İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumunun açılış paneli keçirilib. Tədbir Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəbdə təşkil olunub.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev deyib ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədədir. “Bu tarixi uğur Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yürütdükləri uzaqgörən siyasətə söykənir”, - deyə o qeyd edib.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iki ölkə arasında əməkdaşlığın QHT-lər sahəsində də inkişafının önəmini vurğulayıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Turxan Süleyman Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına tam orta məktəbin imkanları barədə danışıb.
Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev iki ölkə arasında əlaqələrin QHT-lər sahəsində də inkişafı üçün bu Forumun vacib təkan olacağını qeyd edib.
***
Forumda “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri təşkil edilib. Müzakirələrin sonunda sual-cavab sessiyası keçirilib.
Yekunda təşkil olunan konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri ifa ediblər.
***
Forumda Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvalayıblar.
Müraciətdə deyilir: “Biz – Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq.
Sizlərə bu müraciəti qəbul etdiyimiz məkan da rəmzidir. Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı, eyni zamanda, Özbəkistanın və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir.
Bu gün bütün dünya Özbəkistanın və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Azərbaycan-Özbəkistan münasibətləri tarixdə heç vaxt belə yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir – cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyev!
Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik!
Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi şair-mütəfəkkir Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu “şairlərin şahı” adlandırmasını unutmur.
Bu gün Azərbaycan və Özbəkistan dünya miqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin talelərini Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə etibar etdilər.
Biz Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutub bildirmək istəyirik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq!
Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik!
Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!”
***
Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının geniş tərkibdə nümayəndə heyəti Şuşanın görməli yerlərini gəzib, şəhərlə tanış olublar.
XQ