Paşinyan hökuməti Qarabağ ermənilərinin geri dönüşünə qarşıdır

post-img

Dövlət Miqrasiya Xidmətində yaradılmış xüsusi portala
Ermənistan ərazisində girişin qapadılması bunun göstəricisidir

Ermənistan hökuməti Qarabağ ermənilərinin sentyabrın sonlarında bölgədən könüllü gedişini ölkəmizə qarşı yeni təzyiq alətinə çevirib. Ölkənin baş naziri Nikol Paşinyan hər yerdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduqlarını bəyan etsə də, atdığı addımlar mahiyyətlə uzlaşmır. Sirr deyil ki, Paşinyan xarici ölkə nümayənələri, əsasən də avropalı tərəfdaşları ilə keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlərdə Qarabağ ermənilərinin bölgədən gedişini “etnik təmizləmə”, “blokadadan xilas olmaq” və sair sözlərlə ifadə edir. Eyni zamanda, Ermənistan rəsmiləri xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələləri qaldırırlar.

Ancaq bugünlərdə rəsmi İrəvanın Qa­rabağ ermənilərinin qayıdışına məqsədli şəkildə əngəl törətdiyi məlum olub. Belə ki, Azərbaycan Dövlət Miqrasiya Xidmə­ti tərəfindən Qarabağ ermənilərinin ilkin qeydiyyata dair müraciətlərinin qəbulu və qeydiyyata alınma prosesinin həyata keçirilməsi məqsədilə yaradılmış xüsusi portala (reintegration.gov.az) Ermənistan ərazisində giriş qapadılıb. Bu barədə er­məni bloger, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan məlumat yayıb. O, “Telegram-kanal”ında yazıb ki, Ermənis­tan Respublikası bununla dövlət səviyyə­sində Qarabağ ermənilərinin bölgəyə qa­yıdışının qarşısını alır. İ.Verdyan bildirib ki, Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı Azərbaycanın proqramı Ermənista­nın ideologiyası, bugünkü reallıqlara görə isə Ermənistan dövlətçiliyi üçün də ekzis­tensial (ekzistensializm – mövcudluq, var­lıq deməkdir) təhlükədir: “Əgər müəyyən sayda erməni Qarabağa qayıtsa və onlara Azərbaycan Prezidentinin səsləndirdiyi mədəni azadlıqlar verilsə, Qarabağ mü­naqişəsinin bütün tarixinin yalan və sax­takarlıq üzərində qurulduğu üzə çıxacaq. Qarabağ münaqişəsi Ermənistanda hə­mişə ərazi deyil, millətlərarası münaqişə kimi təsnif edilib. Nəticə etibarı ilə, əgər ermənilərin Azərbaycanda etnik səbəblər­dən “zülmə məruz qaldıqları” tezisi onların uğurlu reinteqrasiyası ilə məhv edilirsə, o zaman Azərbaycan istənilən məhkəmədə asanlıqla sübut edə bilər ki, münaqişənin başlanğıcından bu günə kimi Ermənistan sırf təcavüzkar və işğalçı olub. Məhz buna görə də ölkə reinteqrasiya ilə bağlı istə­nilən cəhdin qarşısını alır”.

Qeyd edək ki, Azərbaycan dövləti Qarabağ ermənilərini hər zaman özünün vətəndaşı hesab edib. Azərbaycan 44 günlük Vətən müharibəsini beynəlxalq hüquqa və beynəlxalq humanitar huquqa əməl etməklə aparıb. Müharibə dövründə mülki insanlar və yaşayış evləri, infrast­ruktur obyektləri hədəfə alınmayıb. Bunun sayəsində mülki insanlar arasında itkilər minimum olub. Bu faktı xarici dövlətlər və beynəlxalq təşkilatlar, həmçinin Ermə­nistanın özü də etiraf edib. Azərbaycan tərəfi müharibə zamanı saxlanılmış hərbi əsirlərlə də nümunə ola biləcək davranış nümayiş etdirdi. Bunu isə erməni əsirlər Azərbaycan televiziyalarına müsahibələ­rində bildirmişdilər.

