Ölkəmiz mina terroruna qarşı da təkbaşına mübarizə aparır

post-img

İrəvana isə “gözün üstdə qaşın var” deyən yoxdur

Ermənistanın torpaqlarımızı işğalı nəticəsində uzun illər yurd həsrəti ilə yaşamağa məcbur olan əhalinin hazırda doğma el-obasına qayıdışını çətinləşdirən əsas amil işğal dövründə bölgəyə saysız-hesabsız minaların basdırılmasıdır. Mina təhlükəsi təkcə azad olunmuş ərazilərdə qayıdışı çətinləşdirmir, infrastruktur layihələrinin icrasına da maneçilik törədir və iş prosesinin ləngiməsinə səbəb olur. Mina və partlamamış hərbi sursatların təmizlənməsi ağır zəhmət, uzun və yorucu əmək tələb edən işdir. Eyni zamanda, böyük vəsait tələb edir. Mütəxəssislər işğaldan azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün azı 10-15 il vaxt tələb olunduğu fikrindədirlər.

Son vaxtlar Ermənistan rəhbərliyi­nin Azərbaycanla sülh sazişinin imza­lanmasına sanki tələsdiyi hiss olunur. Bunu ölkənin baş nazirinin, parlament sədrinin çıxışlarından da görmək mümkündür. Onlar ilin sonunadək sülh sazişinin bağlanmasının tərəfdarı ol­duqlarını qeyd edirlər. Ancaq rəsmi İrəvan mina xəritələrinin verilməsi ilə bağlı onun ünvanına edilən çağırışlar qarşısında özünü eşitməzliyə qoyur. Mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Halbuki, mina xəritələrinin verilməsi iki ölkə arasında etimad ya­rada bilən amil olardı. Ermənistanın verdiyi mina xəritələrinin etibarlılığı isə çox aşağıdır. 

Digər tərəfdən, minaları basdıran­lar, bir qayda olaraq, bu addımı qarşı tərəfin hərbçilərinin zərər çəkməsi dü­şüncəsi ilə atırlar. Necə deyərlər, mina­lar “müharibə silahı” kimi istehsal edi­lir. Ancaq, əslində, onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündəlik həyatlarını davam et­dirən, su gətirən, məktəbə gedən və ya tarlalardan məhsul toplayan günahsız insanlar, o cümlədən, qadınlar və uşaq­lardır.

Azərbaycan üzləşdiyi mina təhlükə­si problemini müxtəlif beynəlxalq plat­formalarda mütəmadi olaraq qaldırır. Bununla bağlı Bakıda beynəlxalq təd­birlər keçirilir. Elə dünən paytaxtımızda mina təhlükəsi ilə bağlı iki tədbirin keçi­rilməsi buna numunə hesab oluna bilər. “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzu­sunda “dəyirmi masa” Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Om­budsman) aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilat­çılığı ilə baş tutub.

Ombudsman Səbinə Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ermənis­tanın Azərbaycana hərbi təcavüzü nə­ticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çoxsaylı mina və partlamamış hərbi sursat mövcuddur. Qarşı tərəf hələ də onların xəritə-sxem­ləri barədə dəqiq məlumatları vermək istəmir.

BQXK-nın Azərbaycandakı nü­mayəndəliyinin rəhbəri Draqana Koiç isə qeyd edib ki, Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu ki­şilərdir: “Təəssüf ki, Azərbaycan mina problemi ilə üzləşib. Mina qurbanlarına yardım çox vacibdir. Onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edil­məsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrü­bələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldır­maqdır”.

Azərbaycan Minatəmizləmə Agent­liyinin (ANAMA) Maarifləndirmə, Bey­nəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsi müdirinin müavini Fərhad İsayev vurğu­layıb ki, azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirk­lənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib: “Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qur­ğulardan istifadə olunub. 2021-ci ildə Er­mənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillik siyasəti şöbəsi müdirinin müavini Ülvi Hüseynov isə deyib ki, ölkə­də əlilliyi olan şəxslərə dövlət tərəfindən 57 adda reabilitasiya vasitələri verilir: “Onu da qeyd edim ki, mina səbəbi ilə əlilliyi olan şəxslərə yüksək texnologiyalı protezlər təqdim olunur. Onların qiyməti 80-100 min avrodur”.

“Dəyirmi masa”da aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nü­mayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqla­rının təmin edilməsi kontekstində, mü­naqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonun­da mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparı­lan işlər, nailiyyətlər və digər əlaqəli möv­zular üzrə müzakirələr aparılıb.

Daha bir tədbir isə “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində baş tutub. “Cənubi Qafqaz­da minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzu­sunda tədbirdə Milli Məclisin deputatla­rı, ANAMA-nın, Ombudsman Aparatının nümayəndəsi, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlə­dən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Polşa, Almaniyanın ölkəmizdəki səfirləri iştirak ediblər.

