Zəfərə hədəflənən sosial siyasət

post-img

Ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq–dövlət birliyi nəticəsində 3 il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qələbə əzmini və iradəsini bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək ədaləti və beynəlxalq hüququ təmin etdi. Bu qələbəni, cənab Prezidentin qeyd etdiyi kimi, rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçməklə şəhidlərimizin qanı və canı bahasına əldə etdi. 

Zəfər çalmış Azərbaycan bu gün vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə və iqtisadi gücə malikdir. Hazırda ölkəmizdə reallaşan uğurlu sosial islahatlar məhz bunun bariz nümunəsidir. Şəhid ailələrinə və müharibədən zərər çəkmiş şəxslərə diqqət və qayğı, ölkə vətəndaşlarının rifahının və məmnunluğunun təminatı Prezident İlham ­Əliyevin daim xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri də, xüsusilə, əhalinin həssas qruplarının sosial müdafiəsində mühüm rola malikdir. 

Vətən müharibəsindən sonrakı dövr­də dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilməkdədir. Ötən dövrdə reallaşdırılan sosial layihələr çərçivəsində  şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənərək həmin kateqoriyadan olan şəxslərə 5 min 350 mənzil və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil verilib. Postmüharibə dövrü üzrə qeyd olunan sosial dəstək proqramı çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarından ibarət 126 min şəxsi əhatə edən 315 min dəstək yönümlü xidmət göstərilib. Bu dövrdə həmin kateqoriyaya aid 104 min şəxsə 116 min sosial ödəniş, 17 min 337 şəxsə isə proaktiv qaydada birdəfəlik ödəniş təyin olunub. Bununla yanaşı, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib.

Bizə bu Zəfəri yaşadan ölməz şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi də sosial dəstək tədbirlərinin əsas hədəflərindən biridir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində həmin kateqoriyaya aid 20 min 300 nəfər işlə təmin edilib, o cümlədən 10 min 300 şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 98 min 600 şəxsə müxtəlif xidmətlər göstərilib. 

Müharibə ilə əlaqədar əzalarını itirən və əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlər və reabilitasiya vasitələri ilə təminatı işləri də həyata keçirilib. Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, 2 min 35 şəxsə 46 min reabilitasiya vasitəsi verilib.

Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsinə və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması məqsədilə bu ilin avqust ayında “Qəhrəmanlarımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinə başlanılıb. Ümumilikdə, postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 52 min 400 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST konsepsiyası çərçivəsində yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Azərbaycanda müharibə ilə əlaqədar əlil olanların və şəhid ailələrinin üzvlərinin cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin növbəti əyani təcəssümünü ifadə edir. 

44 günlük Vətən müharibəsində ölkəmiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni mərhələsinə qədəm qoydu. Ölkə başçısının göstərişləri ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi fəallığının təmin olunmasına, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə xidmət edən məqsədyönlü və genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb. Dövlət başçısının müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

DOST layihəsi çərçivəsində ötən ildən Zəngilan rayonunda fəaliyyət göstərən “Smart DOST” məntəqəsi artıq doğma torpaqlarına qayıdan vətəndaşlarımızın xidmətindədir. Həmin sosial islahatların davamı olaraq bu il avqustun 7-də açılan Qarabağ Regional DOST Mərkəzi 9 inzibati rayonu əhatə edərək, ümumilikdə, 900 mindən çox əhaliyə “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərir. Bu mərkəzlə birgə istifadəyə verilən Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi də həmin bölgədə məşğulluq imkanlarının artırılmasına, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarına yiyələnmələrinə xidmət edir. Ümumilikdə, “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən 2023 –2026-cı illərdə Cəbrayılda Regional DOST Mərkəzi və Peşə Hazırlığı Mərkəzi, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada  DOST filialları, Kəlbəcərdə Reabilitasiya Mərkəzi yaradılacaq.

Doğma yurdlarına köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi qarşıda duran mühüm hədəflərdən biridir. Hazırda sakinlərin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də onların bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili üzrə tədbirlər davam etdirilməkdədir. “Böyük Qayıdış”ın başlanğıcı olan Zəngilanın Ağalı kəndinə köçürülən sakinlər  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar.  Proqram üzrə Füzuli şəhərinə köçürülən sakinlərin məşğulluğuna dəstək işləri çərçivəsində 59 nəfər işlə təmin edilib, 16 sakinin isə özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən aktiv məşğulluq proqramları nəticəsində ümumilikdə, bu ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70 faizinin məşğulluğu artıq təmin edilib. 

Cənab Prezident tərəfindən imzalanmış qanunvericilik aktları ilə işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə bu ilin avqust ayında onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanılıb. Həmin mütəxəssislərə birdəfəlik müavinətin verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub. 

Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi “Qarabağ KOB-ları” layihəsinin icrasına başlanılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu layihə çərçivəsində, ümumilikdə, 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur. Bu ilin aprel ayından başlayaraq 4 rayonda (Füzuli, Laçın, Tərtər (Suqovuşan, 
Talış) və Ağdam) 62 işəgötürən üzrə 1000 nəfərdən çox işçinin iştirakı ilə əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirici tədbirlər keçirilib. Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişafın təmin olunması, yaşayış üçün rahat şərait yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi işləri “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun olaraq davam etdiriləcək.

Sentyabrın 19-da antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Antiterror əməliyyatları zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş separatçıların böyük hissəsini məhv etdi. Hərbi əməliyyatlar nəticəsində şəhid olan və xəsarət alan hərbi qulluqçularımızın da sosial müdafiə tədbirləri ölkə başçısının göstərişlərinə əsasən davam etdirilməkdədir. 

Uğurlu antiterror əməliyyatlarından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xankəndi şəhərində  həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb, burada yerləşdirilmiş sakinlərə psixoloq və sosial işçilər tərəfindən sosial xidmətlərin göstərilməsinə başlanılıb. 

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri bundan sonra da genişlənəcəkdir.

Hazırda Azərbaycan xalqı özünün ən qürurlu və ən şərəfli tarixini yaşayır. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbə – Zəfər Günü və Xankəndidə keçirilmiş parad qəlbimizi fərəhlə doldurur!

 

Anar KƏRİMOV, 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 



Sosial həyat