Analitik: 8 Noyabr Qələbəsi təkcə Azərbaycanın milli sərhədləri ilə məhdudlaşmır

post-img

“Dövlətlərin öz ərazi bütövlüyünü qoruması beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələri hərbi əməliyyatları dayandırmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırıb. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirdi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə prinsipini tətbiq edib”. 

Bu fikirləri beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov XQ-ya açıqlamasında bildirib.

Analitik deyib ki, Birinci Qarabağ müharibəsindən sonra itirilmiş ərazilər üzərində nəzarəti bərpa etmək üçün Azərbaycanın strategiyasının işlənib hazırlanmasında və həyata keçirilməsində İlham Əliyev mühüm fiqur olub. Onun strateji qərarlar qəbul etmək və silahlı qüvvələrə rəhbərlik etmək bacarığı cəbhələrdə uğurlu irəliləyiş üçün vacib idi. Cənab İlham Əliyev hərbi əməliyyatlarla yanaşı, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik səyləri də fəal şəkildə davam etdirirdi. Onun Rusiya və Ermənistanla üçtərəfli danışıqlarda iştirakı atəşkəs və hərbi əməliyyatların dayandırılması haqqında sazişin imzalanmasına səbəb oldu. 

Masil Dəmirov qeyd edib ki, bu tarixi qələbə Cənubi Qafqaz regionunda sülh və sabitliyə dərin təsir göstərir və beynəlxalq hüquqa hörmət və münaqişələrin həlli ilə bağlı qlobal kontekstdə mühüm siqnallar göndərir. Bu qələbənin əhəmiyyəti təkcə Azərbaycanın milli sərhədləri ilə məhdudlaşmır. Bu, regional və qlobal dinamikaya mühüm təsir göstərmişdir. Azərbaycanın qələbəsinin geosiyasi aspektləri müxtəlif dövlətlər və regional oyunçular tərəfindən maraq doğurur. Şimal, Cənub, Şərq və Qərb aktorlarının maraqları geosiyasi dinamikada əsas amillər olaraqda davam edir. Daha dəqiq desək, Azərbaycanın Qələbəsi dünyada uzunmüddətli münaqişələrin həlli üçün nümunə oldu, o cümkədən İkinci Qarabağ müharibəsi təcrübəsi digər ölkələr və münaqişələr, xüsusən də beynəlxalq hüquq və diplomatiyanın rolu ilə bağlı mühüm göstərici ola bilər.

“Möhtəşəm Qələbəbin digər müsbət tərəfi - Azərbaycan dövlətinin humanitar və sülh təşəbbüsləri üçün yeni imkanlar yaratmasıdır. Qaçqın və məcburi köçkünlərin öz əzəli yurdlarına qaytarılması, zərər çəkənlərin və qazilərin reabilitasiyası və cəmiyyətlər arasında dinc münasibətlərin qurulması sülh və sabitlik yolunda mühüm addımlardır, - deyə Masil Dəmirov fikirlərinə yekun vurub. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət