Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003–2023-cü illər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Bu gün həmin tarixi vərəqlədikcə bir daha Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev zəkasının, uzaqgörənliyinin, zəngin dövlətçilik təcrübəsinin onun ən layiqli davamçısının müstəqil Azərbaycanın dövlət başçısı kimi fəaliyyətində uğurlu davamı görürük.
Ulu öndər Heydər Əliyevin dünya miqyaslı siyasi xadim və qüdrətli dövlət başçısı olaraq müstəqilliyimizi düşmən dairələrin basqısından xilas edib möhkəmləndirməsi, sonrakı inkişaf və uğurların əsaslarını yaratması çağdaş dövlətçiliyimizin təməlini təşkil edir. Dahi şəxsiyyət bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemdə Azərbaycanın milli maraqlarının qorunmasını və yüksək səviyyədə inkişaf etdirilməsini böyük uzaqgörənlik və məharətlə təmin etmişdir.
1969-cu il iyulun 14-də Azərbaycan SSR-də siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev keçmiş SSRİ-nin iqtisadiyyatı üçün xammal və ucuz işçi qüvvəsi mənbəyinə çevrilmiş respublikamızın yeni iqtisadi, sosial və siyasi inkişaf strategiyasını hazırlayıb qısa müddətdə reallaşdırdı.1970–1982-ci illərdə, tarixən qısa bir dövr ərzində, respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə respublika o illərdə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. O illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.
Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Nəticə olaraq əvvəllər bütün əsas göstəricilər üzrə ölkə miqyasından geri qalan Azərbaycan tezliklə Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrildi. 1969–1982-ci illərdə respublikada milli gəlir 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulları 2,7 dəfə, xalq istehlakı malları isə 3 dəfədən çox artmışdı. Azərbaycan iqtisadiyyatında köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermişdi.
Əlbəttə, islahatlar təkcə iqtisadi sahəni əhatə etmirdi. Təhsil, elm və mədəniyyət sahələrində də böyük uğurlar qazanılmışdı. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü gənclərimizi keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərləri də qorunub inkişaf etdirilirdi. Həmin illərdə Azərbaycanda ali mülki və hərbi məktəblər, bir sıra başqa təhsil müəssisələri yaradıldı. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb, Gəncədə Azərbaycan Texnologiya Universiteti bunun bariz nümunəsidir.
Texnologiya Universitetinin əsası 1970-ci ildə ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində qoyulmuşdur. SSRİ rəhbərliyi bu ali məktəbin Gəncədə yox, Ermənistanın şəhərlərinin birində yaradılmasını istəyirdi. Ancaq Azərbaycan liderinin qətiyyəti belə bir gərəkli təhsil müəssisəsinin Gəncədə yaradılmasına nail oldu. İlk olaraq Politexnik İnstitutunun filialı kimi fəaliyyətə başlayan ali təhsil müəssisəsi 1980-ci ildə Heydər Əliyevin səyi ilə Azərbaycan Texnologiya İnstitutu adı ilə müstəqil ali məkətəbə çevrildi. Ümummilli liderin müvafiq qərarı əsasında 2000-ci ildə bu ali təhsil ocağına universitet statusu verildi.
Bu gün də uğurla fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti ölkəmizdə bir sıra sahələrdə mühəndis kadrların yetişdirilməsində fəal iştirak edir. Azərbaycan Texnologiya Universiteti istər müasir dövrün tələblərinə uyğun ixtisasları ilə, istərsə də yetişdirdiyi mühəndis kadrları ilə Qarabağımızın bərpasına da öz töhfəsini verir. Bu gün qida mühəndisliyi, şərabçılıq, ekologiya, nəqliyyat, metallurgiya, informasiya texnologiyaları və digər ixtisaslar üzrə mühəndis, dizayn, turizm, iqtisadiyyat və idarəetm sahələri üzrə mütəxəssislər hazırlayan Texnologiya Universiteti gənc kadrların yetişdirilməsində böyük xidmətlər göstərməkdədir.
Ötən əsrin 70–80-ci illərində totalitar rejimin hakim olduğu kommunist imperiyasında elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri özünü aşkar hiss etdirdiyi halda qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və fəaliyyət göstərmək, milli idealagiyanın əsaslarını formalaşdırmaq, Azərbaycanın gələcək müstəqilliyini təmin edən dəyərləri inkişaf etdirmək imkanı və şəraiti yaratmışdı.
Ulu öndər Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə xalqın tarixi yaddaşının özünə qaytarılması prosesinə yol açaraq milli ruhun hədsiz yüksəlişini təmin etmişdi. Böyük rəhbər xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə formalaşdırılmış sağlam bünövrə üzərində qurulub və bu gün də uğurla davam etdirilir.
1991-ci ildə Azərbaycan sovet rejiminin buxovlarından azad oldu. Müstəqilliyin ilk 2 ili böyük çətinliklər və əzablar içərisində yaşandı. Ərazilərinin böyük bir hissəsini itirən Azərbaycan Respublikası, digər tərəfdən də iqtisadi böhran, siyasi anarxiya və xaos içərisində boğulurdu. XX əsrdə artıq ikinci dəfə idi ki müstəqilliyini əldə edən Azərbaycan onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ilin yayında Azərbaycanda yaranmış vəziyyət müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək üçün güclü dövlət siyasətini və eyni zamanda, milli liderin olmasını tələb edirdi. Həmin dövrdə Azərbaycanda Heydər Əliyev kimi şəxsiyyətin olması, düşünürəm ki, Azərbaycan xalqı üçün böyük bir xoşbəxtlk idi. Belə bir vəziyyətdə xalqın böyük təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan idarəçilik dühası Heydər Əliyev ölkədə cərəyan edən bütün təhlükəli proseslərin qarşısını aldı.
Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və bu rəmzləri yaşatmaq, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ən böyük xidməti ondan ibarət oldu ki, o, Azərbaycan dövlətçiliyini qoruyub saxlaya bildi. Dövlətçiliyin qorunub saxlanması isə müstəqilliyin, azadlığın qorunub saxlanması demək idi. Köklü islahatlar aparıldı, ictimai-siyasi sabitlik təmin edildi, demokratiyanın inkişafı yolunda mühüm addımlar atıldı. Azərbaycan nüfuzlu, etibarlı, perspektiv imkanları olan bir dövlət kimi dünya dövlətləri birliyinə daxil olaraq layiqli yerini tutdu.
Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin xalqımızın firavan gələcəyinə hədəflənmiş məqsədyönlü siyasəti yeni tarixi mərhələnin lideri İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı müasir dövrün daha yüksək mərhələsinə qaldırdı.
Son 20 il müstəqil Azərbaycanın tarixində o qədər əlamətdar bir tarix oldu ki, bu dövr ölkəmizdə əsrlərə bərabər tərəqqi mərhələsi sayılır. Müstəqil dövlətimiz bu 20 ildə bütün sahələrdə böyük uğurlar qazandı, daim zirvələrdən-zirvələrə yüksəldi. Bu uğurların əsas lokomotivi isə Prezident İlham Əliyevin zamanı qabaqlayan ideyaları, strateji düşüncələri və verdiyi taleyüklü qərarlar oldu.
20 ilin təcrübəsi sübut edir ki, Prezident cənab İlham Əliyev öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında qurub. Ölkə rəhbərinin hələ 2003-cü il prezident seçkiləri ərəfəsində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün qabiliyyət və bacarığımı əsirgəməyəcəyəm” bəyanatı sonrakı 20 illik fəaliyyətində öz parlaq əksini tapdı. Bütün bunlar Prezident İlham Əliyevin nə qədər mötəbər, ancaq xalqın və dövlətin mənafeyi üçün çalışan, uzaqgörən bir lider olduğunun bariz göstəricisidir.
2003-cü il oktyabr ayının 1-də dahi şəxsiyyət Heydər Əliyev xalqa müraciət edərkən demişdir: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü ilin oktyabrında xalqın yekdil dəstəyi ilə yeni tipli lider İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərkən ölkənin gələcək taleyinə görə məsuliyyəti Ümummilli lider Heydər Əliyevin davamçısı kimi öz üzərinə götürmüşdü. İlham Əliyevin ölkəyə rəhbərlik missiyasını davam etdirməsi, həm də xalqın istəyi və ümidi idi. Prezident cənab İlham Əliyev mövcud şəraitə adekvat yanaşmaları, düzgün və məqsədyönlü qərarları, eyni zamanda, müasir dünyanın çağırışlarına uyğun addımları ilə xalqın inamını doğrultdu. Dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitliyi qorudu, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətini daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu.
Ölkə rəhbəri İlham Əliyev hər bir dövlətin, cəmiyyətin həyat qayəsini təşkil edən iqtisadiyyatı müasir strateji dövrdə yeni bir səviyyəyə yüksəltdi. Dövlət başçımızın qəbul etdiyi dövlət proqramlarının əsasında regionların inkişaf etdirilməsinin ardıcıl surətdə həyata keçirilməsi ilə Azərbaycan kəndləri özünün çoxəsrlik tarixində görünməmiş yüksəliş səviyyəsinə qalxmışdır. Bu, regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir və Azərbaycan kəndini ölkəmizin əsas məşğulluq mərkəzlərinə çevirmək vəzifələrinin həyata keçirilməsinin bariz nümunəsidir. Məhz regionların hərtərəfli və məqsədyönlü şəkildə inkişaf etdirilməsinin əməli nəticəsidir ki, artıq Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında neft gəlirlərindən asılılıq, demək olar ki, aradan qaldırılmış, aqrar sektorun rolu nəzərəçarpacaq səviyyədə artmışdır.
Ümummilli lider Heydər Əliyevin imza atdığı “Əsrin müqaviləsi”ni Prezident İlham Əliyev “Əsrin əfsanəsi”nə çevirdi. XXI əsrin ən böyük neft-qaz kəmərləri olan Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum neft-qaz magistralları Azərbaycan neft strategiyasının real uğurlarındandır. Son 20 ildə məqsədyönlü şəkildə həyata keçirilmiş uğurlu neft-qaz siyasəti nəticəsində Azərbaycan neftinin və qazının Avropa ölkələrinə çatdırılması, bu ölkələrin xilası və inkişafında rol oynaması Prezident İlham Əliyev tərəfindən inanılmazların reallığa çevrilməsi hadisəsindən ibarətdir. Artıq dünya ölkələrində də TANAP–TAP kimi beynəlxalq neft-qaz layihələrinə əsrin əfsanəsi kimi yüksək qiymət verilir.
İndi bir çox Avropa ölkələrində insanların yaşayışını və iqtisadi inkişafını Azərbaycanın nefti və qazı olmadan təsəvvür etmək mümkün deyildir. Həm də dünyanın hazırki çətin və mürəkkəb geosiyasi şəraitində Prezident İlham Əliyevin nəhəng neft-qaz layihələrini uğurla həyata keçirmək məharəti Azərbaycana etibarlı dostlar və tərəfdaşlar qazandırıb. Bu isə öz növbəsində beynəlxalq təşkilatlarda, habelə dünya ölkələri ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində imkanlarımızın daha da artmasına və qüvvətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bakı–Tbilisi–Qars dəmir yolu kimi Avropa ilə Asiyanı əlaqələndirən xəttin çəkilib başa çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynamışdır. Hazırda Bakı–Tbilisi–Qars dəmir yolu Çin Xalq Respublikasının dövlət siyasəti səviyyəsində elan etdiyi “Bir kəmər – Bir yol” strategiyasının Qafqaz regionundakı əsas ötürücü vasitəsi kimi dünya ölkələri üçün də əlverişli nəqliyyat qovşağı hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 sentyabr 2023-cü il tarixində Naxçıvan şəhərində imzaladıqları Niyyət Protokolunun müddəalarında Bakı–Tbilisi–Qars dəmir yolunun Qars–İğdır–Sədərək vasitəsilə muxtar respublikaya qədər daha bir qolunun çəkilməsinə dair razılaşmanın öz əksini tapması bu magistralın Naxçıvan-Təbriz-Tehran vasitəsilə Orta Asiyaya doğru daha bir marşrutunun açılmasına şərait yaradır. Ona görə də, haqlı olaraq Bakı–Tbilisi–Qars dəmir yolunu beynəlxalq aləmdə Dəmir İpək yolu da adlandırırlar.
Azərbaycan Respublikasının erməni işğalından azad edilmiş torpaqlarında - Füzuli şəhərində və Zəngilanda salınmış beynəlxalq hava limanları da ölkəmizin dünyaya açılan qapıları kimi mühüm əhəmiyyətə malikdir. “Şimal–Cənub” magistralı isə Azərbaycanı avtomobil yollarının da əsas qovşaqlarından birinə çevirəcək. Beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasına nail olmaqla Prezident İlham Əliyev qalib Azərbaycanı regionun və dünyanın əsas nəqliyyat mərkəzlərindən birinə çevirəcək.
