Yaxud erməni baş nazirin yeni fantaziyaları
Ermənistan baş naziri Nikol Paşinyanın canlı yayıma çıxması, ölkəsi ilə bağlı məsələləri açıqlaması, o cümlədən, özünə ünvanlanan sualları cavablandırması diqqəti bir neçə cəhətdən çəkməkdədir. Birincisi, Nikol son vaxtlar hakimiyyətinə qarşı daha kəskin xarakter almış təzyiqləri neytrallaşdırmaq istəyir. İkincisi, o, özünün demokratik lider obrazını cəmiyyətə sırımağa çalışır, ucuz populizmini, belə demək mümkünsə, satışa çıxarır. Üçüncüsü, indiki durumda reallıqlar ətrafında manipulyasiya yolu tutur, erməni ictimai rəyini bu müstəvidə iqtidarın tərəfində saxlamaq istəyir. Dördüncüsü isə Paşinyan xaricə, yəni onu hakimiyyətə gətirən qüvvələrə, guya, iş gördüyünü sübuta yetirməyə çalışır.
KTMT-dən çıxmaq üçün bəhanə...
Ermənistan baş nazirinin canlı yayımda üzərində dayandığı ilk məsələ ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərinin hazırkı durumudur. Əlbəttə, bu münasibətlər, istər-istəməz, Ermənistanın Rusiya ilə əlaqələrinə nəzər salınmasını aktuallaşdırmaqdadır. Əlaqələr isə son dərəcə gərgindir. Paşinyanın fikirləri gərginliyə xüsusi rəng qatmaqdadır. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin müşahidələri göstərir ki, KTMT-nin hərəkətləri və ya hərəkətsizliyi qurumun İrəvan qarşısındakı öhdəliklərini yerinə yetirmək məqsədi daşımır. Bu məqamda Nikolun bir qədər də “irəli getdiyini” söyləyə bilərik. O, faktiki olaraq, KTMT üzvlüyündən çıxma eyhamları vurur və deyir ki, siyasi iradə var və lazım gələrsə, Ermənistanın maraqlarına uyğun qərar veriləcək. Nikol onu da vurğulayır ki, İrəvan qurumu tam başa düşmək və mövqeyini başa düşülən etmək üçün mümkün olan hər şeyi reallaşdırmaq istəyir. Nəticə budur: Ermənistan KTMT ilə bağlı durumu dramatikləşdirməyə çalışacaq və təşkilata üzvlükdən ayrılmaq yolunda daha münbit şərait yetişdirəcək. Yəni, ölkənin qarşısına qoyduğu məqsəd üçün bütün vasitələr, həmçinin bəhanələr “aktuallığını” qoruyacaq. Paşinyanın ən başlıca vəzifəsi isə Ermənistanda anti-Rusiya köklənişini diri saxlamaq, bu tendensiyanın sıradan çıxmasına imkan verməməkdir.
“Anklavlar məsələsi” və sülh gündəmi
Paşinyanın üzərində dayandığı digər məqamlar Azərbaycanla bağlıdır. Əlbəttə, söhbət bizim üçün maraqlı olan məqamlardan gedir. Bu baxımdan ilk növbədə anklavlardan söz açaq. Paşinyan bildirib ki, Azərbaycanla sülh prosesində anklavlar və eksklavlar məsələsi həllini tapmalıdır və bunun üçün bir neçə variant olsa da, ortada obyektiv razılaşma yoxdur.
Erməni baş nazir sözügedən məsələnin Azərbaycanla sülh danışıqlarının tərkib hissəsi olaraq götürülməsindən də danışıb. Deyib ki, Ermənistan və Azərbaycan arasındakı sülh prinsiplərindən biri hər iki ölkənin Sovet Ermənistanının və Sovet Azərbaycanının sərhədlərinə əsaslanaraq, qarşılıqlı şəkildə ərazi bütövlüklərinə hörmətlə yanaşmalarıdır. Onun sözlərinə görə, Ermənistanın ərazisinin 29,8 min kvadratkilometr olduğunu deyəndə, bura Sovet İttifaqı dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil. Ermənistan ərazisinə isə Sovet Azərbaycanı ərazisi ilə əhatə olunmuş Artsvaşen (Gədəbəy rayonundakı Başkənd) eksklavı daxildir. Nikol bu məsələnin birtəhər həllini tapmalı olduğunu bildirib: “Biz Artsvaşen məsələsini qaldıranda, təbii ki, Azərbaycan da öz növbəsində Sovet İttifaqının təsviri, xəritələri və qərarları əsasında de-yure mövcud olan anklavlar məsələsini qaldırır. Desək ki, anklavlardan söhbət gedə bilməz, onda onu da deməliyik ki, eksklavdan da söhbət getməməlidir. Ancaq hər iki sual var. Ona görə də bu iki məsələ sülh prosesində həllini tapmalıdır”.
Göründüyü kimi, N.Paşinyan burada erməni ictimai rəyinə hesablanmış çox incə gediş edir. O, ölkəsinin Başkənd məsələsini qaldırdığını deyir və guya buna qarşılıq Azərbaycanın anklavlar məsələsini irəli sürdüyünü iddia edir. Əlbəttə, söhbət heç də ondan getmir ki, problemi birinci kim ortaya qoyur. Burada vacib məqam Paşinyanın anklavları da sülh gündəliyinin tərkib hissəsi kimi görməsidir. Bu, son dərəcə vacibdir. Çünki biz əvvəllər Qərb vasitəçilik xəttində məsələnin fərqli təqdimatlarına şahidlik etmişik. Amma məlumdur ki, Azərbaycan tərəfi xüsusən də lokal xarakterli antiterror tədbirlərindən sonra məhz Ermənistanın anklavları qaytarmalı olduğunu vurğulayır. Bu məqamda bir neçə variantın olduğunu deyən Nikolun konkret nə söylədiklərinə diqqət yetirək: “Biz mövcud de-yure anklavlar üzərində Azərbaycanın, Artsvaşen üzərində isə öz suverenliyimizi təsdiq edirik. Burada çoxlu suallar yaranır. Birincisi, bu eksklavın ərazisi demarkasiya edilməlidir, çünki onun nə qədər böyük olduğunu bir daha təsdiqləmək lazımdır. İkincisi, məsələni fiziki parametrlərlə həll etsək, onda belə bir sual yaranır: Bizim Artsvaşenlə birbaşa sərhədimiz yoxdur, biz öz sərhədimizdən Artsvaşenlə Azərbaycan sərhədinə qədər mövcud ərazini necə keçəcəyik”.
N.Paşinyanın sözlərindən gəlinən qənaət budur ki, anklavlar məsələsi praktik olmalıdır. Yəni, kimdə hansı ərazi varsa, həmin ərazilər saxlanılmalıdır. Bu, təxminən ərazi mübadiləsinə oxşayır. Qeyd edək ki, mövcud xüsusda adı çəkilən səkkiz kənddən yeddisi – Qazax rayonunun Sofulu, Barxudarlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli, biri isə Naxçıvanın Kərki kəndidir. Başkənd (Artsvaşen) kəndi isə Azərbaycanın nəzarəti altındadır. 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, həmin səkkiz kənd Azərbaycan SSR-in, bir kənd Ermənistan SSR-in ərazisi kimi tanınıb. Hər iki ölkə bu ərazilərlə birlikdə BMT-yə qəbul edilib.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında da bildirmişdi ki, Ermənistanla delimitasiya prosesi zamanı işğal olunmuş səkkiz kənd Azərbaycana qaytarılmalıdır. Onu da vurğulamaq lazımdır ki, Kərki və Başkənd dövlət sərhədindən xeyli aralıda yerləşir. Ona görə də bir çox siyasi ekspertlər indiki şəraitdə bu kəndlərin qarşılıqlı mübadiləsini ən uğurlu variant sayırlar. Əlbəttə, bu variant Azərbaycan dövlətinin rəsmi mövqeyi deyil. Paşinyanın təklifinə görə isə Ermənistan ərazisi ilə əhatə olunmuş eksan-klavlar və anklavlar de-yure Ermənistanın ərazisi, Azərbaycan ərazisi ilə əhatə olunanlar Azərbaycan ərazisi hesab edilsin. Ancaq onun Başkənd baxımından yuxarıda diqqətə çatdırdığımız fikirləri belə deməyə əsas verir ki, Nikol bu kəndin ərazisini daha böyük götürmək niyyətindədir. Hətta mümkündür ki, səkkiz kənd qədər. Ondan nə desən çıxar. Elə başlıca manipulyasiya da məsələnin məhz bu tərzdə qoyuluşundadır.
Qarabağa qayıdış, yoxsa “qayıdış oyunu”
Paşinyanın canlı yayım zamanı üzərində dayandığı başlıca məqamlardan biri də Qarabağ ermənilərinin bölgəyə qayıdışı idi. Onun sözlərinə görə, məsələ müxtəlif beynəlxalq platformalarda müzakirə olunur. Lakin Nikol hesab edir ki, qayıdış mümkün deyil: “Bu mövzunu müzakirə və təhlil edərək başa düşürəm ki, bu gün qayıdış qeyri-realdır. Niyə? Çünki sentyabrın 19-dan sonra Qarabağdan olan bacı və qardaşlarımızı bölgəni tərk etməyə məcbur edən vəziyyət yarandı. Etnik təmizləmə mühiti və siyasəti dəyişməyib. İnsanların bu gün və bu şəraitdə qayıdışı real olsaydı, onlar heç oradan getməzdilər”.
Göründüyü kimi, Paşinyan yenə manipulyasiyasından qalmır. Əslində, erməni baş nazir bu mənada haqlıdır ki, əgər Qarabağ erməniləri bölgədə qalmaq istəsəydilər, oranı tərk etməzdilər. Bir daha aydın olur ki, erməni əhalinin yaşadıqları yerlərdən çıxmaları məqsədli plan imiş. Ermənistan iqtidarı məsələni anti-Azərbaycan ritorikasının tərkibinə daxil edib və belə görünür, gələcəkdə də bu “dəstxəttinə” sadiq qalmağı düşünür. Necə də sadiq qalmasın, axı hazırda Qarabağ ermənilərinə yardım xüsusunda Ermənistana xaricdən milyonlar axır. Paşinyan və komandası isə bu vəsaitdən imtina edən deyil. Ona görə Nikol hazırda Qarabağ ermənilərinin qayıdışını “real görmür”. Üstəlik, Paşinyan deyəsən, bir məsələni də həll edib. Əvvəllər Qarabağın erməni əhalisi üçüncü ölkəyə yön alırdı. Hazırda Nikolun söylədiklərindən belə çıxır ki, erməni iqtidarı bu kəsimi ölkədə qalıb Azərbaycana qarşı alətə çevrilməyə razı salmağı bacarıb: “Qarabağdan zorla köçürülən bacı-qardaşlarımız arasında nəzərəçarpacaq dərəcədə mühacirət yoxdur və bu mənada mən öz məmnunluğumu bildirmək istəyirəm”.
Növbəti manipulyasiya cəhdi
Əlbəttə, canlı yayım zamanı Paşinyanın üzərində dayandığı ən vacib məqam bilavasitə Azərbaycanla sülh gündəliyinin özü idi. Onun sözlərinə görə, qarşıdakı danışıqlar zamanı İrəvan Bakının Avropa İttifaqının vasitəçiliyi ilə müəyyənləşdirilmiş üç prinsip əsasında sülh müqaviləsini imzalamağa razılaşıb-razılaşmayacağı ilə bağlı məsələyə aydınlıq gətirməyə çalışacaq.
