Məşədi İbad və Roma statutu

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Məşhur Azərbaycan filmi “O olmasın, bu olsun”da “mənə meymun deməyin bəs deyil, hələ bir əl də verirsən?” ifadəsi, çox güman ki, hamının, elə yazımızı oxuyanların da yaxşı xatirindədir. Filmi nə üçün yada saldığımızı sonda diqqətə çatdıracağıq. Hələlik isə Ermənistanın Roma statutu avantürasındakı bir yenilikdən söz açaq. 

Məlum olduğu kimi, Ermənistan par­lamenti Beynəlxalq Cinayət Məhkəmə­sinin Roma statutunu ratifikasiya etdi, ölkə prezidenti isə sənədi təsdiqləmək­lə, onu dövlətin hüquqi münasibətlər sistemindəki yerini qanuniləşdirdi. İndi qalır qanunun qüvvəyə minməsi. O da məlumdur ki, məsələnin mahiyyəti Ru­siya Prezidenti Vladimir Putinin Ermə­nistana daxil olacağı təqdirdə həbsi ilə bağlıdır. Çünki BCM onun və digər bir sıra Rusiya rəsmilərinin həbsinə dair order verib.

Şübhəsiz, Ermənistan tərəfindən belə bir addımın atılması Moskva – İrə­van münasibətlərindəki gərginliyə əlavə rəng qatıb. İstər Ermənistanda, istərsə də Rusiyada bununla bağlı söz-söh­bətlər bitmir. Baş nazir Nikol Paşinya­nın isə mövqeyi budur ki, İrəvan özü üçün yeni təhlükəsizlik təminatlarına ehtiyac duyur və Roma əsasnaməsi­ni bu səbəbdən qəbul edib. Sənədin Azərbaycanı məsuliyyətə cəlb etmək baxımından vacibliyindən söz açan Ni­kol onu da bildirmişdi ki, ötən müddət­də Rusiyaya Roma statutunun ikitərəfli münasibətlərə zərər vurmaması üçün variantlar təklif edib. Söhbət hansı va­riantlardan gedir, baş nazir bu barədə danışmamışdı. 

İndi məsələni gündəmə gətirən Er­mənistan parlamentinin vitse-spikeri, hakim “Vətəndaş sazişi” Partiyası idarə heyətinin üzvü, yəni Paşinyanın ko­mandasının təmsilçisi Akop Arşakyan da əslində konkret deyil. O deyib ki, Er­mənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tələb­lərindən yan keçməyə imkan verəcək dövlətlərarası saziş imzalamağa dəvət edib. Vitse-spikerin sözlərinə görə, belə bir saziş ikitərəfli dövlətlərarası hüquqi münasibətlərin beynəlxalq strukturlar­da yoxlanılmasının qarşısının alınması üçündür.

Əlbəttə, istər Paşinyanın, istərsə də Arşakyanın qeyri-ciddiliyi göz önündə­dir. Başa düşmək olmur ki, Ermənistan iqtidarı özünü axmaq yerinə qoyur, yox­sa qarşısındakıları. Necə yəni, Roma statutundan yan keçmək. Yaxşı, tuta­lım, məsələ Rusiyaya izah edildi, Mos­kva buna razılığını verdi. Bəs, Avropa, dünya? Görəsən, təpədən-dırnağa an­ti-Rusiya motivləri ilə silahlanmış bey­nəlxalq ictimaiyyət “ağıllı Arşakyana” nə deyəcək? Deməyəcək ki, nədi, bizi dolamısınız? Axı, dünyada hamı bilir ki, hazırda Roma statutunu müdafiə et­mək Putinin cinayət məsuliyyətinə cəlb edilməsinə razılığın ifadəsidir. Ermə­ni iqtidarı isə belə demək mümkünsə, köhnə hamama yeni nırxlar qoyur. Öz aləmində diplomatik davranır. 

Digər tərəfdən, A.Arşakyan bildirir ki, Roma statutunun qüvvəyə minmə­sinə hələ çox var. Həmin vaxtadək Ru­siya ilə təklif etdiyi tərzdə dövlətlərarası müqavilə bağlamaq mümkündür. Bu, deyəsən, lap ağ oldu. Arşakyan, fakti­ki olaraq, Rusiya kimi dövlətə, obrazlı desək, gedən qatara çatmaq və min­mək şansı yaradır. Göründüyü kimi, Ermənistan parlamentinin vitse-spike­ri Moskvanı ələ salmaq yolu tutur. O boyda Rusiya bapbalaca Ermənistana minnətçi düşəcəkmiş. Hər halda, bun­dan gülməli nə isə düşünmək mümkün deyil. 

Sonda “O olmasın, bu olsun”dakı məşhur epizoda bir qədər ətraflı şə­kildə yenidən qayıdaq. Filmdə Məşədi İbad ziyafət əsnasındakı fikirləri ilə onu təhqir edən, axırda əl verib sağollaş­mağa gələn Həsən bəyə belə deyir: “Cəhənnəm ol, mürtət oğlu, mürtət. Mənə meymun deməyin bəs deyil, hələ bir əl də verirsən? Axmaq!” İndi Ermənistanın hakim siyasi komandası­nı təmsil edən vitse-spiker A.Arşakyan və eyni ağlın daşıyıcıları Həsən bəy kimi davranırlar. Ölkəsinin Rusiyaya Roma statutunun ikitərəfli münasibət­lərə mənfi təsirini heçə endirmək üçün təkliflər verdiyini deyən Arşakyan hazır­da qarşı tərəfdən cavab gözlədiklərini vurğulayır. Yada salaq ki, haqqında söz açdığımız filmdə Məşədi İbadın Həsən bəyə yuxarıdakı sitatda diqqətə çatdır­dığımız fikirlərindən sonra dava düş­müşdü, aləm bir-birinə dəymişdi. Bəs, indi burada nə olacaq görəsən?

Siyasət