ANAMA-nın Maarifləndirmə, Bey­nəlxalq və İctimaiyyətlə Əlaqələr İdarə­sinin müdiri Ramil Əzizov bildirib ki, agentlik humanitar minatəmizləmə işləri çərçivəsində 110 hektar ərazini mina və hərbi sursatlardan təmizləyib: “ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük müharibə­dən sonra 18 mindən çox tank əleyhinə, 30 mindən çox piyada əleyinə mina, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib”.

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanın bu gün Cənubi Qafqazda mina problemindən ən çox əziyyət çəkən ölkə olduğunu vurğulayıb: “Biz Azərbay­cana əlimizdən gələn qədər kömək et­məyə çalışırıq ki, ölkə bu problemi həll edə bilsin. Mina problemi siyasi məsələ deyil, humanitar məsələdir. Avropa İt­tifaqı Azərbaycanda mina probleminin aradan qaldırılmasında maraqlıdır. Lakin bu, çox uzun bir prosesdir”.

“LİNKS Avropa” təşkilatının direktoru Dennis Sammut bildirib ki, Azərbayca­na minatəmizləmə sahəsində göstərilən yardım, görülən işlər problemin miqyası­na adekvat deyil. O qeyd edib ki, gələn il donor təşkilatları Azərbaycana dəvət edəcək və problemlə əlaqədar mümkün qədər daha böyük işlərin görülməsinə müraciət ünvanlayacaqlar.

Daha sonra mina qurbanları yaşadıq­ları problemlərlə əlaqədar tədbir iştirakçı­larını məlumatlandırıb, mina problemi ilə mübarizədə beynəlxalq təşkilatlara çağı­rışlar ediblər. Tədbir problemlərin müza­kirəsinə həsr olunmuş panel iclasları ilə davam edib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək ölkəmizdə 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 108 mülki şəxs isə yaralanıb. Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb. Ümumilikdə, qeyd edilən dövr ərzin­də 65 nəfər mina partlaması nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərə­cəli xəsarətlər alıb. 1991-ci ildən indiyə kimi isə Azərbaycanın 3415 vətəndaşı mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38-i qadındır. Bu statistika problemin nə qədər ciddi olmasından xə­bər verir. Eyni zamanda, mina təhlükəsi problemi ilə bağlı Bakıda bir gündə iki tədbirin keçirilməsi də ölkənin müva­fiq qurumlarının və ictimaiyyətinin onun həllində qərarlı olmasının göstəricisidir. 2020-ci ildə 44 günlük Vətən müharibə­si apararaq torpaqlarını işğaldan azad edən, bu il isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyi təmin olunan ölkəmiz zamanla bu prob­lemin də öhdəsindən gələcək.

Hafiz SƏFİXANOV, 
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri

– Azərbaycan 30 ildən artıqdır mina problemi ilə üz-üzədir. İşğal­dan azad olunan ərazilərdə aparılan işlər nəticəsində bir milyondan çox minanın basdırıldığı məlum olub. La­kin işğal zamanı təkcə burada deyil, Ermənistan və İranla sərhəddə də minalar basdırılıb. Bu da əlavə çətin­liklər yaradır.

Hazırda Azərbaycan öz arse­nalında olan bütün qüvvələri mina təhlükəsi ilə mübarizəyə sərf edib. Bilirsiniz ki, ANAMA yenidən qurulub, onun maddi-texniki bazası güclən­dirilib. Müxtəlif maşın-mexanizmlər alınıb, minatəmizləmə əməliyyatla­rına xüsusi zirehli ekskavatorlar, di­gər xüsusi texnikalar da cəlb olunub. Bunlar “Revival-B” və “Revival-T” markalı minatəmizləməyən maşın-lardır. Eyni zamanda, işçi qüvvəsi­nin sayı artırılıb, minaaxtaran itlər gətirilib, həmçinin minaaxtaran siço­vullardan da istifadə olunur. Siço­vulların iybilmə reseptorları daha yüksəkdir, bu da minanı daha tez aşkarlamağa kömək edir. Hazırda təhlükəli ərazilərdə 925 xəbərdar-edici bilbord yerləşdirilib.

Azərbaycan dünya trendinə qoşularaq qadınlardan ibarət mi­natəmizləmə komandaları yaradıb. Həmin komandaların təlimləri keçi­rilib, onlar sertifikat alaraq minaların təmizlənməsi işinə cəlb olunublar. Bütün bunların hamısı Azərbaycanın dövlət büdcəsi hesabına həyata ke­çirilir. Minaların təmizlənməsi üçün sərf olunan vəsaitin 90 faizindən çox hissəsi Azərbaycanın öz vəsaitidir. Təəssüf ki, Azərbaycana bu sahə­də beynəlxalq birliyin ciddi dəstəyi hiss olunmur. Böyük Britaniya, ABŞ, Fransa, Macarıstan, Avropa İttifaqı müəyyən kömək göstəriblər. Lakin bu kömək “dəryada damla” qədərdir. Görünür, BMT qətnamələrini təkbaşı­na icra edən Azərbaycan mina prob­leminin öhdəsindən də təkbaşına gəlməli olacaq.

Səxavət HƏMİD
XQ



Siyasət