Uğurlu xarici siyasət kursu və sabit diplomatik münasibətlər Prezident İlham Əliyev dövrünün mühüm göstəricilərindəndir. Dünya ölkələri və region dövlətləri ilə qarşılıqlı etimada əsaslanan sağlam münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkə Prezidentinin xarici siyasət kursunun reallığı və böyük uğurudur. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının xüsusi iclasının çağırılması və dövlət başçımızın irəli sürdüyü problemlərin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması xarici siyasət sahəsində nadir tarixi hadisədir.
Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də müstəqil dövlətimizin böyük uğurudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi dövlət başçımızın dünya liderlərindən biri olduğunu sübut edir. İslam Əməkdaşlıq Təşkilatında və İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın söz sahibi olması respublikamızın beynəlxalq nüfuzunun müasir reallıqlarıdır.
Xalqımızın milli-mənəvi özünüdərk proseslərinin daha da dərinləşdirilməsində, yeni nəsil yazıçıların meydana çıxmasında, vətənpərvər müasir nəslin formalaşmasında müstəsna rolu olan Prezident cənab İlham Əliyevin çoxcəhətli, məqsədyönlü fəaliyyətinin uğurları sırasında elm və ədəbiyyat sahəsindəki nailiyyətlər də xüsusi yer tutur. Çoxəsrlik tariximizdə ilk dəfə qeyd edilən “Nizami Gəncəvi İli” , “İmadəddin Nəsimi İli” Azərbaycan ədəbiyyatı klassiklərinin həyatı və yaradıcılığının dərindən araşdırılaraq dünyada təbliğ olunmasına xidmət etdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən “Heydər Əliyev İli” çərçivəsində reallaşan tədbirlər xalqımızda müstəqil dövlətçilik təfəkkürünün dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi-ideoloji dərslərdir.
Ölkəmizdə “Multikulturalizm İli” isə beynəlxalq aləmə bir daha göstərdi ki, dünyanı etnik, dini və irqi baxımdan müxtəlif münaqişələr bürüdüyü halda multikulturalizm ideologiyasını dövlət siyasəti səviyyəsinə qaldıraraq bir modelə çevirmək böyük insanlıq nümunəsidir. Bu sahədə Azərbaycan nəinki region dövlətlərinin, həmçinin dünya dövlətlərinin də örnək ala biləcəkləri nümunədir.
Gənclər və idman siyasəti dövlət başçısı İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən əsas prioritet sahələrdən biridir. Son 20 il ərzində ölkənin demək olar ki, əksər bölgələrində böyük idman komplekslərinin tikilib istifadəyə verilməsi, həmin komplekslərdə Azərbaycanın bayrağını dünyanın müxtəlif idman arenalarında qürurla dalğalandıran idmançıların yetişməsi uğurlu siyasətin əsas göstəricilərindəndir. Çox böyük uğurla Avropa və İslam Olimpiya oyunları keçirən, əsas idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycan dünyanın ən inkişaf etmiş idman ölkələrindən birinə çevrilmişdir.
Əlbəttə, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı bu tarixi Zəfər XXI əsrdə dünyada haqqın qələbəsi ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir.
Azərbaycanın Qarabağın azadlığı uğrunda apardığı savaş beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqinə əsaslanmaqla təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandan “Dəmir yumruq”la 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə daha bir mühüm tarixi zəfərə imza atdı.
Prezident İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi və üçrəngli möhtəşəm Azərbaycan bayrağının vətənimizin bütün şəhər və rayonlarında dalğalandırılması cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan zabitinin, əsgərinin möhtəşəm tarixi Zəfəridir.
İşğaldan azad edildikdən dərhal sonra Azərbaycan öz tarixi dədə-baba torpaqlarında sürətli bərpa və quruculuq işlərinə start verib. Tamamilə xarabalığa çevrilmiş böyük şəhər və rayonlarımız bir-birinin ardınca bərpa edilir və məskunlaşma aparılır. İnanırıq ki, ölkə Prezidentinin qətiyyətli və uğurlu siyasəti nəticəsində yaxın gələcəkdə işğaldan azad edilmiş bütün yaşayış məskənlərimiz müasir dövrün tələblərinə uyğun formada tikiləcək və o bölgələrimizə şən və gülərüz həyat geri qayıdacaq.
Beləliklə, Azərbaycan xalqının və dövlətinin həyatında xüsusi tarixi mərhələ olan bu 20 ilin nailiyyətləri Prezident cənab İlham Əliyevin “Heydər Əliyev İli”nə möhtəşəm töhfəsidir.
Yaşar ÖMƏROV,
Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən