Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvan təməli və dərsləri

post-img

Keçmiş SSRİ-nin ali rəhbərlərindən biri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyev sovet imeriyasının olimpindəki düşmən dairənin məkrli fitvası ilə istefaya məcbur ediləndən 4 il sonra Vətənin dar məqamında xalqının mübarizəsinə bacardığı köməyi göstərmək üçün 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməyə razılıq verdi. 

“Çiyinimə avtomat salıb, Azərbaycan xalqının yolunda, onun azadlığı yolunda canımı qurban verməyə hazıram” məramı ilə siyasi fəaliyyətə qayıdan Ulu öndər doğulub böyüdüyü Naxçıvan torpağında Azərbaycanın yaxınlaşan dövlət müstəqilliyinin əsaslarının formalaşdırılmasına rəhbərlik etdi. Bu tarixçə bir daha sübut etdi ki, böyük tarixi şəxsiyyətlərin həyatı və fəaliyyətinin bütün gedişləri və önəmli məqamları mənsub olduğu xalqın və ölkənin, hətta geniş mənada beynəlxalq münasibətlərin dəyişməsi və inkişaf etdirilməsi, yenidən qurulması ilə üzvi surətdə bağlı olur. 

Ümummilli liderin blokada və işğal təhlükəsi şəraitində yaşayan Naxçıvanda siyasi fəaliyyətini davam etdirməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malikdir. Bu hadisəyə XX əsrin səksəninci illərinin sonu və doxsanıncı illərin başlanğıc dövrünün ictimai-siyasi proseslərinin müstəvisindən baxsaq, xalqımızın və ölkəmizin taleyi üçün tanınmış, təcrübəli və səriştəli siyasi liderin nə dərəcədə əhəmiyyətli olduğu qabarıq şəkildə nəzərə çarpar. 

Keçən əsrin səksəninci illərinin ortalarından sonuna qədər bir-birini əvəz edən kommunist rəhbərləri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyindən sonrakı dövrün boşluğunu doldurmaq gücündə ola bilməmişdilər. Doxsanıncı illərin əvvəllərində zamanın dalğasında romantik-idealist simalar kimi görünən AXC–Müsavat iqtidarının nümayəndələrinin isə nə siyasi təcrübəsi və səriştəsi, nə də normal idarəçilik qabiliyyətləri var idi. Sözün böyük mənasında, Azərbaycanın geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan güclü dövlət xadiminə ciddi ehtiyacı var idi. 

Nə kommunist rəhbərlərin arasında, nə də cəbhəçi bəylərin sıralarında mövcud tarixi şəraitdə ölkəyə rəhbərlik edə biləcək, Sovet İttifaqının dağılması ilə əlaqədar xalqı düşdüyü ağır vəziyyətdən çıxaracaq, ölkəni irəli apara biləcək əhəmiyyətli siyasi fiqur görünmürdü. Vəziyyət isə çox mürəkkəb idi. Sovet dövlətinin dağılması nəticəsində digər keçmiş müttəfiq respublikalar kimi, bəzilərindən isə daha çox Azərbaycan Respublikası çoxcəhətli böhranın dərinləşməsi dövrünü yaşamaqda davam edirdi. Xalqda ölkənin gələcəyinə böyük ümidsizlik yaranmışdı.     

Ara-sıra Azərbaycanın parçalanacağı, regionların müxtəlif ölkələr arasında bölüşdürüləcəyi barədə mülahizələr səslənməkdə idi. Üstəlik də çətin blokada şəraiti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında vəziyyəti daha da çətinləşdirmişdi. Bütün bunlar az imiş kimi, keçən əsrin səksəninci illərinin axırlarından etibarən Azərbaycan iqtidarındakı sol və sağ təmayüllü rəhbərlərin, demək olar ki, mütləq əksəriyyəti Naxçıvan Muxtar Respublikasına ögey münasibət bəsləyirdi. Onlardan bəziləri Naxçıvanı “acı bağırsaq kimi kəsib atmaq”, bəziləri isə muxtariyyət statusunu ləğv etmək barədə bəyanatlarla çıxış edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan tərəfdən də siyasi-hərbi təzyiqlər qüvvətlənməkdə davam edirdi. 

Olduqca çətin, mürəkkəb və məsuliyyətli məqamda Heydər Əliyev kimi böyük və zəngin həyat və siyasət məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, taleyin hökmü ilə 22 iyul 1990-cı ildə Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə və Mirzə Fətəli Axundzadə adına Naxçıvan şəhər seçki dairəsindən Muxtar Respublikanın Ali Məclisinə deputat seçilməsi geniş mənada xalq arasında ölkənin gələcəyinə böyük ümid qığılcımları yaratmışdı.

Bu mənada, Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan miqyasında böyük rəğbətlə qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Artıq xalqımız əmin idi ki, ən azı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra daha heç vaxt düşmən caynağına keçə bilməz. Bu hadisə o zamankı Dağlıq Qarabağ ətrafında torpaqların itirilməsi prosesinin tez-tez müşahidə olunduğu ağır bir vaxtda xalqda ölkənin ərazi bütövlüyünün bərpa olunacağına da böyük ümid yaratmışdı. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin Sədrliyi ilə keçən iclaslarında ölkənin müxtəlif bölgələrindən gəlmiş rəsmi qurumların nümayəndələrinin, haqları tapdanmış sadə, zəhmətkeş insanların iştirak edib, özlərinin mövcud vəziyyətləri barəsində dəqiq məlumatlar verərək, çıxış yolları barədə məsləhətlər almaları, dəstək görmələri Ali Məclisi Azərbaycan xalqının ümid qapısına çevirmişdi. Bütövlükdə isə görkəmli dövlət xadimi Heydər Əliyev ölkənin və xalqın əsl ümid çırağı idi. Naxçıvanda yaşayıb-işlədiyi illərdə Heydər Əliyevin iş otağında yanan sadə çıraqdan bütün Azərbaycana işıq düşürdü.

Faktiki olaraq 1991-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyəti idarəçiliyi yox kimi idi. Bir qədər əvvəl Naxçıvan MR Ali Məclisinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək, bundan sonra Naxçıvan Muxtar Respublikası adlandırılmasını qərarlaşdırmışdı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması, sadəcə, redaktə xarakterli düzəliş deyildi. Bu, de-fakto SSRİ-nin tərkibindən çıxmaq, ən azı isə bu dövlətin çərçivəsində müstəqil dövlət qurumu yaratmaq demək idi. 

Bundan başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət Bayrağı Ali Məclisin binası üzərində dalğalanmağa başlamışdı. Bütün bunlar yalnız Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin həm böyük siyasi iradəsinin, dönməz azərbaycançılıq idealının, qeyri-adi cəsarətinin və uzaqgörənliyinin sayəsində həyata keçirilə bilmişdi. 

Bütün bunlar Sovet İttifaqı və respublika rəhbərlərini narahat etmişdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli iclasında qəbul edilmiş ciddi və mühüm siyasi qərarlardan sonra isə Azərbaycan Sovet Respublikasının rəhbərliyinin təzyiqi ilə muxtar respublikada siyasi rəhbərliyi həyata keçirən əsas qurum olan Naxçıvan Vilayət Partiya Komitəsi tədricən Ali Məclisin sessiyalarının keçirilməsinə mane olmağa çalışmış, təzyiqlər göstərmişdi. Bunun nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi bir müddətdən sonra, 1991-ci ilin avqust ayına qədər fəaliyyətini dayandırmalı olmuşdu. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının gündəliyinə geniş mənada həmin tarixi mərhələnin ən aktual məsələləri, xüsusən də ölkə miqyaslı və o cümlədən, Naxçıvan Muxtar Respublikası ilə əlaqədar zəruri məsələlər daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Gündəlikdə nəzərdə tutulan məsələlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarət və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.

Naxçıvan Muxtar Respublikasının bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə görkəmli dövlət xadimi, xalqının sədaqətli rəhbəri Heydər Əliyevin muxtar respublikanın ali hakimiyyət orqanının rəhbəri vəzifəsinə seçilməsini qətiyyətlə tələb edirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan dayanmadan, gur səslə Heydər Əliyevin muxtar respublikanın ali qanunverici orqanının rəhbəri vəzifəsinə seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin deputat kimi də ictimai-siyasi proseslərdə özünün obyektiv sözünü demiş, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən, Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün xalqın birliyinə nail olmuş, zəngin dövlətçilik fəaliyyətinə malik olan Heydər Əliyev xalqın qarşısına çıxaraq heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını dəfələrlə bildirmişdi. 

Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da Ulu öndər 4 dəfə çıxış edərək, namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Onun həmin sessiyadakı çıxışları Heydər Əliyev dühasını daha dərindən anlamaq, bu görkəmli şəxsiyyətin böyüklüyünün miqyasını bütün aydınlığı ilə, əyani şəkildə dərk etmək üçün mühüm siyasi əhəmiyyətə malikdir. 

Fövqəladə sessiya Naxçıvan Muxtar Respublika Ali Məclisinin bütün tarixi ərzində keçirilmiş ən uzunmüddətli sessiya idi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə 3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 4 sentyabrdan sonra 5 gün ərzində davam etdirilmiş, iclaslarda ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan mühüm məsələlər geniş müzakirə edilərək tarixi əhəmiyyətə malik olan müvafiq qərarlar qəbul olunmuşdur. 

Gündəlikdə duran məsələlərə uyğun olaraq Naxçıvan MR Ali Məclisinin sessiyası yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli sürüldüyünü, hələlik ölkədə çoxpartiyalı sistemin formalaşmadığını, Kommunist Partiyasının süquta uğradığını, seçki komissiyası və məntəqələri üzvlərinin partokratiya nümayəndələrinin sifarişi ilə təyin olunduğunu nəzərə almaqla Azərbaycan Respublikasının Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etmişdir. Eyni zamanda, Heydər Əliyevin Sədrlik  etdiyi  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il sessiyası “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edərək, Azərbaycan Respublikasının Ali Sovetindən xahiş edilmişdir ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumun fəaliyyəti dayandırılsın. 

Bundan başqa, sessiyada Naxçıvan MR-də partiya təşkilatlarının əmlakının milliləşdirilməsini təmin etmək üçün deputat komissiyasının yaradılmasına da qərar verilmişdi. Bunlar Azərbaycanda tarixi gedişatın axarının, istiqamətinin dəyişdirilməsinə, müstəqil dövlətçilik uğrunda mübarizə hərəkatına böyük təkan verən tarixi qərarlardır. Bu qərarların mətninin sonunda görkəmli dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyevin imzasının olması, sadəcə, həmin tarixi günün faktı olaraq qalmır. İlk növbədə, 3 sen-
tyabr 1991-ci il xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Bu, Azərbaycanda siyasi-tarixi gedişatın əsaslı dönüş məqamı idi. 

Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməmişdən 46 gün əvvəl, yəni 19 iyul 1991-ci ildə Kreml rəhbərliyinə rəsmi müraciəti əsasında Sovet İttifaqı Kommunist Partiyasının sıralarından öz iradəsi ilə çıxmış Heydər Əliyev SSRİ tarixində ilk dəfə olaraq bitərəf, partiyasız, müstəqil deputat kimi ali hakimiyyət orqanının rəhbəri vəzifəsinə seçilmişdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Sədri olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin timsalında XX əsr ərzində Azərbaycanın o vaxta qədərki tarixində birinci dəfə idi ki, üzərində Kommunist Partiyasının nəzarəti olmayan ali dövlət qurumu fəaliyyətə başlamışdı. Siyasi gedişatın ciddi dönüşünü şərtləndirən bu tarixi məqamlar ölkəmizi müstəqil dövlətçiliyə aparan çətin və keşməkeşli yollara işıq salan, ümummilli prosesin hərəkətverici qüvvəsinə çevrilən mühüm hadisələrdir.

Buna baxmayaraq, Azərbaycan Sovet Respublikasının siyasi rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyev sədrliyi ilə qəbul edilmiş qərarların həyata keçirilməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə etmişdi. Bununla belə, həmin vaxt Azərbaycanda siyasi rəhbərlik dəyişilsə də, Naxçıvan Muxtar Respublikasına münasibət uzun müddət dəyişməz olaraq qalmışdı. Hətta Naxçıvan Muxtar Respublikasında 24 oktyabr 1991-ci il tarixdə Heydər Əliyevə qarşı Azərbaycan Xalq Cəbhəsi tərəfindən mərkəzdən idarə olunan çevriliş cəhdi də göstərmişdilər. 

Lakin bütün təzyiqlərə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev dövlət çevrilişi cəhdinin qarşısını qətiyyətlə almış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətini dönmədən həyata keçirirərək, bu regionda ölkənin ərazi bütövlüyünü qoruyub saxlamış, muxtar respublikanı işğaldan xilas etmiş, regionda social-iqtisadi vəziyyəti böhran həddindən çıxarmış, çətin və mürəkkəb şəraitdə real inkişafa nail olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə Ali Məclisin qəbul etdiyi qərarlar təkcə region üçün deyil, geniş mənada ölkə üçün mühüm əhəmiyyət kəsb edən məsələləri əhatə etmişdir. Məsələn, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü hərbi-siyasi tədbirlər və qəbul etdiyi qərarlar sayəsində Sovet ordusu hissələri dinc yolla muxtar respublikanın ərazisindən çıxarılmışdır. Ölkənin bu regionunun xarici ölkələrlə olan sərhədlərini ilk dəfə olaraq Naxçıvanda yaradılmış milli ordunun əsgərləri qorumaq şərəfi qazandılar. 

Həmin dövrdə Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı müdafiə tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikası xaricdən böyük dəstək alan Ermənistanın işğalından xilas edilmişdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət səviyyəsində qeyd edilməsi haqqındakı 16 dekabr 1991-ci il tarixli dərin məzmunlu qərara da Heydər Əliyev imza atmışdır. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına tarixi səfərləri, bu ölkələrin rəhbərləri ilə apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı ağır böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynamışdır. 

Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında sosialist təsərrüfat sistemi və kollektiv mülkiyyət forması ləğv edilmiş, torpaq islahatları və özəlləşdirmə tədbirləri həyata keçirilmişdir. Azərbaycanla Türkiyə Cümhuriyyətini əlaqələndirən Naxçıvan Muxtar Respublikası ərazisindəki Sədərək-Dilucu – “Ümid körpüsü”nün 28 may 1992-ci ildə istifadəyə verilməsi ilə ölkələr arasında çoxcəhətli əlaqələrin yeni mərhələsi başlanmış, blokada şəraiti yumşaldılmışdır. Naxçıvan Muxtar Respublikası üçün mühüm həyati əhəmiyyət kəsb edən Naxçıvan Aeroportunun imkanlarının genişləndirilməsi və yenidən qurulması sahəsində tədbirlər həyata keçirilmişdi.

Ulu öndər Heydər Əliyev Naxçıvanda ikən 21 noyabr 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası, məlum olduğu kimi, ölkənin sonrakı inkişafında mühüm tarixi rol oynamışdır. Çətin blokada şəraiti olmasına baxmayaraq, 12 noyabr 1992-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin muxtar respublika səviyyəsində keçirilməsi, Ali Məclisin Sədri kimi Heydər Əliyevin yubiley mərasimində axıradək iştirak etməsi və dərinməzmunlu nitq söyləməsi Ulu öndərin həyatının bütün məqamlarında ziyalı faktoruna xüsusi diqqət göstərməsinin bariz nümunəsidir.

Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991– 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda dövlət müstəqilliyinin formalaşdırılmasının böyük məktəbinə çevrilmişdi. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindəki yorulmaz və səmərəli fəaliyyətiilə çətin və mürəkkəb şəraitdə muxtar respublikanın Ermənistanın işğalından qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bərabər, həm də Azərbaycan miqyasında müstəqillik uğrunda mübarizənin qüvvətləndirilməsinə, ölkədə demokratik proseslərin inkişaf etdirilməsinə böyük təkan verilmişdir. 

Heydər Əliyevin xalqın ardıcıl və təkidli tələbləri ilə 3 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi və ölkə rəhbəri kimi fəaliyyət göstərdiyi tarixi mərhələ (1993–2003) ölkəmizdə dövlət müstəqilliyinin yaradılması, möhkəmləndirilməsi və gələcək inkişafın böyük təməllərinin formalaşdırılması epoxasıdır. Heydər Əliyev epoxası Azərbaycanın xilası və inkişafı dövrünün tarixi epoxasıdır! Heydər Əliyev yolu  Azərbaycanı böyük gələcəyə aparan möhtəşəm magistraldır. 

Bu, Böyük Qayıdışdan Milli Qurtuluşa və müasir inkişafa doğru dönməz şəkildə istiqamət alan müqəddəs və əbədi yolun möhkəm bünövrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə Heydər Əliyev milli dövlətçilik təlimini yaradıcı şəkildə inkişaf etdirməklə və müasir dövrün meydana çıxardığı yeni əlavələrlə zənginləşdirməklə Qarabağda erməni işğalına son qoyaraq xalqımıza misilsiz böyük Zəfər qazandırmaqla, erməni separatçılarını təslim etdirərək ölkəmizin tam suverenliyinə nail olmaqla xalqımızın və dövlətimizin tarixində yeni bir tarixi epoxa yaratmağa nail olmuşdur.   

Heydər Əliyev – İlham Əliyev epoxası Azərbaycanın çoxəsrlik inkişaf yolunun ən böyük tarixi mərhələsidir. Bu, özündəki bütün dövrlərin heç birində təkrarı, bənzəri olmayan, mahiyyətinə və əhəmiyyətinə görə əsrlərə bərabər olan misilsiz tarixi epoxadır. İlham Əliyev epoxası tam suverenlik qazanmış və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycan Respublikasının və xalqımızın sabahkı daha parlaq həyatının və möhtəşəm uğurların tam təminatı epoxasıdır. Bu epoxa böyük uğurla özünün tarixi yolunu davam etdirməkdədir.

 

İsa HƏBİBBƏYLİ, 
AMEA-nın prezidenti, akademik

 

Siyasət