Məlum olduğu kimi, bu üç prinsip 2023-cü il mayın 14-də və iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Paşinyanın üçtərəfli görüşlərinin nəticəsində meydana çıxıb. Birinci prinsip hər iki ölkənin bir-birilərinin ərazi bütövlüklərini tanımalarıdır. İkinci prinsip delimitasiya prosesinin siyasi əsasının Alma-Ata Bəyannaməsi kimi təsdiqlənməsi ilə əlaqədardır. Paşinyanın sözlərinə görə, bu prinsip əsnasında Ermənistanın və Azərbaycanın sərhədlərinin delimitasiyası üçün Sovet İttifaqı Silahlı Qüvvələrinin Baş Qərargahının 1974-1990-cı illərdəki xəritələrindən istifadə barədə anlaşma var (?). Üçüncü prinsip isə qarşılıqlılığa və bərabərliyə, ölkələrin yurisdiksiyalarına və suverenliyinə hörmət əsasında regional kommunikasiyaların açılmasıdır.
Nikol bildirib ki, guya, Azərbaycan hazırda bu üç prinsip üzrə sülh müqaviləsini imzalamaqdan imtina edir. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirmək lazımdır. “Bu məsələlərin aydınlaşdırılması qarşıdan gələn danışıqlar prosesinin əsas problemidir və biz onu həll etməyə çalışmalıyıq”, – deyə Nikol Paşinyan vurğulayıb.
İlk baxışdan, N.Paşinyanın söylədiklərindəki bəzi məqamlar müsbət təsir bağışlamaqdadır. Onun sözlərindən belə çıxır ki, Azərbaycanla sülh gündəliyi çox sadə xarakterə malikdir. Ancaq məlumdur ki, mövcud istiqamətdə manipulyasiyalara yol verən Ermənistanın özüdür. Elə həmin Paşinyan bir müddət əvvəl Qranada prinsiplərini ehkamlaşdırmaq yolunu tuturdu. Həmin prinsiplərdə isə Qarabağ ermənilərinin bölgəyə qayıtmalarının beynəlxalq təminatlarından söz açılırdı. Görünür, hazırda təminatlar məsələsi, belə demək mümkünsə, aradan qalxdığına görədir ki, Nikol Qarabağ ermənilərinin bölgəyə qayıdışını qeyri-real sayır. Belədə sual yaranır: Kim deyə bilər ki, Bakı yuxarıda sadalanan üç prinsipi qəbul edib danışıqlar masasına oturmağa qərar versə, həmin masada Qranada gündəliyi ortaya atılmayacaq?
Digər tərəfdən, Ermənistanın 44 günlük müharibənin məğlubu kimi üzərinə götürdüyü öhdəliklər var. Həmin öhdəliklərə görə, Azərbaycanın digər əraziləri ilə Naxçıvanın əlaqəsi təmin edilməlidir. Birincisi, müəyyən deyil ki, sülh müqaviləsi bağlandıqdan sonra İrəvan buna gedəcək, ya yox. Yəni, indiki halda kommunikasiyaların suveren hüquqlar əsasında açılması məntiqində qeyri-müəyyənlik var.
İkincisi, Qərbdəki dostları Naxçıvana yolun Paşinyanın təqdim etdiyi tərzdə açılmasını istəyirlər. Nəinki istəyirlər, onlar, həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat üzrə üzərinə götürdüyü öhdəlikləri kənara atırlar. Bu, azmış kimi, Azərbaycanın Naxçıvana yolun İran ərazisindən keçməsi məntiqinə qarşı da cəbhə açaraq, məsələni Ermənistanla sülh gündəminin tərkib hissəsinə qatırlar. Mövcud durumda da heç bir təminat yoxdur ki, sülh masasında əlavə nələrsə ortaya çıxarılmayacaq. Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlirik ki, həmişə olduğu kimi, sonuncu canlı yayımda da Paşinyanın avazı yaxşı gəlirdi, amma oxuduğu Quran deyildi.
Ə.CAHANGİROĞLU
XQ