Müharibədən sonra Azərbaycan dövlə­ti Qarabağ ermənilərinin reinteqrasiyasını elan etdi. Onlara Azərbaycan qanunverici­liyi çərçivəsində ölkənin digər vətəndaşları kimi hüquqlar veriləcəyini bildirildi. Ancaq müharibədən ötən üç ilə yaxın dövr ərzin­də Qarabağdakı keçmiş separatçı rejim bu təşəbbüslərin həyata keçirilməsinə mane oldu. Qanunsuz rejim hər cür reinteqrasi­ya təşəbbüsünü blokladı. Nəticədə aydın oldu ki, onun varlığının özü reinteqrasiya­nın baş tutması yolunda ən böyük maneə­dir. Prezident İlham Əliyev hələ 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışı zamanı bildirmişdi ki, separatçı rejimin ünsürləri üçün yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, ölkəmizin loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atri­butlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Dövlətimizin başçısı tarixi çıxı­şında demişdi: “Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülmə­lidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o böl­gədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parla­ment” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz və­zifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. An­caq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, separatçılar onların xilası üçün yaran­mış tarixi fürsəti əldən verdilər. Nəticə göz önündədir: Təkəbbürlə Bakıya gəlib çay içəcəklərini bəyan edənlər bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxa­nasında miskin aqibət yaşayırlar!

Separatçı rejimin nümayəndələri Azər­baycan Prezidentinin nümayəndəsi ilə bu il martın 1-də Xocalıda keçirilən görüşə qatılsalar da, Bakıya gəlməkdən imtina et­dilər. Beləliklə, dialoq baş tutmamış qaldı. Sonra isə onlar özləri qaça-qaça Yevlaxa gəldilər.

Bütün bunlar Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonunun sepa­ratçı rejimin əsarətində olan hissəsində antiterror tədbirləri keçirməsini zəruri etdi. Cəmi bir neçə saat sonra rejimin mənsub­ları atəşkəsə razı olduqlarını bildirdilər. Azərbaycan isə onların tamamilə təslim olmasını tələb etdi. Nəticədə separatçı ünsürlər təslim olaraq “ağ bayraq” qaldı­raraq təslim oldular. Ancaq rejimin səpdiyi nifrət toxumları artıq çoxdan boy atıb cü­cərmişdi. Nəinki cücürəmişdi, qollu-bu­daqlı ağaca çevrilmişdi. Bunun yaratdığı əhval-ruhiyyə ilə Qarabağ erməniləri Er­mənistana köç etməyə başladılar. Halbuki onlara həm “Laçın” sərhəd nəzarət-bu­raxılış məntəqəsində sərhədçilər və polis əməkdaşları tərəfindən, həm də Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycan cəmiyyətinə reinteqrasiya ilə bağlı təkliflər edilirdi. Ermənilərin Qarabağdan Ermə­nistana köçdükləri günlərdə – sentyabrın 28-də Xarici İşlər Nazirliyinin bəyanatda deyilirdi: “Ermənistan baş naziri Nikol Pa­şinyanın Azərbaycanın Qarabağ bölgə­sində yaşayan erməni sakinlərin, guya, “etnik təmizləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin on­ların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı mə­lumdur. Əgər erməni sakinlərin hansısa hissəsi Azərbaycan qanunvericiliyi və ha­kimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sa­kinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Məsələ ilə bağlı fikirlərini “Xalq qə­zeti” ilə bölüşən Beynəlxalq Münasi­bətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib ki, Ermənistan hökumətinin reinteqrasiyaya imkan verməməkdə əsas məqsədi ilk növbədə Azərbaycanı “etnik təmizləmə”də ittiham etmək üçün “əsas­lar” yaratmaqdır. Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məh­kəməsində Azərbaycana qarşı qaldırdığı iş üzrə dinləmələrdə də belə cəhdlər var idi. Eyni zamanda digər platformalarda da Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı səsləndirilir: “Onlar buna nail ol­maq istəyirlər. Əgər Qarabağ erməniləri geri qayıtsalar, yenidən orada yaşasalar faktiki olaraq, Ermənistan gələcəkdə nə ərazi iddiası irəli sürə, nə də ümumiyyətlə Azərbaycanı nədəsə itiham edə biləcək. Halbuki Ermənistanda bəziləri düşünürlər ki, gələcəkdə bu məsələyə qayıda bilərlər. Hesab edirlər ki, guya, Azərbaycan bura­da “etnik təmizləmə” törədib. Guya, bun­dan irəli gələn müəyyən öhdəliklər var və hansısa beynəlxalq missiya, Fransa, ABŞ kimi ölkələr gəlib Ermənistana kömək edəcəklər. Hər halda Azərbaycan Qara­bağ ermənilərinin reinteqrasiyasına şərait yaradıb, Ermənistan hökuməti isə buna mane olur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan hakimiyyəti Qarabağ ermə­nilərinin geri qayıdışında, Azərbaycan cəmiyyətinə reinteqrasiyasında maraqlı deyil. Onun sözlərinə görə, ötən aylar ər­zində baş nazir Nikol Paşinyan tərəfindən bununla bağlı heç bir açıqlama eşitməyib: “Paşinyan heç yerdə demədi ki, Qara­bağ erməniləri mütləq qayıtmalıdırlar və sair. Ona görə də reinteqrasiya mövzusu Ermənistan üçün aktual deyil. Açığı bi­zim üçün də aktuallığını itirib. Biz onlara müraciət etdik, dedik ki, gəlsinlər, amma Azərbaycan vətəndaşlığını qəbul etməli­dirlər. Onlar istəmirdilər və çıxıb getdilər. Gəlmirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, bu onların öz seçimidir. Mən burada israr etməyin fay­dasını görmürəm”.

Elxan Şahinoğlu deyib ki, Qarabağ ermənilərinin bir hissəsi qayıtsa, Azərbay­can vətəndaşlığını qəbul etsə, Ermənistan hökumətinin ölkəmizə qarşı “etnik təmiz­ləmə arqumenti” zəifləyəcək. Ermənistan hakimiyyəti bunun baş verəcəyi təqdirdə, beynəlxalq aləmdə mövqelərinin zəifləyə­cəyini düşünür. Ona görə də onlar Qa­rabağ ermənilərinin qayıdışında maraqlı deyillər.

Qeyd edək ki, Qarabağ ermənilərinin reinteqrasiya planı Qarabağın erməni sa­kinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun sent­yabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nü­mayəndələri ilə görüşündə onlara təqdim edilmiş, oktyabrın 2-də isə Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sa­kinlərin reinteqrasiyası ilə bağlı tədbirlər proqramı açıqlanmışdı. Sənəddə etnik, dini və ya dil mənsubiyyətindən asılı ol­mayaraq, hər kəsin hüquq və azadlıqla­rının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verildiyi bildirilir. Ancaq ermənilər bundan da imtina etdilər və Ermənistanda yaşamağı üstün tutdular. İndi isə məlum olur ki, Ermənistan dövlət səviyyəsində Qarabağ ermənilərinin rein­teqrasiyasında maraqlı deyil. Reinteqrasi­yanın həyata keçirilməsi üçün yaradılmış reintegration.gov.az saytına girişin qa­padılmasını başqa cür izah etmək müm­künsüzdür. Seçim onlarındır: istəyirlər qayıtsınlar, istəmirlər qayıtmasınlar. Heç kim onlara minnətçi düşən deyil. Sadəcə, bu mövzuda manipulyasiya etməyə, Azər­baycanı suçlamağa son qoysunlar.

 

Səxavət HƏMİD
XQ





Siyasət