Nikolun anti-Rusiya xətti və erməni avantürizmindəki çatların anonsu
Rusiyanın, guya, 44 günlük müharibə ilə İrəvanı cəzalandırması tezisi Ermənistanda fəal şəkildə müzakirə olunur. Mövcud xüsusda Qarabağın itirildiyini bildirənlər var. Baş nazir Nikol Paşinyan bu və digər məqamlara canlı yayımda çıxış edərkən toxunub. O deyib ki, 44 günlük müharibədən əvvəl Qarabağa müvəqqəti statusun verilməsi ilə bağlı məsələlər gündəmdə olub, Bu, nə deməkdir, söz açacağıq. Hələlik isə bildirək ki, Nikolun məqsədi 44 günlük müharibədən sonra Ermənistanın düşdüyü acınacaqlı duruma görə, iqtidarına ünvanlanan təzyiqləri sıradan çıxarmaq, özünün günahsız olduğu görüntüsünü yaratmaqdır. Onun digər məqsədi isə ənənəvi anti-Rusiya xəttini möhkəmləndirməkdir.
Bəli, Paşinyan sözünə başlar-başlamaz vurğulayıb ki, Rusiyanın 44 günlük müharibə ilə Ermənistanı cəzalandırdığı tezisi üzrə Moskvanı müzakirə obyektinə çevirməyin tərəfdarı deyil. Amma söz-söhbət ciddi müstəviyə keçdiyindən, ona münasibət bildirməlidir. Nikolun ilk sualı budur: “Belə olan halda, 2016-cı ilin dördgünlük müharibəsində (Aprel müharibəsini nəzərdə tutur – red.) kim kimi və nəyə görə cəzalandırıb?”.
Paşinyan Qərbyönümlü hakimiyyətin Rusiya tərəfindən cəzalandırıldığı məntiqinə qarşı cəbhə açır. Nikol nə üçün belə davranır? Çünki Ermənistanın ictimai rəyində ölkənin hazırkı vəziyyətini, o cümlədən, müharibə uğursuzluğunu Qərbə bağlayan qüvvələr aktivləşiblər. Baş nazir buna görə də 2016-cı ilin Aprel müharibəsini yada salır. Daha doğrusu, həmin müharibədəki uğursuzluğu. Axı, o zaman hakimiyyətdə ruspərəstlər idilər. Yəni, demək istəyir ki, məsələ cəzalandırılmada deyil. Bəs nədədir? Paşinyan bu barədə söz açarkən, onun nələri vurğulamasına da diqqət yetirəcəyik.
Ümumən, N.Paşinyan Ermənistan daxilindəki “ölkə Qərbə yaxınlığa və Rusiyadan uzaqlaşmağa görə cəzalandırılır” tezisini “bütün bəlaların kökü Rusiyadadır” deyimi ilə əvəzləməkdə israrlıdır. Ona görə canlı yayımda danışarkən, keçmişə gedib çıxır. Məsələn, 2013-cü ilə. O bildirir ki, həmin il erməni hakimiyyəti Qərblə assosiasiya sazişini imzalamağa yaxın olub. Ancaq bir gecədə hər şey puça çıxıb, bütün razılaşmalar ləğv edilib və nəticədə Ermənistan Avrasiya İqtisadi Birliyinə – Moskvanın hakim rol oynadığı təşkilata qoşulub...
Nikol daha bir neçə sual ünvanlayır: “Rusiya niyə 2011-ci ildə Azərbaycanla çoxmilyardlıq silah müqaviləsi imzaladı? Belə olan halda 2013–2014-cü illərdə baş verən hadisələrə münasibət necə oldu?” Yəni, Paşinyan demək istəyir ki, Kremlin Bakını silahlandırması Ermənistanın mənafeyinə zidd idi, ancaq birinci buna getdi. Üstəlik, 2013 və 2014-cü illərdə cəbhə xəttindəki gərginlikləri yada salan erməni baş nazir, əslində, vurğulayır ki, bu səbəbdən hazırda baş verənlərə Moskvanın Qərbyönümlü erməni hakimiyyətini cəzalandırması prizmasından yanaşmamalıdır. Burada subliminal mesaj Rusiyanın, ümumən Ermənistanla müttəfiqliyə xilaf çıxması üzərindədir.
***
Ermənistan baş naziri ölkə müxalifətinin onun Qarabağ məsələsində Azərbaycanla gizli danışıqlar aparmasına və bölgəni Azərbaycana verməyə razılaşmasına dair qabartdığı fikirlərə münasibət bildirərkən, iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb. “Mən Qarabağla bağlı hər şeyi deməmişəm. Qarabağ məsələsi haqqında çox danışmaq olar. Çünki bu nəzəriyyə (Qarabağın Azərbaycana verilməsi iddiası – red.) doğrudursa, o zaman (prezident) Serj Sarkisyanın 2018-ci ilin aprelindəki müharibə anonsu nə demək idi? O, uzun müddət Azərbaycanın Qarabağ məsələsinin müharibə yolu ilə həllinə yanaşmasından əl çəkəcəyinə ümid edə bilmədiyini, danışıqlar prosesinin dalana dirəndiyini deyəndə nəyi elan etdi?” – deyən N.Paşinyan Qarabağın əldən gedəcəyinin Ermənistanın özündən əvvəlki hakimiyyətinə də yaxşı bəlli olduğunun üzərinə gəlir. Bu mənada, Nikolun 2018-ci ildə Qarabağ məsələsi üzrə danışıqlardakı vəziyyətin bəzi təfərrüatlarını təqdim etməsi də maraqlıdır.
“Bu gün biz Qarabağla bağlı məşhur qərarı, “Qarabağ dövləti”nin (separatçı rejimin -red.) ləğvini müzakirə edirik. Lakin 2016-cı ildəki və 2018-ci il inqilabından əvvəlki danışıqlarda Serj Sarkisyanın təqdir etdiyi müvəqqəti statusun nə olduğu mövzusuna da toxunmalıyıq”, –deyən N.Paşinyan əlavə edib ki, guya BMT Baş Assambleyası Qarabağın öz həyatının təşkili yolları və vasitələrinə dair BMT Baş katibinin təklifi ilə BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilməli, həmçinin Azərbaycanla və həmsədrlərlə müzakirəyə çıxarılmalı olan qətnamənin qəbulunu planlaşdırdı. O, aralıq statusu kimi dəyərləndirdiyi məsələnin bölgədə mövcud “dövlət nizamı”nın ləğvi və yeni sistemin formalaşdırılması demək olduğunu diqqətə çatdırıb. Yəni, Paşinyan bildirmək istəyir ki, Qarabağdakı separatçı rejimin ləğvi məsələsi elə o zaman da aktual idi.
***
Beləliklə, bir daha bildirək ki, bu fikirləri gündəmə gətirən Ermənistan baş naziri Qarabağdakı mövcud vəziyyətə, o cümlədən, bölgənin itirilməsinə görə öz iqtidarının günahlandırılmasına qarşı çıxır və faktiki olaraq onsuz da baş verməli olanların yaşandığını vurğulayır. Əlbəttə, mövcud kontekstdən yanaşsaq, Nikolu, müəyyən mənada, haqlı saymaq mümkündür. Həm də ona görə haqlı saymaq mümkündür ki, Ermənistanda Koçaryan–Sarkisyan xuntasından əvvəl hakimiyyətdə olmuş Levon Ter-Petrosyan da beynəlxalq birliyin Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiyini vurğulayır və İrəvanın bu düşüncəni dəyişmək imkanında olmadığını önə çəkirdi. Paşinyanın sözlərindən bu qənaətə gəlmək mümkündür ki, eyni fikrə Sarkisyan da, nəhayət ki, gəlibmiş. Amma diqqət yetirək, vaxtilə prezident L.Ter-Petrosyan bunu bildirəndə ölkədə, faktiki olaraq, çevriliş baş verdi və hakimiyyətə Robert Koçaryan yiyələndi. Bu yiyələnmə həmin vaxtadək Qarabağ danışıqlarındakı nəticələri alt-üst etdi, münaqişə uzandı. Nikolun söylədiklərindən belə çıxır ki, Sarkisyan da vaxtilə Ermənistanın birinci prezidentinin gəldiyi qənaətə gəlibmiş. O zaman sual yaranır: Sarkisyana planlaşdırılanı həyata keçirməyə nə mane oldu? Cavab birməmalıdır: Paşinyanın hakimiyyətə gəlməsi.
Yeri gəlmişkən, bir məqamı da vurğulayaq. Paşinyan 2018-ci ildə Sarkisyan hakimiyyətini devirib iqtidara yiyələnəndə, Azərbaycandan vaxt istəmişdi. Vaxt istəmişdi və danışıqları dayandığı yerdən davam etdirəcəyi vədini vermişdi. Danışıqların dayandığı yeri isə Nikol indi özü təsvir edir. Ancaq məsələ burasındadır ki, ölkəmizdən vaxt istəyən baş nazir sonradan sərxoş olub Cıdır düzündə rəqs etmiş, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını vermişdi. Beləliklə, bilavasitə müharibə üçün əsas yaratmışdı. Üstəlik, Paşinyan iqtidarı bir az da “irəli gedərək” “yeni ərazilər üçün yeni müharibələr” şüarını irəli sürmüşdü. Deməli, erməni baş nazirin hazırda, əsl həqiqətləri açıqlayırmış kimi danışıb, özünü təmizə çıxarması manipulyasiyadır. Onun söylədiklərində heç bir səmimiyyət yoxdur.
Ə.RÜSTƏMOV
XQ