Paşinyan, deyəsən, məğlubiyyətdən nəticə çıxarmayıb
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının, nəqliyyat kommunikasiyalarının açılmasının, qarşılıqlı iqtisadi əlaqələrin bərpasının tərəfdarı olduqlarını hər addımbaşı bəyan edir.
Sonuncu dəfə oktyabrın 26-27-də Tbilisidə keçirilən beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı baş nazir deyib: “Əgər məşğul, aktiv yol əməkdaşlığa, sülhə, uğura işarədirsə, bağlı yol problemlərdən xəbər verir. Biz bunu öz təcrübəmizdən bilirik. Dörd qonşumuzdan ikisi ilə yollarımız açıqdır ki, bu, bizim onlarla münasibətlərimizin rəvan olduğuna dəlalət edir. İki qonşumuzla yollar bağlıdır ki, bu da münasibətlərdəki fəsadların bariz sübutudur. Yollar olmadan sülh qurmaq çox çətin olacaq. Aydındır ki, regionumuzun, Cənubi Qafqazın daimi sülhə ehtiyacı var. O zaman sülh olur ki, ölkələr açıq sərhədlərlə yaşayır, bir-birinə fəal iqtisadi, siyasi, mədəni və insani əlaqələrlə bağlanır, bütün məsələlər diplomatik yolla həll edilir”.
Nikol bildirib ki, başçılıq etdiyi hökumət sülh gündəliyinin ayrılmaz hissəsi kimi sülh üçün yolayrıcları (qovşaqları) layihəsini işləyib hazırlayıb: “Sülh üçün yolayrıcları sülh gündəliyinin ayrılmaz hissəsidir. Biz hazırda Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişi layihəsi üzərində işləyirik. Ümid edirəm ki, bu proses yaxın aylarda başa çatacaq və sülh və münasibətlərin qurulması sazişinin imzalanması mümkün olacaq”.
Oktyabrın 30-da Ermənistanın 2024-cü il üçün dövlət büdcəsi layihəsinin parlamentin daimi komitələrində ilkin müzakirəsi zamanı isə N.Paşinyan bildirib ki, Azərbaycanla sülhün və münasibətlərin normallaşdırılmasının 3 əsas prinsipi razılaşdırılıb. “Tərəflər razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sülh və münasibətlərin nizamlanması sazişinin imzalanması reallaşar. Birinci prinsip Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımasıdır. İkinci prinsip Alma-Ata sazişi əsasında delimitasiyanın həyata keçirilməsi, üçüncü isə qarşılıqlı və bərabərlik əsasında hərəkət etməli olan tərəflərin suverenliyi və yurisdiksiyasına əsaslanan regional kommunikasiyaların açılmasıdır. “Tərəflərin hər biri öz ərazisində sərhəddə gömrük nəzarətini, eləcə də kommunikasiyanın təhlükəsizliyini təmin etməlidir”, – deyə baş nazir əlavə edib.
Bununla belə, Paşinyan elə həmin iclasda bildirib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 309 milyard dram (768 milyon 656 min ABŞ dolları) artırılacaq. O qeyd edib ki, hökumət üçün silahlı qüvvələrdə islahatların aparılması mühüm əhəmiyyət kəsb edir. Üstəlik, N.Paşinyan müzakirələr zamanı qeyd etmişdi ki, bununla da 2024-cü ildə büdcədən müdafiəyə ayrılan xərclər 2018-ci illə müqayisədə 125 faiz artmış olacaq.
Doğrudur, Paşinyan büdcədə müdafiə xərclərinin artırılmasının yarada biləcəyi suallardan yayınmaq üçün dərhal əlavə edib ki, xərclərin artan dinamikası heç bir halda bəyan etdikləri sülh gündəliyinə zidd deyil. Ancaq buna inanmaq çətindir. Fakt faktlığında qalır. Rəsmi İrəvan bir tərəfdən sülhdən danışır, digər tərəfdən gələn ilin müdafiə xərclərini artırır. Bu, az imiş kimi, hələ bir iddia da edir ki, xərclərin artımı heç bir halda sülh gündəliyinə zidd deyil. Ermənistan iqtisadçılarının hesablamalarına görə, bununla da 2024-cü ildə ölkənin müdafiə büdcəsi, orduya ayrılan xərclər əvvəlki illə müqayisədə iki dəfə artırılmış olacaq.
Bundan əlavə, Ermənistanın son vaxtlar Fransa və Hindistandan silah-sursat alması da diqqətdən yayınmamalıdır. Oktyabrın 23-də Parisdə Fransa və Ermənistan müdafiə nazirləri – Suren Papikyan və Sebastyan Lekornyu “Thales” şirkətinin istehsalı olan üç ədəd “GM 200” radarının alqı-satqısına dair müqavilə və gələcəkdə Fransanın “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair anlaşma memorandumu imzalayıblar.
Paralel olaraq, Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası (EUMA) adlanan, əslində isə hərbiləşdirilmiş strukturun gücləndirilməsi prosesi gedir. Dünən yayılan məlumatda missiyanın tam heyətlə təmin olunduğu açıqlanıb. Bunu missiyanın rəhbəri Markus Ritter noyabrın 1-də EUMA-nın tarixi adı Dərələyəz olan, ermənilərin Vayoçdzor adlandırdıqları vilayətin inzibati mərkəzi Yexeqnadzorda yeni ofisinin açılış mərasimində deyib. Qeyd edək ki, açılış mərasimində Ermənistan prezidenti Vaaqn Xaçatryan da iştirak edib.
Markus Ritter bildirib ki, hazırda missiyanın 23 Aİ ölkəsindən 93 üzvü var. Missiya Ermənistan və Azərbaycanın bütün sərhədlərini əhatə edən Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevanda bildirilmiş 6 stansiyadan patrul xidməti təşkil edir. Alman zabit ötən həftə missiya üzvlərinin mininci patrulu tamamladıqlarını fəxrlə bəyan edib.
