Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa təminat yaradılır

post-img

Bu məqsədlə indiyədək  7 milyard dollar vəsait ayrılıb

Son 10 il ərzində respublika iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının fəal mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft/qaz ixracının 78,3 faiz  artmasına nail olunub.   Bu dövrdə həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib. 

Xüsusilə dövlət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyib. Qeydiyyatda olan kiçik və orta sahibkarlıq subyektlərinin sayı 3,1 dəfə artıb, qeyri-neft/qaz ÜDM-də payı isə 23,7 faiz təşkil edib. Qeyri-neft/qaz ixracın 25,5 faizi kiçik və orta sahibkarlıq subyektləri tərəfindən həyata keçirilib. 

SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə Azərbaycanın xüsusi təşəbbüsü ilə təşkil olunan sərginin stendlərində nümayiş etdirilən dövlət müəssisələri və özəl şirkətlər tərəfindən buraxılan məhsullarının nümunələri də yuxarıda vurğulanan göstəricilərin əyani ifadəsidir. Yeri gəlmişkən, Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir. 

Sərginin İqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Blokda, həmçinin davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına cəlb edilən investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan dövlət proqramları barədə məlumatlar öz əksini tapıb.  Burada qeyd edilib ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard ABŞ dollarına çatıb, yəni ÜDM-in real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib. 

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqamətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Belə ki, 2002-2023-cü illərdə ölkədə 4 min 95 sənaye müəssisəsinin yaradılması,  2002-ci ildə sənayedə istehsal həcminin 1,6 milyard dollar olduğu halda, ötən il bu rəqəmin 10,4 milyard dollara çatması diqqətə çatdırılıb.  

Yeri gəlmişkən, bu göstəricilərin əldə olunmasında paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları  önəmli rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması da dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir. 

2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri bölgələrdə 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisi istehsalının 76 faizi regionların payına düşüb.  Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən respublikaya çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi  ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. 

Azad edilmiş torpaqlarımızın dirçəlişi və reinteqrasiyası iqtisadi potensialımızın artmasına geniş imkanlar vəd edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 10 min kvadrat kilometrdən çox ərazidə bərpa-quruculuq işləri aparılıb. 

Prezident İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı– SPECA həftəsi çərçivəsində keçirilən sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində reallaşdırılan  genişmiqyaslı tədbirlərdən də bəhs edilib. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrıldığı bildirilib.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilməsi diqqətdə saxlanılır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri keçirilir, hazırda burada fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılır. 

İşğaldan azad edilən ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. Sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platformanın hazırlanmasına başlanılıb.  

Vaqif BAYRAMOV 
XQ 

 

İqtisadiyyat