Koreya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova noyabrın 2-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAAP) həmsədri Çunq Eui-Yonq ilə görüşüb.
Çunq Eui-Yonq Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirib və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. O, Prezident İlham Əliyevlə 2015-ci ildə keçirdiyi görüşü böyük məmnunluqla xatırladıb və Azərbaycanın siyasi cəhətdən sabit inkişaf yolu keçdiyini bildirib.
Sahibə Qafarova Azərbaycan ilə Koreya arasında fəal siyasi dialoq və sıx iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev tərəfindən irəli sürülən qlobal təşəbbüslər, o cümlədən Hərəkatın Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin yaradılması haqqında geniş məlumat verib.
Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İCAAP arasında mümkün əməkdaşlıq məsələləri də müzakirə edilib.
* * *
Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarova Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunduğu görüşdə siyasi təmasların – yüksək səviyyəli səfərlərin, görüşlərin bu əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirilib.
Ə. BƏDƏLOV
XQ