Türk xalqlarının musiqisi

post-img

Əsrlər boyu türk xalqlarını ümumi dil, ortaq folklor nümunələri ilə bə­rabər, mahnı və melodiyalar da qırılmaz mənəvi tellərlə bağlamışdır. Turan ellərinin zəngin musiqi ənənələrinin dərindən öyrənilərək təbliğ olunması milli musiqişünaslığımız qarşısında duran mühüm vəzifələrdəndir. 

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova son illər bu sahədə sanballı tədqiqatlar aparmışdır. Tanınmış sənətşünas alimin bu mövzuda yazılarını oxuculara təqdim edirik.

(Birinci yazı)

Türk xalqlarının ənənəvi musiqi mədəniyyəti – xalq yaradıcılığı və şifa­hi ənənəli peşəkar musiqi janrları, ha­belə milli çalğı alətləri barədə bilgilərin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ölkəmizin ali musiqi məktəblərində “Türk xalqlarının musiqisi” fənni geniş tədris olunur. 

Yaşadığımız əsri türk əsri adlandır­saq, zənnimizcə, yanılmarıq. Ən son tarixi proseslər türk xalqlarının vüsətli dirçəlişini və birliyini nümayiş etdirir. Türk Dövlətləri Təşkilatının mövcud­luğu artıq bir gerçəkliyə çevrilib və bu taleyüklü olaylar tarixin ən dərin qat­larından baş alıb gələn ortaq düşün­cənin, zəngin mədəniyyətin varisliyi sayəsində mümkün olmuşdur. Onlara baş vurduqda nəhəng türk dünyasının möhtəşəm ulu keçmişinə, müdrik həyat fəlsəfəsinə, yaşamaq qüdrətinə heyran qalmaya bilmirsən...

Tarixən türklər geniş coğrafi mə­kanda məskunlaşıblar. Şərqdə Tyan-şan dağlarından tutmuş qərbdə Qara dənizin çöllərinə qədər Avrasiyanın bö­yük əraziləri çoxsaylı türk tayfalarının məskəni olmuşdur. 

Şifahi xalq ədəbiyyatı – qədim əf­sanələr, əsatirlər, dastanlar bütün türk xalqlarında oxşardır. Mərasimlər, ata­lar sözlərinin, demək olar ki, eyniliyi, “Dədə Qorqud”, “Manas”, “Koroğlu” və s. qəhrəmanlıq dastanlarının, müxtəlif nağılların, əfsanələrin, el nəğmələrinin, musiqi alətlərinin müştərəkliyi onların konkret olaraq hansı xalqın məxsuslu­ğunu ayırd etməyi belə çətinləşdirir. 

Türklər ta qədimdən musiqiyə müstəsna önəm vermişlər. Çin, Hun türkləri, uyğur türkləri, səlcuqlar və osmanlıların, türk xalqlarının saray və düşərgələrində musiqi qrupları hər gün 9 kök deyilən əsərlər çalırdılar. Ozan­sız, qopuzsuz Səlcuq ordusu olmayıb. Bu ənənə bütün türk qurumlarında özünü qabarıq göstərib. 

Türkdilli xalqların etnik musiqisinin toplanması və tədqiqi işində, ilk növbə­də, rusiyalı alimlərin böyük rolu olmuş­dur. Təbii ki, rusların türk xalqlarının musiqisinə xüsusi marağı siyasi-ictimai amillərlə şərtlənmişdi. Bu proses dağıl­mış Rusiya imperiyasının ərazisində XX əsrin əvvəllərində SSRİ adlı dövlə­tin yaranması ilə daha məqsədyönlü və geniş xarakter almışdı. 

Musiqi türkologiyasının bir elm is­tiqaməti kimi formalaşması XX əsrdə başlanmışdır. Onun əsasını qoyan alimlər sırasında Azərbaycan musiqi mədəniyyətinin dahi siması Üzeyir Ha­cıbəylinin rolu xüsusi vurğulanmalıdır. 

Bu baxımdan bəstəkarın uzun müd­dət naməlum qalmış bir araşdırması – 1919-cu ildə Azərbaycan Cümhuriy­yətinin bir illiyi münasibətilə “İstiqlal” qəzetində dərc olunmuş “Azərbaycan türklərinin musiqisi haqqında” məqalə­si böyük önəm daşıyır. Doqquz bölmə­dən ibarət olan məqalənin ikinci böl­məsi, əslində, türkdilli xalqların musiqi irsinin müqayisəli kontekstdə səciyyə­sidir. 

Məqalədəki iki fikir indi də aktual­lığını itirməmişdir: türk xalqlarının dil baxımından ümumiliyi daha çoxdur, onların musiqi sistemlərində isə tarixən daxil olduqları mədəni əlaqələr çevrəsi­nin təsiri daha güclü olmuş və nəzərə­çarpacaq müxtəliflik yaratmışdır. 

Ü.Hacıbəylinin cənub türklərinin musiqi sistemlərinə yunan-ərəb, şimal türklərinin musiqisinə çin musiqisinin lad və üslub cəhətlərinin təsirini qeyd etməsi türk xalqlarının musiqi sənətinin müqayisəli kontekstdə araşdırılması baxımından indi də aktual səslənir. 

