üçün işə başlamaq fürsətini səbirsizliklə gözləyirəm. Mən də sizin gözəl ölkənizi daha yaxından tanımaq istəyirəm. Xoş qarşıladığınız üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Birləşmiş Ştatların yeni səfi­rinin gəlişi Azərbaycanla ABŞ arasındakı mü­nasibətlərdə soyuqluğun müşahidə olunduğu dövrə təsadüf edir. Bunun başlıca səbəbi no­yabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş dinləmələrdir. Daha doğ­rusu, həmin dinləmələrdə anti-Azərbaycan, er­mənipərəst ritorikanın əsas götürülməsidir. 

Məlum olduğu kimi, sözügedən toplantıda ABŞ Dövlət katibinin köməkçisi Ceym O`Brayn iştirak etmişdi. Köməkçinin sözlərindən belə an­laşılmışdı ki, rəsmi Vaşinqton Azərbaycan və Er­mənistan arasında sülh sazişi bağlanana qədər, Bakı ilə əlaqələri dayandıracaq. O`Brayn, həm­çinin Bakının Naxçıvana gedən quru yolunun Er­mənistan yox, İran ərazisindən keçəcəyinə dair mövqeyi üzərində dayanaraq, məsələnin Birləş­miş Ştatlar üçün yolverilməzliyini vurğulamışdı. O, kifayət qədər, amiranə tərzdə Azərbayca­nın qarşıdakı iki həftə müddətində mövqeyini dəqiqləşdirməli, seçim etməli olduğunu demişdi.

Ümumən, Nümayəndələr Palata­sındakı dinləmələr Ermənistanı müda­fiə məntiqi üzərində qurulmuş və möv­cud xüsusda Azadlığa Dəstək Aktına 1992-ci ildə edilmiş 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı ABŞ Prezidentinə 2001-ci ildə verilmiş səlahiyyətin ləğvi məsələsi gündəmə gətirilmişdi. Bu isə Birləşmiş Ştatların Azərbaycana hər cür dövlət dəstəyinin aradan qaldırılması anlamı daşıyan məsələdir. Ən başlıca məqam isə bu­dur ki, 907-ci düzəliş işğalla üzləşmiş ölkəmizin, işğalçı kimi təqdimatının tə­zahürünə çevrilmiş böyük ədalətsizlik idi. Deməli, Azərbaycanın Qarabağda bu il sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirləri sonra­sı dövlət suverenliyinə qovuşmasının fonunda, “907”-nin yenidən meydana çıxarılması, həm də rəy formalaşdırır ki, sanki Bakının davranışı Qarabağın işğalıdır. Əlbəttə, ölkəmiz belə yanaş­manı hiddətlə qarşılamalı idi və qarşı­ladı da. 

***

Bəli, O`Braynın kovboysayağı qəbuledilməz tonu ölkəmizdə sərt na­razılıq doğurmuşdu. Narazılıq Azər­baycanın Xarici İşlər Nazirliyinin yaydığı geniş bəyanatda da əksini tapmışdı. Rəsmi Bakı Vaşinqtonu ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAİD və digər donor təşkilatlar vasitəsilə Azər­baycan əleyhinə fəaliyyət göstərməkdə ittiham etmişdi. Aşkar görünmüşdü ki, Bakı O`Braynın dili ilə ifadə olunmuş təzyiq qarşısında geri çəkilmək niyyə­tindən uzaqdır və Ağ evin Azərbaycan – Ermənistan münasibətlərindəki tən­zimləyici missiyasından imtinada inadlı davranacaq. Bunun ardınca istər əvvəl­cə ABŞ Dövlət Departamentinin sözçü­sü Metyu Millerin açıqlaması, istərsə də sonra dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi gərgin­liyin yumşaldılması baxımından diqqət çəksə də, demək olmaz ki, Bakı ilə Va­şinqton arasında O`Braynın yaratdığı buzlar ərimək üzrədir. Yəni, M.Libbinin səfir fəaliyyətinə başlaması, məhz belə bir çətin dövrə təsadüf etməkdədir. 

***

Yeri gəlmişkən, ABŞ-ın Azərbay­candakı səfiri postu uzun müddət idi ki, boş qalmışdı. M.Libbi 2022-ci ilin mayında səfir vəzifəsinə namizəd kimi göstərilsə də, təsdiqlənməyən təx­minən 175 namizəd arasında olmuşdu. Ancaq Ağ ev tərəfindən yenidən təqdim edilən 85 namizəddən biri də Libbi idi. 

Onu da diqqətə çatdıraq ki, M.Libbi Vaşinqtondakı Milli Müharibə Kollecin­də Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində işləyib. ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini postunu tutub. Bundan başqa o, Birləş­miş Ştatların Varşavadakı (Polşa), Ni­kosiyadakı (Kipr) və Bağdaddakı (İraq) diplomatik nümayəndəliklərində siyasi məsləhətçi kimi çalışıb, Dövlət Depar­tamentinin Əməliyyatlar Mərkəzinin Böhranların İdarə Edilməsi üzrə direk­tor müavini, Mərkəzi Avropa Ofisinin di­rektor müavini, Cənubi Avropa Ofisinin direktoru qismində fəaliyyət göstərib. Yəni, demək olmaz ki, təcrübəsiz dip­lomatdır. Belədə, Libbinin hansı şərtlər altında işləyəcəyi, iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün necə səy göstərəcəyi maraq doğurmaqdadır.

