Noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib.
Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin, sadəcə, ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
***
Həmin gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
General-polkovnik Z.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanlarını yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə naziri əlaqələrimizin daha da genişləndirilməsi baxımından belə görüşlərin zəruriliyini qeyd edib.
Y.Güler göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
***
Dünən müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında da ikitərəfli görüş keçirilib.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən C.Burçuladze Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.
Sonda müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
XQ