“Yaşıl sərvət”in əhatə dairəsi genişlənir

post-img

2030-cu ildə ölkəmizin ümumi güc istehsalında bərpaolunan enerjinin payı üçdə birə çatdırılacaq

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istehsal edilən güc 1688 meqavat təşkil edir ki, bu da ümumi gücün, təqribən, 20 faizinə bərabərdir. Bununla belə, regionun alternativ və bərpaolunan enerji potensialının zənginliyi ilə seçilən  ölkəmizdə bu göstəricinin artırılması üçün imkanlar çox yüksəkdir. Belə ki, təsdiqlənmiş proqnozlara görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir. 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də məhz ölkəmizdə bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarətdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının hazırkı göstərici ilə müqayisədə daha 50 faiz artırılması, eləcə də, istixana qazı emissiyalarının 2050-ci ilə qədər 40 faizədək azaldılması nəzərdə tutulur. Eyni zamanda, yaxın illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerjinin 80 faizinin ixracı planlaşdırılır. Bu da ölkəmizin davamlı iqtisadi inkişafına mühüm töhfələr verəcək. 

Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində keçirilən iqtisadi forumun “SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi” mövzusunda baş tutan iclasında Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, 2030-cu ilə qədər ölkəmizdə ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payının 30 faizədək artırılması planlaşdırılır. Bununla belə, nazir müavini hesab edir ki, 2027-ci ilin sonunadək 1870 meqavat həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerjinin payı proqnozlaşdırılmış hədəfdən daha çox, yəni 33 faizə çatdırıla bilər. Bu məqsədlərə nail olmaq üçün isə ölkəmizin energetika sektorunda islahatlar davam etdirilir. 

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdiri vəzifəsini icra edən Cəbrayıl Əliyev isə SPECA 2023 iqtisadi forumunda çıxışı zamanı deyib ki, 2030-cu ilədək ölkəmizdə 7 qiqavat həcmində bərpaolunan enerji üzrə layihələrin reallaşdırılması planlaşdırılır. Onun dediyinə görə, həmin layihələrdən əldə olunan enerjinin 2 qiqavatı daxili istehlaka sərf olunacaq, 4 qiqavatı Xəzər dənizindən Avropa İttifaqına ötürülücək, 1 qiqavatı isə  Türkiyə və Avropaya yönəldiləcək.

Məlum olduğu kimi, ölkəmizin ümumi bərpaolunan enerji potensialının bir hissəsi işğaldan azad edilmiş ərazilərin payına düşür. Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə alaraq həmin əraziləri “yaşıl enerji" zonası elan edib. 

Qarabağ və Şərqi Zəngəzurun əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, burada alternativ və bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb. Elə  işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində “yaşıl enerji” layihələrinə üstünlük verilməsi də bunu deməyə əsas verir. 

Yeri gəlmişkən, C. Əliyev deyib ki, işğaldan azad edilmiş ərazilərdə gerçəkləşdiriləcək layihələrdə “yaşıl texnologiya”ların və enerji səmərəliliyinin tətbiqi nəzərdə tutulur. Onun dediyinə görə, burada istər günəş panellərinin, istərsə də müasir tipli avtomobil dayanacaqlarının, elektrik avtomobillərinin təşviqi ilə bağlı hədəflər var.

Ölkəmizin aşağı karbonlu sənayenin inkişafı üçün böyük potensiala malik olduğunu bildirən “Boston Consulting Group”un nümayəndəsi Stanislav Yankeleviç isə Bakıda keçirilən SPE Xəzər texniki konfransında çıxışı zamanı bildirib ki, Azərbaycanda istehsal ediləcək “yaşıl enerji”nin əsas satış bazarı Avropadır. Artıq bərpaolunan mənbələrdən enerji tədarükü üzrə konkret layihənin də mövcudluğunu vurğulayan S.Yankeleviç ötən il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrik kabelinin çəkilməsi haqqında sazişi xatırladıb. O deyib ki, saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometr uzunluqda elektrik ötürmə xətti Azərbaycanda istehsal olunan 4 qiqavata qədər “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, oradan isə Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. 

Azərbaycanın bərpaolunan enerji potensialı beynəlxalq ekspertlər, eləcə də bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən də yüksək dəyərləndirilir. Məsələn, BP şirkətinin nümayəndəsi Christopher Meyer Bakıda keçirilən Xəzər Texniki Konfransı və Sərgisində deyib ki, Abşeron yarımadasının şelfində külək enerjisinin sıxlığı hər kvadratmetrə, təxminən, 9 min kilovat-saat təşkil edir. Bu da, ümumiyyətlə, Şimal dənizinin cənubu, Avropa və hətta ABŞ-ın şərq sahilləri ilə müqayisə oluna bilər. Şirkət nümayəndəsi ölkəmizin günəş enerjisi potensialının da yüksək olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Abşeronda günəş radiasiyasının sıxlığı hər kvadratmetrə, təqribən, 1500-2000 kilovat-saat təşkil edir ki, bu da Türkiyənin və İspaniyanın şimalında müşahidə ediləndən fərqlənmir. “Hazırda irimiqyaslı günəş enerjisi layihələrinə investisiyalar yatırılır. Hesab edirəm ki, Xəzər regionunun, xüsusən də Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə etməklə karbohidrogenlərin, eləcə də aşağı intensivliyi olan karbohidrogenlərin – neft və qaz boru kəməri vasitəsilə tədarükünü davam etdirmək üçün hər cür imkan var. Azərbaycan bu sahədə xüsusi rol oynayır”, – deyə o əlavə edib.

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat