20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru

post-img

Fəlsəfi-sinergetik təhlil

VI MƏQALƏ

“Böyük işləri görmək çətin­dir, ancaq ona rəhbərlik etmək daha ağırdır”

Fridrix Nitşe

Liderlik sinerjisinin sistem komponentləri

“Liderlik sinerjisi” anlayışının fəl­səfi-sinergetik anlamı mürəkkəblik paradiqmasına əsaslanır. Burada “mürəkkəblik paradiqması” sinergetik yanaşma kontekstində dərk edilir. Onu vurğulayaq ki, bu paradiqma haqqında Azərbaycanda hələ XX əsrin 80-90-cı illərində professor Əbülhəsən Abbasov yazmışdır. Professorlar Əziz Məmmə­dov və Əli Abasovun da mövcud is­tiqamətdə tədqiqatları var. 

Öncə, “liderlik sinerjisi” anlayı­şına fəlsəfi və konkret siyasi-nəzəri məzmun vermək lazım gəlir. “Sinerji”, ümumiyyətlə, müxtəlif enerjilərin, pro­seslərin, fəaliyyətin, faktorların, pa­rametrlərin, obyektlərin və s. harmo­niyasını, fərqliliklərini sintez edən və ortaq hərəkət etməyi təmin edən ye­kun effekti ifadə edir. Həmin aspektdə Azərbaycan sosioloqu Əhməd Qəşə­moğlunun istifadə etdiyi “ahəngyol” anlayışı məzmunca sinerjiyə yaxındır. Bəlkə də identikdir. 

Bununla yanaşı, sinerjinin ümu­mi anlamı “liderlik sinerjisi” anlayışına praktiki-tətbiqi aspektdə yeni heç bir məzmun vermir. Bunun üçün “liderliyin sinerjisi”nin nəyi ifadə etməsinin həm fəlsəfi, həm də sinergetik-elmi mahiy­yətini müəyyən etmək gərəkdir. 

Bizim öncəki məqalələrdə ifadə edilən məntiqi təhlil çərçivəsində lider­liyin sinerjisi lider-cəmiyyət-milli+regi­onal+qlobal miqyasların qarşılıqlı mü­nasibətləri sahəsində meydana gələn yeni dəyərlərin (geosiyasi, siyasi, kon­septual, sosial-mədəni, diplomatik və s.) konkret müsbət nəticə verən har­moniyasının yekun effektidir. 

Kifayət qədər nəzəri və mürək­kəb semantika olduğunu anlayırıq və məsuliyyətini dərk edirik. Ancaq XXI əsrin reallıqları elədir ki, yeni liderliyin ciddi və əsaslı fəlsəfi dərki mahiyyətcə mürəkkəb prosesdir. Biz bu mürəkkəb­liyi sadələşdirməyə çalışacağıq. 

Liderliyin sinerjisi sırf nəzəri fak­tor deyildir, əksinə yeni liderliyin daim təcrübədə sınanan konseptual və praktiki fəaliyyətinin sintezidir. Hazır­da istənilən cəmiyyətin sosial-mədə­ni, iqtisadi, informasion, mənəvi-əx­laqi strukturu o dərəcədə rəngarəng (heterogen) və qeyri-xətti mahiy­yətlidir ki, əsl lider çoxsaylı müsbət emosional-psixoloji, iradi və zəkavi keyfiyyətlərə malik olmalıdır. Bunlar isə konkret olaraq liderin qarşılıqlı təmas məkanlarında yaratdığı konk­ret dəyərlərdə ifadəsini tapır. Burada hər hansı nəzəri və mücərrəd arqu­mentlər işlək deyildir. Buna görədir ki, Qərb filosofları və politoloqları müasir liderlikdə faydalı sayıla bilən nəticə­li liderliyi, siyasi-diplomatik fəaliyyəti uğurlu hesab edirlər. 

Belə çıxır ki, liderliyin sinerjisinə li­derin fəaliyyət miqyası ilə missiyasının (İsa Həbibbəyli mənasında) sintezində yanaşmaq olar. Liderliyin miqyası bu­rada liderin cəmiyyət, region və qlo­bal miqyaslarda fəaliyyətinin konkret nəticələrinin faydalılıq aspektində qiy­mətləndirilməsi ilə bağlıdır. Liderliyin missiyası isə liderlik fəaliyyətinin stra­teji məqsədinin siyasi və fəlsəfi-etik aspektlərinin harmoniyası ilə əlaqəlidir. Həmin kontekstdə liderliyin sinerjisi missiya ilə miqyasın bir-birini dövlət­çilik aspektində tamamlaması əlaməti kimi təsəvvürə gətirilə bilər. Bir az da konkretləşdirək.

Miqyas və missiya çətiri altında li­derliyin sinerjisi fəaliyyətin substantiv və kommunikativ aspektlərinin “kə­sişmə sahəsində” liderin şəxsiyyət və idarəedən aparıcı kimi yarada bildiyi yeni dəyərlərin sistemli qarşılıqlı əlaqə­sini ifadə edir. Burada sinerjinin siyasi anlamda iki mühüm cəhəti vardır. 

Birincisi, lider-cəmiyyət qarşılıqlı münasibətlərində liderliyin missiya və miqyasınını bir-birini tamamlaması. Onun üçün liderin strateji zəkası daxili siyasətin prioritetlərini doğru müəyyən etməklə yanaşı, onların səmərəli real­laşdırılması üsullarını da aydın göstər­məlidir.

İkincisi, liderin lider-cəmiyyət mü­nasibətlərində nail olduğu sinerjini re­gional+qlobal miqyasa transformasiya prosesində milli-regional-qlobal ma­raqları dövlətçilik maraqları çərçivəsin­də uyğunlaşdıra bilməsi.

Bu iki faktorun harmoniyası siyasi liderlik sinerjisinin konkret səviyyədə sistem komponentlərinin ahəngdarlı­ğı (Ə.Qəşəmoğlu) sayəsində yarana bilər. Deməli, siyasi liderlik sinerjisinin sistem komponentlərinin müəyyənləş­dirilməsi və onlar arasında funksional münasibətlərin aydınlaşdırılması des­kriptiv (məqsəd nəzərdə tutulmadan fiksasiya) deyil, analitik (təhlil+proq­noz) mahiyyətlidir. 

Prezident İlham Əliyev modelinin 3 aspekti 

Buradan biz Prezident İlham Əliyevin son 20 illik fəaliyyətinin nü­mayiş etdirdiyi təcrübəyə əsaslana­raq, dövlət başçısı və milli lider kimi siyasi liderlik sinerjisinin sistem kom­ponentlərini müəyyən edə bilərik. Bu, Prezidentin nəzəri-konseptual və siya­si-praktiki fəaliyyətinin ortaq kəsişmə sahəsində yaratdığı yeni geosiyasi, siyasi, idarəetmə, mənəvi-əxlaqi və so­sial-iqtisadi dəyərlər fonunda mümkün­dür. Həmin aspektdə siyasi liderlik si­nerjisinin ilk komponenti olaraq dövlət tərbiyəsinin XXI əsrin dəyişmə dinami­kası kontekstində inkişaf etdirilməsini müəyyənləşdirmək olar. 

Liderliyin sistem komponenti kimi “dövlət tərbiyəsi” dedikdə nəyi nəzər­də tuturuq? Nəzəriyyədən məlumdur ki, dövlət tərbiyəsi faktoru həm döv­lətin mövcudluğunda, həm də onun dayanıqlı funksionallığında mühüm rol oynayır. Onun substantiv (kadrlar), idarəetmə (siyasi, sosial, informasiya və s. institutlar) və funksional (cəmiy­yətin müəyyən təbəqələrinin (stratla­rın) toplum naminə fəaliyyət əmsalı) aspektləri vardır. XXI əsrdə müstəqil milli dövlətçilikdə dövlət tərbiyəsi vur­ğulanan aspektlərdə böyük əhəmiy­yət daşımaqdadır. XXI əsrdə dövlət tərbiyəsinin substantiv, idarəetmə və funksional aspektlərinin bir-birini ta­mamlaması (ahəngdarlığı) milli döv­lətçilikdə strateji əhəmiyyət daşıyır. Bu şərtin ödənməsi isə tamamilə milli liderin üzərinə düşür. 

Burada meydana bir neçə sual çıxır: siyasi liderliyin sinerjisinin yaran­masında sistem komponenti kimi əsas rolu cəmiyyətin hansı təbəqəsi oyna­ya bilər? Cəmiyyətin elitasımı? Lide­rin tərəfdarlarımı? Bəlkə hakim siyasi partiya? Yoxsa, hansısa başqa sosial təbəqə?

Sosial-siyasi sinergetikanın qa­nunlarına görə, burada müəyyənedici rolu konkret cəmiyyətin mövcud oldu­ğu real şərait oynayır. Cəmiyyətin qar­şısına qoyduğu məqsədlər, daxili və­ziyyət, regional və qlobal proseslərin həmin cəmiyyətə təsiri özəllikləri və dövlətçilik ənənəsinin əsas faktorları kimi parametrlərin sistemi liderə konk­ret aparıcı amili dəqiqləşdirməyə im­kan verir. İlham Əliyev bu şərtlər daxi­lində dövlət tərbiyəsini başlıca olaraq cəmiyyətin gənc təbəqəsi üzərində inkişaf etdirməyə qərar vermişdir. Bu, dövlət tərbiyəsinin substantiv, idarəet­mə və funksional aspektlərinin vəh­dəti daxilində reallaşdırılmışdır. Onun əsas təzahür formaları: gənc nəslin ideoloji tərbiyəsini sırf müstəqil döv­lətçiliyə bağlayan müstəvidə aparıl­ması (azərbaycançılıq), vətənpərvər­lik ruhunun yeni şəraitə uyğun inkişaf etdirilməsi (azərbaycançılıq konteks­tində Vətənsevərlik və milli məsuliy­yət hissinin inkişafı, şərəfli və qalib əsgər duyğusunun aşılanması), yeni kadrların yetişdirilməsi (təhsil islahat­ları fonunda dünyanın aparıcı ali mək­təblərində təhsil almaq üçün davamlı olaraq gənclərin xaricə göndərilməsi), yeni idraəetmə institutlarında gənclə­rin yeri və rolunun artırılması (ali döv­lət idarəetməsindən tutmuş müxtəlif növ xidmət sahələrində gənclərə üs­tünlük verilməsi (məsələn, ASAN xid­mət), gənc sahibkarlar təbəqəsinin “Azərbaycan naminə” şüarına uyğun yetişdirilməsi və “dövlətçi ziyalılar” tə­bəqəsinin formalaşdırılması.

Beləliklə, siyasi liderliyin sinerjisin­də “dövlət tərbiyəsi” anlayışı özündə bir neçə faktoru sintez edir. Onlar aşa­ğıdakılardır:

- Yeni gənc nəslin milli müstəqil demokratik dövlətçilik ruhunda tərbiyə­si və ictimai məsuliyyətini aydın dərk edən vətəndaş kimi yetişdirilməsi; 

- İdarəetmədə milli ruhlu dövlətçi gənclərin payının üst səviyyəyə çıxa­rılması;

- Dövlət və cəmiyyət naminə çalı­şan gənc sahibkarlar təbəqəsinin for­malaşdırılması;

- Ordu quruculuğunda gənclərin vətənsevər, qalib, vətənpərvər, dövlətçi ruhunda yetişdirilməsi üçün kompleks proqramların reallaşdırılması;

- Cəmiyyətin elitasını əsas olaraq dövlətçi ziyalılar təbəqəsindən forma­laşdırılmasını nəzədə tutan proqramla­rın həyata keçirilməsi. 

Müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunda bu tər­kib hissələrinin hər birinin böyük əhə­miyyəti vardır. Onu deyək ki, bütöv­lükdə dünya təcrübəsi üçün də həmin faktorların vacibliyini Qərb tədqiqatçı­ları və analitikləri vurğulayırlar. Bir nü­munə göstərək.

ABŞ-ın tanınmış analitiklərindən olan Corc Fridman bir neçə il öncə “Stratfort”un başçısı kimi qələmə aldı­ğı təhlili-proqnostik xarakterli yazıda vurğulayırdı ki, Rəcəb Tayyib Ərdoğanı digər dünya liderlərindən fərqləndirən başlıca cəhətlərdən biri cəmiyyətə fay­da verməyi əsas məqsəd hesab edən gənc sahibkarlar təbəqəsi (stratı) ya­ratmasından ibarətdir. Gənc türk sahib­karlar qazanclarını həvəslə cəmiyyətin faydası üçün xərcləyirlər. C.Fridmana görə, bu keyfiyyətdə gənc sahibkarlar təbəqəsinin mövcud olması, toplumda orta təbəqinin strateji perspektivinin başlıca göstəricisidir. 

Təbii ki, burada bir incə məqama da aydınlıq gətirməyə ehtiyac var. Məsələ ondan ibarətdir ki, fəlsəfə və polito­logiyanın nəzəri-metodoloji kateqorial aparatından istifadə edərək istənilən nəzəri konstruksiyanı qurmaq olar. An­caq bunun üçün öncə liderin fəaliyyəti­nin konkret istiqamətləri və əldə etdiyi nəticələr mövcud olmalıdır. Prezident İlham Əliyevin siyasi liderliyinin siner­jisinin nəzəri təqdimatı birbaşa prak­tiki fəaliyyətinin ümumi mənzərəsinə, konkret faktlara dayanır. Məhz bu as­pektdə bir mühüm cəhəti mütləq vurğu­lamaq lazımdır. 

İlham Əliyevin siyasi liderlik siner­jisi praktiki fəaliyyətdə strateji zəka qabiliyyəti ilə yüksək şəxsi keyfiyyət­lərinin vəhdətinə əsaslanır. Bu tezisi təsdiq edən və Prezidentin sistemli olaraq reallaşdırdığı konkret proqram­lar mövcuddur. Həmin sırada idarəet­mədə vitse-prezidentlik institutunun uğurla reallaşamasını təmin edən proqramı, enerji strategiyasına aid layihələrini, “dəmir yumruq” və “biz birlikdə güclüyük” kəlamlarının ifadə etdiyi həmrəylik və monolitlik proq­ramlarını, Azərbaycanın siyasi mühi­tində demokratik sıçrayış effekti verən siyasi dialoq proqramlarını, ordu quru­culuğunun strateji humanitarlığını və milli təhlükəsizliklə sıx əlaqəsini təmin edən proqramları göstərə bilərik. Bu məqamların fəlsəfi və politoloji anlamı necə ola bilər? 

(ardı var) 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru



Siyasət