Zatulindən növbəti blef

post-img

Rusiyanın Ermənistan itkisi ilə bağlı elegiya əvəzi

Sən demə, Ermənistanda 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı ölkə müxalifəti dəstək üçün Rusiyaya müraciət edibmiş. Lakin Moskva kömək etməyib. Bu fikri “Qovorit Moskva” radiostansiyasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə işləri üzrə komitə sədrinin birinci müavini, qatı ermənipərəst Konstantin Zatulin dilə gətirib. Baş nazir Nikol Paşinyanı tənqid edən Zatulin onun 2020-ci ilin Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra seçkilərə getməyə məcbur olduğunu bildirib.

Rusiyalı parlamentari ölkəsinin Ermənistan müxalifətinə nə üçün kömək göstərməkdən imtinasına da aydınlıq gətirib. Onun sözlərindən belə çıxıb ki, N.Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalayanlardan biridir və belə bir şəxsin hakimiyyətdən uzaqlaşması bölgədə yenidən hərbi əməliyyatlar riskini artıra bilərdi. Guya, Moskva bu səbəbdən 2021-ci ilin növbədənkənar parlament seçkilərinə qarışmamaq barədə qərar verib. 

Əlbəttə, Zatulin danışıb gedir və heç bir dəlil-sübut təqdim etmir. Ancaq ümumən son dövrlər Ermənistanda baş verən prosesləri incələsək, onun sözlərinin həqiqətlə bir o qədər uzlaşmadığını söyləmək mümkündür. Yada salaq ki, 2021-ci il parlament seçkiləri zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryan özünü Rusiyanın siyasi sahədə yeganə müttəfiqi kimi göstərirdi. Onun rəhbərlik etdiyi müxalifətin mitinqində Rusiya bayraqları dalğalanırdı. Koçaryan Ermənistanın təhlükəsizliyini ancaq Moskva vasitəsilə görürdü. O və komandası bu günə kimi Paşinyanı Kreml ilə münasibətləri korlamaqda ittiham edir.

Məlum olduğu kimi, R.Koçaryan Rusiya vasitəsilə pul qazanmış adamdır. Onun son vaxtlaradək idarə heyətinin üzvü olduğu Rusiyanın “Sistema” şirkətində payı olub. 2021-ci il seçkilərindən əvvəl isə şirkətdən çıxmaq qərarına gəlib. Belə bir ehtimal var ki, parlament seçkilərindəki məğlubiyyətdən sonra yenidən “Sistema”ya qayıdıb.

2022-ci ilin əvvəllərində Rusiya–Ukrayna müharibəsi başlamazdan əvvəl 
R.Koçaryan keçirdiyi mətbuat konfransında Ermənistanın Rusiya ilə münasibətlərini dərinləşdirməli olduğunu bəyan etmişdi. Hətta, Rusiya–Belarus İttifaq Dövlətinə qoşulmağı məqbul saydığını da açıqlamışdı. Lakin aylar sonra Rusiya müharibədə uğursuzluq zolağına düşəndə, Koçaryan bildirdi ki, ittifaq dövlətinə qoşulmaq üçün doğru zaman deyil.

Ümumən, Ermənistan parlamentindəki Rusiya yönümlü müxalifət birbaşa Moskvanın maraqlarına xidmət etməsi ilə seçilir. Onlar Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində fəaliyyət göstərən Avropa İttifaqının müşahidəçilərinin işini səmərəsiz hesab edirlər. Bu qüvvələr Ermənistanın gələcəyini Aİ ailəsində, bütövlükdə, Qərb platformasında görmürlər, üstəlik, təhlükəsizlik sahəsində ABŞ və Fransa ilə dərin əməkdaşlığın qurulmasını rədd edirlər.

Ermənistandakı ruspərəst müxalifət, həmçinin ölkənin gələcəyini İran və Rusiya müstəvisində gördüyünü də bəyan edir. Bu qütbün nümayəndələri İrəvanın Azərbaycana və Türkiyəyə qarşı Rusiyanın qalasına çevrilməli olduğu fikrini bölüşürlər. Lakin onlar istər 2021-ci ildə, istərsə də ondan sonra Moskvanın dəstəyi ilə hakimiyyəti ələ keçirməyə ümid etsələr də, cəhdləri uğursuzluqla nəticələndi. Hazırda bir çox siyasi müşahidəçilər Rusiyanın Ermənistanda tamamilə nüfuzdan düşdüyünü və özünü rusiyapərəst mövqedən təqdim etməyə çalışacaq bütün qüvvələrin hakimiyyətə alternativ ola bilməyəcəyi fikrini qabardırlar.

Siyasi müşahidəçilər, eyni zamanda, Ermənistanın parlament müxalifəti ilə Kreml arasında əlaqənin olmasını 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə əlaqələndirirlər. Onlar həmin tədbirlər zamanı müxalifətin fəallaşması və iqtidarı istefaya çağırması üzərində dayanırlar. Lakin, məlum olduğu kimi, müxalifətin istəyi yenə də alınmamışdı. Baxmayaraq ki, küçələrə çıxmış, etiraz aksiyaları təşkil etmişdilər. 

Haşiyə çıxaq ki, həmin vaxt Kremlin başlıca təbliğat maşınları sayılan Rusiyanın RTR telekanalının baş redaktoru Marqarita Simonyan və Vladimir Solovyov ermənilərə müraciət edərək, onları müxalifətin mitinqlərinə qoşulmağa çağırmışdılar. Erməni siyasilər Kremlin lokal xarakterli antiterror tədbirləri zamanı anti-Paşinyan təbliğatında başlıca məqamın Rusiyanın baş naziri Dmitri Medvedyevin sosial şəbəkə profilində paylaşdıqlarını göstərirlər. Qeyd edək ki, Medvedyevin hədə-qorxu və hiddət ruhlu paylaşımı Nikolun Rusiyaya qarşı çıxdığı üçün cəzalandırıldığına dair son dərəcə açıq eyham xarakteri daşımışdı. 

Onu da bildirək ki, ruspərəst qüvvələrin aktivləşməsi fonunda Ermənistanda iqtidarın istefasını tələb edən nümayiş və aksiyalara Rusiyanın dəstəyi məntiqi bu addımların iflasa uğramasını şərtləndirən başlıca məqam rolunda çıxış etməkdədir. Siyasi müşahidəçilər bunu illərlə ölkəni talan etmiş Koçaryan–Sarkisyan rejiminə xalqın pataloji nifrəti ilə əsaslandırırlar. Nəzərə alaq ki, bu xunta birbaşa Moskvanın direktivlərini yerinə yetirirdi və məhz bu xuntaya görə Ermənistanda ciddi anti-Rusiya təmayülü indi də qalmaqdadır. Mövcud tendensiya isə ölkədə Paşinyan əleyhinə çıxanları dişsizləşdirir. 

Deyilənləri nəzərə alaraq, belə qənaətə gəlmək mümkündür ki, K.Zatulinin söylədikləri gedən qatarın arxasınca baxmaqdan başqa bir şey deyil. Ermənipərəst parlamentari fikirləri ilə elə görüntü yaradır ki, sanki Rusiya istəsəydi, nə isə edərdi. Amma reallıq budur ki, Moskva istəyib, amma, əlindən heç nə gəlməyib. Və indiki durum həm də onu göstərir ki, Rusiya Ermənistanı itirib. 

Yeri gəlmişkən, Moskvanın digər aktiv ermənipərəstləri kimi, K.Zatulinin də Ermənistana girişi qadağandır.

Ə.RÜSTƏMOV
XQ 

 

Siyasət