Ermənistan iqtidarının bütün bu addımları ağır məğlubiyyətdən, deyəsən, nəticə çıxarmadığından, bölgənin yeni qarşıdurmaya sürükləmək istəyindən xəbər verir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da “Xalq qəzeti”nə bildirib ki, Ermənistanın davranışları bizi təəccübləndirməməlidir. Onun sözlərinə görə, gün ərzində İrəvandan müxtəlif bəyanatlar səsləndirir, fərqli fikirlər eşidilir. Eyni zamanda, İrəvan regionda sülhün bərqərar olması üçün addımlar atmaq əvəzinə, silahlanma prosesini həyata keçirir: “Hindistandan müəyyən silah-sursat alınıb. O cümlədən Fransa ilə Ermənistan arasında müqavilə imzalanıb. Bu onu deməyə əsas verir ki, Ermənistan bundan sonra da bölgədə hansısa qüvvələrin əlində alət olmaq prosesini davam etdirəcək. Əlbəttə, bu Ermənistan üçün əlavə problemlər yaradacaq”.
Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan həmin silahları nə Türkiyəyə qarşı, nə də Gürcüstana qarşı istifadə etməyəcək: “Həmin silahlar sırf Azərbaycana təzyiq göstərmək və ya öz aləmlərində təhdid etmək niyyəti ilə əldə edilir. Düşünürəm ki, Ermənistan özü də Azərbaycanın belə addımlardan qorxub-çəkinən olmadığını dərk edir. Bununla belə, məlum hərəkətindən də əl çəkmir”.
Hərbi ekspert qeyd edib ki, biz də işimizi ehtiyatlı tutmalıyıq: “Silahlı Qüvvələrimizi əvvəlki qaydada lazımi silah-sursatla təmin etməliyik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün nə tələb olunursa, onu etməliyik. Qarşıdakı illərdə regionda çox mürəkəb proseslər baş verəcək”.
Həmsöhbətimiz Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün ağıllı qərarlar verməsinin, rasional addımlar atmasının, təkliflər irəli sürməsinin, nəticədə regionda həyata keçiriləcək iqtisadi layihələrdən bəhrələnməsinin gözlənildiyi bir zamanda İrəvanın hərəkətlərinin anlaşılmaz olduğunu da vurğulayıb: “Təəssüf ki, Ermənistanın daxilindəki problemlər ona doğru-düzgün addımlar atmağa imkan vermir. Bu da Hayastanın uzun illər bəzi qüvvələr tərəfindən kənardan idarə olunmasının nəticəsidir. Erməni xalqı bu gün həmin siyasətin acısını çəkir. Hər halda, Hayastan Azərbaycanın irəli sürdüyü təklifləri dəyərləndirməlidir. Bir sözlə, hər şey Ermənistanın özündən asılı olacaq. İrəvan doğru-düzgün qərar verəcəksə, bundan əhalisinin rifahı yaxşılaşacaq, iqtisadiyyatı dirçələcək. Yox, əgər səhv addım atacaqsa, təxribatlar törədəcəksə, Azərbaycan buna seyrçi qalmayacaq”.
Mövzu üzrə söhbətləşdiyimiz siyasi şərhçi İlyas Hüseynov isə bildirib ki, Ermənistan siyasi rəhbərliyi müxtəlif dövrlərdə çoxsaylı təzadlı açıqlamalarla çıxış edib, ziddiyyətli və biri-biri ilə fərqli mövqelər sərgilənib: “Bu xüsusda hərbi, siyasi və təhlükəsizlik məsələləri də önəmli xarakter daşıyır. Ermənistan baş naziri bir tərəfdən sülhdən danışır, sülh müqaviləsi imzalanması istiqamətində bir sıra bəndlərin razılaşdırıldığını qeyd edir. Digər tərəfdən büdcədə müdafiə xərclərinin ikiqat artırıldığı bildirilir. Ayrılan vəsait heç də müdafiə olunmaq, təhlükəsizlik sistemini gücləndirmək üçün deyil, əksinə, aqressiv siyasətin davam etdirilməsi, eskalasiya və revanşist addımların atılması üçün edilir. Bu da Ermənistan siyasi rəhbərliyini proqnozlaşdırılması mümkün olmayan bir persona kimi gündəmə gətirir”.
Ekspert qeyd edib ki, Ermənistanın hakim zümrəsi arasında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları inkar etmək və revanş götürmək niyyətində olan adamlar az deyil: “Paşinyanın siyasi komandasında belələrinin sayı çoxdur. Digər tərəfdən, Ermənistanın açıq şəkildə sülhə meyilli olduğunu da iddia etmək mümkün deyil. Çünki ötən dövr ərzində separatçılığın gücləndirilməsi, onlara təbrik məktubunun göndərilməsi, eyni zamanda, hazırkı postmüharibə reallıqları ilə daban-dabana zidd addımlar atması müşahidə olunub. Bundan başqa, Fransadan silahların alınmasına dair anlaşma memorandumu imzalanıb. Hindistandan silah-sursat gətirilməsi və yeni sazişlərin imzalanması kimi hallar heç də Ermənistanın siyasi rəhbərliyinin sülhə səmimi yanaşdığını deməyə əsas vermir. Əksinə, hazırkı siyasi elita daha çox gərginliyin olmasında maraqlıdır. Onların davamlı gərginlikdən özləri üçün siyasi xallar qazanmaq, hakimiyyətlərinin ömrünü uzatmaq üçün istifadə etdiyini aydın şəkildə görürük”.
Səxavət HƏMİD
XQ