***

Bir məqamı da diqqətə çatdıraq ki, M.Libbinin Azərbaycana səfir kimi gəlişi əsnasında vurğulanmalı başlıca məqam yalnız Bakı – Vaşinqton mü­nasibətlərində gərginliyin müşahidə olunması deyil. Eyni zamanda, ABŞ başda olmaqla kollektiv Qərbin Cənubi Qafqaz aktivliyinin artması da ön plan­dadır. Axı, C.O`Braynın haqqında söz açdığımız məlum çıxışı fonunda yaran­mış soyuqluğun vacib qütbünü həmin aktivlik təşkil etməkdədir. 

Aydın görünür ki, kollektiv Qərb, xüsusən də Fransa bölgəni, belə demək mümkünsə, Rusiyasızlaşdır­maq üçün erməni amilinə güc vermək­dədir. O`Brayn, faktiki olaraq, Birləşmiş Ştatları Fransadan daha qətiyyətli er­mənipərəst kimi təqdim etdi, ölkəni bu baxımdan, bir növ, məvhərindən çıxar­mış oldu. 

Əlbəttə, bu, yekun nəticədə ermə­ni avantürizminə dəstəkdən başqa bir şey deyildi. Deməli, reallıqlara düzgün nəzər salmağa ehtiyac var. Yeri gəlmiş­kən, Qərb dünyasında mövcud ehtiya­cı düşünənlərin olmadığını söyləmək mümkünsüzdür. Məsələn, İtaliyanın Xa­rici işlər və beynəlxalq əməkdaşlıq na­zirinin müavini Edmundo Cirielli, kifayət qədər, sərt formada bildirib ki, Fransa son hay (erməni) qalanadək Qafqazda yeni müharibə aparmaq istəyir. Cənab Cirielli Avropada erməni millətçiliyini, revanşizmini qızışdıranların olduğunu dilə gətirib. İtaliyalı diplomatın belə fikir bildirməsi, daha dəqiq desək, reallığı çılpaq şəkildə ifadə etməsi, kollektiv Qərbin bütün təmsilçilərini, o cümlədən ABŞ-ı düşündürməlidir. Onlar düşün­məlidirlər ki, ermənipərəstlik Cənubi Qafqaz müstəvisində heç bir perspek­tivi olmayan gedişdir. Bu yolla nə Ru­siyanı bölgədən sıxışdırmaq mümkün­dür, nə də bir dövlət kimi Ermənistanın varlığını qorumaq. 

Qeyd edək ki, C.O`Brayn məlum çıxışında ABŞ-ın Azərbaycanın Qara­bağdakı fəaliyyəti ilə bağlı “hərtərəfli və şəffaf” hesabatın hazırlanması prosesinə başladığını da vurğulamış­dı. O, bu işə müstəqil mütəxəssislərin və Dövlət Departamentinin nümayən­dələrinin cəlb olunduğunu, beynəlxalq təşkilatların məlumatlarından istifadə ediləcəyini demişdi. M.Libbinin mövcud müstəvidə də prinsipial və qətiyyətli mövqe tutması önəmlidir. Yəni, Azər­baycan beynəlxalq miqyaslı şər, böhtan və iftira ilə üzləşməməlidir. 

M.Libbinin mövqeyinin bir məsələ­də də həllediciliyi nəzərə alınmalıdır. Məlumdur ki, Ermənistanın rəhbərliyi, o cümlədən, dünyanın ermənipərəst dairələri iddia edirlər ki, guya, Azərbay­can Rusiya ilə birləşərək, anti-erməni mövqe tutur və bu, Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinə ziddir. Aşkar görünür ki, İrəvan və əlaltıları Vaşinqto­nun Bakıya münasibətini tündləşdirmək yolu tuturlar. Elə fon yaradırlar ki, sanki Azərbaycan Qərbin Cənubi Qafqaza gəlmək istəklərinə qarşı çıxmaq yolu tutur. Bu isə Ermənistanın Azərbaycan­la sülhdən uzaqlaşmaq, reallıqları təhrif etmək niyyəti güdən siyasi manipulya­siyasıdır. 

Libbi bu sayaq manipulyasiyala­rı düzgün qiymətləndirməli, obyektiv davranmalıdır. Nəzərə almalıdır ki, Bakı yalnız və yalnız özünün maraq­larını əsas tutur, İrəvandan fərqli ola­raq, müstəqil xarici siyasət yürüdür. Libbi Cənubi Qafqazda Qərb kapitalı­nın Ermənistanda yox, Azərbaycanda cəmləşdiyini, ən başlıcası isə bu cəm­ləşmənin 1993-cü ildən vüsət aldığını yaxşı-yaxşı götür-qoy etməlidir. Ümid­varıq ki, yeni səfirin diplomatik təcrü­bəsi obyektiv mövqe tutmasına imkan yaradacaq. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət