Arazdəyəndəki zavodla bağlı Ermənistan danışıqlara hazır olduğunu bildirib

post-img

Ermənistan mətbuatında yayılan məlumata əsasən, bu dövlətin ətraf mühit naziri ölkəsinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən qəsəbəsi yaxınlığında metallurgiya zavodunun inşası ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlayaraq respublikamızla danışıqlara hazır olduğunu bildirib.

Xatırladaq ki, işğalçlı ölkənin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən qəsəbəsi yaxınlığında 16 min 500 kvadratmetr sahədə, illik istehsal gücü 108 min ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın 3 iyun 2023-cü il tarixli sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.

Ermənistan 1991-ci il BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası”nın 3.1-ci bəndinə əsasən, sərhədyanı zonada tikiləcək metallurgiya zavodu barədə təsirə məruz qala biləcək ölkə kimi Azərbaycanı rəsmi xəbərdar etməyə və Konvensiyanın 5-ci bəndinə əsasən Azərbaycanla müvafiq məsləhətləşmələr aparmağa dair öhdəliklərə malikdir. Bu xüsusda qeyd edilməlidir ki, adıçəkilən fəaliyyət Konvensiyasının 1-ci əlavəsində transsərhəd təsiri gözlənilən fəaliyyətlərin siyahısına daxildir. 

Bütün bunlara baxmayaraq, Ermənistan tərəfindən mövcud olan kommunikasiya kanalları vasitəsilə Azərbaycana bu barədə hər hansı rəsmi bildiriş verilməyib və Azərbaycanla məsləhətləşmələrə başlanılmayıb.

Məlumat mətbuatda açıqlanan zaman Azərbaycan tərəfindən məsələyə operativ reaksiya verilib və Ermənistana məktub ünvanlanıb. Məktubda Ermənistandan Konvensiya üzrə öhdəliklərini reallaşdırması, layihənin zərərli transsərhəd təsirlərini müəyyənləşdirmək məqsədilə məsləhətləşmələrə başlamaq üçün zəruri məlumatların təqdim edilməsi və zavodun tikintisinin həmin ərazidə dayandırılması tələb olunub.

Ermənistan tərəfinin cavab məktubunda Konvensiya üzrə öhdəlikləri pozulmadığı, sözügedən fəaliyyətin Azərbaycanın ətraf mühitinə əhəmiyyətli mənfi təsir etməyəcəyi bildirilib və respublikamızın məsləhətləşmələr aparmaq, sənədləri təqdim etmək və müəssisənin tikintisinin həmin ərazidə dayandırılması ilə bağlı tələbləri rədd edilib.

Bunu nəzərə alaraq, cari ilin sentyabr ayında Azərbaycan Konvensiyasın ­3.7-ci maddəsinə və 4-cü Əlavəsinə əsasən məsələnin araşdırılması üçün BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlayıb. Müraciətdə Katiblikdən təcili olaraq zavodun transsərhəd təsiririni müəyyənləşdirmək üçün təhqiqat komissiyasının yaradılması, ətraf mühitə təsir müəyyən edilənədəkmüəssisənin inşasının dərhal dayandırılması üçün Ermənistana müraciət edilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və mümkün təsirlərin azaldılması tədbirləri daxil olmaqla, inşaatla bağlı mümkün məlumatların əldə edilməsinə Azərbaycana kömək göstərilməsi xahiş edilib. Müraciətin surəti Ermənistan tərəfinə də müvafiq qaydada çatdırılıb.

2023-cü il oktyabrın 13-də icraçı katib adından Azərbaycan tərəfinə cavab məktub ünvanlanıb. Məktubda Ermənistanın müzakirələr aparmağa, ətraf mühitə təsir və layihə sənədlərinin təqdim edilməsinə dair öhdəliklərinin olduğu təsdiqlənib.   

Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və Ermənistana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 2023-cü il oktyabrın 31-də işğalçı dövlətin iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama verib. Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.

 

V.BAYRAMOV 
XQ

 

Siyasət