Rəsmi İrəvan anti-Rusiya ritorikasında nələrə ümid edir?

post-img

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın ardınca ölkənin xarici işlər naziri Ararat Mirzoyan və müdaifə naziri Suren Papikyan noyabrın 21–23-də Minskdə keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti çərçivəsindəki iclaslarda iştirakdan imtina etdilər. İrəvan – KTMT ziddiyyətləri fonundakı bu məsələ, heç şübhəsiz, Ermənistan – Rusiya münasibətlərindəki hazırkı gərgin fazanı müəyyənləşdirməkdədir. Mövcud durumda meydana bir sıra suallar çıxmaqdadır. Həmin suallardan ən vacibləri isə bunlardır: İrəvan KTMT ilə münasibətləri pozmağa nə qədər davam edəcək? Digər tərəfdən, Ermənistan bu strukturdan çıxmaq üçün rəsmi ərizə verəcəkmi? 

Qeyd edək ki, siyasi müşahidəçilər hazırda hər iki halın baş verə bilməsinin mümkünlüyü üzərində dayanmaqdadırlar. Nəzərə alaq ki, indi İrəvan de-fakto KTMT-dəki üzvlüyünə xitam vermiş vəziyyətdədir. Beləki, Ermənistanın qurumdakı nümayəndəsi geri çağırılıb, onun yerinə yeni təyinat yoxdur. Ölkədə KTMT təlimləri keçirilmir, erməni iqtidarının təmsilçiləri təşkilatın digər üzv ölkələrində düzənlənən təlimlərə qatılmırlar, habelə İrəvan rəsmiləri mövcud platformadakı hadisə və proseslərə məhəl qoymur, ən əsası isə KTMT müşahidəçilərinin Azərbaycan – Ermənistan sərhədində müşahidə missiyası göndərmək təşəbbüsünü rədd edirlər. Bu mənzərəni tamamlayan isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın açıqlamasıdır. 

E.Marukyan ötən həftə bir qədər də ultimativ formada bəyan edib ki, KTMT ilə bağlı yekun qərarlar təşkilatın ötən ilin sentyabrında yaşanmış (Azərbaycanın Ermənistana təcavüzü kimi qiymətləndirilmiş – red.) olayın rəsmən qınanıb-qınanmamasından asılı olaraq veriləcək. Yəni, İrəvan müəyyənləşdirəcək ki, qurumda qalacaq, ya yox. Hər halda erməni iqtidarı yaxşı fərqindədir ki, KTMT müstəvisində indiyədək Azərbaycana qarşı hər hansı addım atılmayıbsa, indən belə də heç nə dəyişməyəcək. Deməli, Marukyanın  danışdıqlarının heç bir əsası yoxdur.

Bəli, hazırda Ermənistanın Rusiyanın hakim rol oynadığı KTMT-yə üzvlüyü yalnız proforma xarakteri daşıyır. Əslində, baş nazir Nikol Paşinyanın quruma heç vaxt isti münasibəti olmayıb. O, hələ müxalifətdəykən, bu struktura üzvlüyü tənqid edib. Hakimiyyətə gəldikdən sonra isə KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılmasına nail olub. Qeyd edək ki, həmin vaxt məsələ, bir növ, bomba effekti yaratmışdı. Nikol indi, necə deyərlər, finişə yaxınlaşmaq üzrədir. O, təşkilatın nüfuzuna ciddi zərbə vurmaqla məşğuldur. Əsas olan isə bütövlükdə, Rusiyanın Ermənistandakı nüfuzunun zədələnməsidir. 

Bəs, Ermənistan bunun müqabilində nə əldə edir? Sual ritorik səslənir. Çünki İrəvanın hazırda əldə edəcəyi elə bir şey yoxdur. Üstəlik, Paşinyan iqtidarının mövqeyi ölkənin təhlükəsizliyinin möhkəmlənməsinə töhfə vermir. Əvəzində avropalı parlamentarilərin alqışları və Qarabağdan köç etmiş ermənilərə yardım göstərmək üçün Ermənistanın büdcəsinə axan vəsait var. Yeri gəlmişkən, USAID rəhbəri Samanta Pauer rəhbərlik etdiyi qurumun bu yaxınlarda Ermənistana daha 4 milyon dollar ayırmağa hazır olduğunu açıqlayıb.

Daha bir sual: Moskva İrəvana zərbə vuracaq hansı addımları ata bilər? Yaxud Rusiya Ermənistana qarşı hansı addımları atmaqla ona cavab verə bilər? Şübhəsiz ki, məsələnin reallaşması tam mümkündür. Bu barədə Kremlin xatırlatması da var. Söhbət Moskvanın İrəvana Ermənistanın Rusiya və KTMT ilə sıx əməkdaşlıqdan qazandığı üstünlükləri yada salmasından gedir. İrəvanda Vaşinqtondan və Brüsseldən gələn nağd pul vəsaitlərinin Moskvanın sərt cavab tədbirləri nəticəsində dəyə biləcək ziyanı qarşılamayacağını gözəl bilsələr də, KTMT-dən ayrılma kursu götürürlər. 

Bununla belə, Paşinyan iqtidarı ümid edir ki, Moskva sərt addımlar atmayacaq. Nikol və tərəfdarları düşünürlər ki, Rusiyada Ermənistanın sadə vətəndaşları ilə ölkənin hakimiyyət orqanlarının maraqları arasındakı fərqin başa düşülməsinə sərmayə yatıranlar var. Təxminən belə: rusların fikirlərinə görə, erməni iqtidarı hələ erməni əhalisi deyil və bu səbəbdən, obrazlı desək, Şimaldan  “sərt küləklər” əsməz. 

Ola bilər ki, Paşinyanın komandasının hesablanması özünü doğruldur. Ancaq bu mənzərə qıraqdan çox miskin görünür. Məsələ burasındadır ki, Ermənistan hakimiyyəti özünün bacarıqsızlığını və səriştəsizliyini, xüsusən də beynəlxalq siyasətdəki naşılığını bütünlüklə Rusiyanın boynuna yıxmaqla məşğuldur. Belə bir yanaşma, o cümlədən anti-KTMT ab-havası Qərbdən Ermənistana yeni pul vəsaitlərinin, ianələrin axınını şərtləndirir. Necə deyərlər, ikili oyun gedir. Rusiyanın Ermənistana qarşı sərt tədbirlərə getməyəcəyinə hesablanmış anti-Rusiya oyunu. Ancaq Nikol və komandası odla oynayır. Axı, pişik də bəzən balasını istədiyindən yeyir. 

R.ƏVƏZ
XQ

 

Siyasət