İşçi Qrupun növbəti iclası

post-img

Şuşa şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə görülən işlərin icrası ilə bağlı geniş mü­zakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat na­zirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov qeyd edib ki, Dövlət Proqramının Tədbirlər Planında avtomo­bil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi kimi stra­teji layihələr yer alıb: “Bunlardan artıq bir neçəsi – “Zəfər yolu”, Laçın şəhə­rinə daxil olmadan yeni avtomobil yolu, Füzuli–Hadrut avtomobil yolu, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi uğurla icra olunub. Laçın Hava Li­manının tikintisi üzrə işlər sürətlə davam etdirilir, hazırda layihə üzrə işlərin ümumi icra vəziyyəti 53 faiz təşkil edir”.

Nazir müavini əlavə edib ki, Bərdə–Ağdam (47,1 km) və Horadiz–Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 83 və 44 faiz təşkil edir.

Rəhman Hümmətov hazırda ümumi uzunluğu 2157 kilometr olan 17 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını və bunların da əksəriyyətinin respublika əhəmiyyətli yol­lar olduğunu diqqətə çatdırıb.

Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radioproq­ramın yayımı həyata keçirilir. Mobil tele­kommunikasiya xidmətlərinin təşkili üçün antiterror tədbirləri nəticəsində azad edilən ərazilər də daxil olmaqla, 330 ədəd baza stansiyası quraşdırılıb. 

Rəhman Hümmətov “Yolumuz Qara­bağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas iştirak­çılarını məlumatlandırıb. “Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçiri­lib, 26 226 sərnişin işğaldan azad olun­muş əraziləri ziyarət edib”.

Nazir müavini, həmçinin Şuşa şəhə­rində hazırda abunəçilərə yeni texnologi­yalar əsasında telefon və sürətli internet xidmətlərinin verildiyini, tikinti və bərpası icra edilən ictimai əhəmiyyətli binaların telekommunikasiya xidmətləri ilə təmin edilməsi üçün layihələndirmə işlərinin aparıldığını, müxtəlif istiqamətlər üzrə magistral və abunəçi fiber-optik xətlə­rin çəkilməsi işlərinin görüldüyünü qeyd edib.

Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Şuşa rayonun­da Prezidentinin xüsusi nümayəndəliyi­nin təmsilçisi Kənan Quliyev, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, “Azər­baycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Nazim Talıbov, həmçinin digər iştirakçılar çıxışlarında işğaldan azad edilmiş ərazilərdə Proqram üzrə həyata keçirilən layihələrin əhəmiyyəti və digər vacib məsələlər barədə qarşıda duran vəzifələrdən danışıblar.

XQ

Son xəbərlər