Sovet dövründə türkdilli respubli­kaların hər birində milli musiqinin təd-qiqi ilə məşğul olan sanballı alimlər yetişmişdi. Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya Federa­siyasına daxil olan Tatarıstan, Başqır­dıstan, Tiva, Saxa və digər respublika­larda milli musiqinin tarixinə və nəzəri problemlərinə həsr olunmuş çox sayda tədqiqatlar vardır. Lakin bu tədqiqatlar­da ümumtürk mənşəyinin araşdırılma­sı məsələsi ön plana çıxmamışdı. Bu məsələlər ötən əsrin 70-ci illərindən etibarən müəyyən dərəcədə musiqi şərqşünaslığının tərkibində yer almağa başlamışdır. 

Bu baxımdan görkəmli özbək ali­mi, professor Fayzullo Karomatlının (1925-2014) rolu xüsusi vurğulanma­lıdır. Həmin dövrdə o, 1972-ci ildə iş­lədiyi Daşkənd Konservatoriyasında “Şərq musiqisi” kafedrasını yaratmağa müvəffəq olmuşdu. Bunun nəticəsidir ki, 1978, 1983 və 1987-ci ilərdə Özbə­kistanın Səmərqənd şəhərində Yaxın və Orta Şərq xalqlarının ənənəvi mu­siqisinə həsr olunmuş beynəlxalq mu­siqişünaslıq simpoziumları təşkil edil­mişdi. 1990-cı ildə “Barbəd və Mərkəzi Asiya xalqlarının bədii ənənələri” adlı beynəlxalq simpozium böyük əks-səda doğurmuşdu. Bu forumlarda F.Karo­matlının oxuduğu məruzələr Şərq mu­siqisini öyrənmək istiqamətində kon­septual məsələlərin ortaya qoyulması ilə səciyyələnir. 

Mərkəzi Asiyada ilk dəfə musiqi tür­kologiyasının mövcudluğu və problem­ləri barədə açıq danışmağa başlayan alim isə Qazaxıstan musiqişünaslıq el­minin tanınmış nümayəndəsi Bulat Ka­rakulov (1942-2014) olmuşdur. Məhz o, 1979-cu ildə öz fikirlərini “Musiqi tür­kologiyasının problemləri” məqaləsin­də ortaya qoymuşdur. Müstəqillik illə­rində B.Karakulov ilk dəfə 1994-cü ildə Almatıda keçirilmiş “Türk xalqlarının musiqisi” Beynəlxalq simpoziumunun təşəbbüskarlarından və əsas təşkilat­çılarından biri olmuşdur. 

Azərbaycanda bu problemlərin araşdırılması ilə artıq uzun illərdir ki, sənətşünaslıq doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova məş­ğul olur. Onun fikrincə, musiqi türko­logiyası tipoloji-müqayisəli təhlil yolu ilə türk xalqlarının musiqisininin gene­fondunun axtarışı istiqamətində qüd­rətli bir vasitədir. Müəllifin 2002-ci ildə dərc olunmuş “Musiqi türkologiyası” kitabında yazdığı kimi, “Azərbaycan musiqişünaslığının ən aktual və eyni zamanda, ən mürəkkəb problemlərin­dən biri milli musiqi mədəniyyətinin türk köklərinin araşdırılmasıdır”. 

Keçmiş sovet respublikaları ilə ya­naşı, musiqi türkologiyası Türkiyə və Macarıstanda da əhəmiyyətli elmi na­iliyyətlərlə gündəmdədir. Türkiyə Cüm­huriyyətinin musiqişünasları digər türk xalqlarının tarixi, etnoqrafiyası və mu­siqi ənənələrinə böyük maraq göstə­rirlər. Bu baxımdan, türk tədqiqatçısı, professor Fəza Tansuğ öz işlərində türk musiqi tarixini izləyərək, ayrı-ay­rılıqda hər bir türkdilli xalqın ənənəvi musiqisinin xasiyyətnaməsini vermiş­dir. O da türksoylu xalqların musiqisini üslub əlamətlərinə görə klassifikasiya edərək, bu zaman Üzeyir Hacıbəyli kimi coğrafi prinsipə əsaslanmış, lakin onu daha da şaxələndirmişdir. 

Macarıstanda musiqi türkologiya­sıının uğurları onun iki başlıca mən­bəyinin–türkologiya və etnomusiqişü­naslığın yüksək inkişaf səviyyəsi ilə müəyyən olunub. Təsadüfi deyil ki, dahi bəstəkar və folklorşünas alim Bela Bartok Türkiyədə təşkil olunan musiqi folkloru ensiklopediyalarına rəhbərlik etmək məqsədilə 1930-cu illərdə Tür­kiyəyə dəvət edilmişdi. 

Digər tərəfdən, macar folklor mu­siqisinin türk musiqisi ilə yaxınlığı bu ölkədə musiqi türkologiyasının inki­şafını sürətləndirib. Bela Bartok və Zoltan Kodainin ardınca digər alimlər, o cümlədən Azərbaycana da gəlmiş Yanoş Sipoş geniş coğrafi ərazilərdə (Anadolu, Azərbaycan, Şimali Qafqaz, Qazaxıstan, Qırğızıstan) məhsuldar toplama işləri aparmış və dəyərli elmi əsərlər yazmışlar. 

 

Lalə HÜSEYNOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Sosial həyat