Aİ-nin “patrul missiyası” sərhədimizdə

post-img

Onların məqsədi, guya, Azərbaycanın Ermənistana “hərbi təcavüz”ünün qarşısını almaqdır 

Kənardan belə təsəvvür yaranır ki, Avropa İttifaqının (Aİ) mülki missiyasının “növbəti dayanacağının” Ermənistanın Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Yeğeqnadzor rayonunda qurulması müdafiə xarakterli tədbirdir. Yəni, Aİ-nin əsasən fransız-alman tərkibli mülki missiyasının baş ofisinin məhz bu ərazidə açılması, ola bilsin ki, Qazaxın anklavda olan kəndlərini Bakının “hərbi təcavüz” yolu ilə ələ keçirməsinin qarşısını alması üçündür. 

Avropalıların bu cür “praqmatik” dü­şündüyünü güman etməyə xeyli əsas var. Amma məsələ o qədər də sadə deyil. Çünki İrəvan bu missiyanı üçtərəfli bəya­natın digər tərəfləri olan Azərbaycan və Rusiya ilə razılaşdırmadan yerləşdirməyə razılıq verməklə, sülh danışıqları prose­sində Avropadan olan aktorlar arasında öz mövqeyini gücləndirməyi düşünürdü. 

Əvvəla, onu nəzərə çatdıraq ki, Avro­pa İttifaqı (Aİ) təxminən bir il əvvəl bölgəyə göndərdiyi mülki missiyasının məqsədini bu cür formalaşdırmışdı: “Məqsəd Er­mənistanın sərhədyanı ərazilərində sa­bitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlve­rişli mühiti təmin etməkdir”. 

Doğrudan da, əsl niyyətləri dedikləri kimidirsə, onda xeyirxah missiyanın sa­vab işini alqışlamaq lazımdır. İntəhası, rəsmi Bakının xidmətindən imtina etdiyi Avropanın çoxmillətli monitorinq qrupu­nun, əslində, missiyasının nədən ibarət olduğu bugünədək tam aydınlaşdırılma­yıb. Bu məsələ təkcə Bakıda deyil, Er­mənistanın özündə də tez-tez dartışılan mövzulardan biridir.

Siyasi analitik Asif Nərimanlı Aİ missiyasının reallıqda heç də mülki olmadığı qənaətindədir: “Bu missiya­nın Ermənistana yerləşdirilməsinin hə­dəfi var: Rusiyanı Ermənistanda sıxış­dırmaq və Qərbin Cənubi Qafqazda hərbi-siyasi müstəvidə təmsilçiliyini ya­ratmaq. Bu baxımdan, Aİ-nin mülki mis­siyasındakıların kəşfiyyatçı ola biləcəyi istisna edilməməlidir. Burada bizim üçün əsas məqam bu kəşfiyyat missiyasının hansı ssenarini tətbiq edə biləcəyidir. Məqsəd Rusiyanın Ermənistanın təh­lükəsizliyində oynadığı rolu azaltmaq, bunun yerini Qərbin tutması imkanlarını artırmaqdırsa, o zaman Azərbaycanla sərhəddə hərbi eskalasiyaya “ehtiyac” yaranır. Belə bir eskalasiya Ermənistana “Azərbaycanı təcavüzkar” kimi göstər­mək üçün lazımdırsa, İrəvanla Avropa İttifaqının missiyasının ortaq mövqeyi Rusiyanın “Ermənistanı müdafiə etmə­diyini” əsaslandırmaqdır. Eskalasiya baş verərsə, Ermənistan yenidən KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyini bil­dirəcək və Aİ missiyasının, yəni Qərbin onların təhlükəsizliyində Rusiyadan daha çox rol oynadığı fikrini irəli sürə­cək. Bundan istifadə edərək, KTMT-dən çıxmaq məsələsini yenidən aktuallaş­dıra, yaxud Qərb ölkələrinin bölgədə hərbi müstəvidə təmsilçiliyini gündəmə gətirə bilər. Ermənistan sərhəddə təxri­bat törədə, daha sonra Avropa İttifaqının “Azərbaycanın hücum edəcəyi gözlən­tiləri öncədən var idi” – fikrini dövriyyəyə buraxa bilər".

Avropa İttifaqı Şurası ilk dəfə 2022-ci il oktyabrın 17-də regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azər­baycanla beynəlxalq sərhədin Ermənis­tan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müd­dətində regionda olub və missiyası başa çatıb. Amma Qarabağın qənşərində qə­rar tutmuş alman-fransız missionerlərinə bölgənin suyu, havası necə xoş gəldisə, monitorinqçilərin fəaliyyəti iki ilə qədər uzadıldı. 

* * *

İndi isə Avropa İttifaqının “beynəlmiləl tərkibli” missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Tavuş vilayə­tində baş ofisini işə salıb. Aİ-yə üzv 23 ölkədən 93 nəfərin daxil olduğu missi­yanın baş ofisinin açılışında Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkis­yan və Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan da iştirak ediblər. Tədbirdə əvvəlcə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter çıxış edib. Mülki monitorinq qrupunun 10 ay ərzində Ermənistanın Azərbaycanla sər­hədboyu ərazisində gördükləri “geniş­miqyaslı işlərindən” danışan polis məmu­ru Ritter bildirib ki, Aİ-nin Ermənistandakı mülki missiyası 2023-cü ilin fevralında fəaliyyətə başladığı zaman iki daimi işçi­si və üç sahə ofisi olub: “Səkkiz aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanmışam. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Avropa İttifaqının missiyası tam fəaliyyət qabiliy­yətinə çatıb. Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermux, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımı­zın köməyi ilə biz Ermənistan və Azər­baycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”. 

Daha sonra Aİ-nin Ermənistandakı müşahidə missiyasının tərkibinin geniş­ləndirilməsi məsələsinin bu ilin sonuna qədər Brüsseldə müzakirə ediləcəyi­ni diqqətə çatdıran alman missionerin sözlərinə görə, missiyaya Aİ-nin bütün 27 üzv ölkəsinin nümayəndələrinin daxil edilməsi imkanları mövcuddur: “Kanada sözügedən missiyaya qoşulmaq barədə qərar qəbul edib. Başqa ölkələr də bun­da maraqlı olsa, bu məsələ Brüsseldə nəzərdən keçiriləcək və müzakirə edilə­cək”.

* * *

Açılış mərasimində iştirak edən Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos deyib ki, ötən həftə ərzində mülki missiya Ermənistan –Azərbaycan sərhədində 1000-ci patru­lu həyata keçirib. Maraqosun sözlərinə görə, onların sərhədyanı bölgələrdə ol­ması gərginliyin azaldılmasına və yer­li əhali arasında təhlükəsizlik hissinin artmasına kömək edir: “Biz bütün Aİ və beynəlxalq ictimaiyyətin diqqətini bu mü­naqişəyə cəlb edirik və hesabatlarımızla Aİ-nin dəstəyi ilə Ermənistan və Azər­baycan arasında nizamlanma prosesinə töhfə veririk. Hesab edirəm ki, biz hamı­mız razıyıq ki, bu region davamlı sülh və sabitliyə layiqdir və ümid edirəm ki, biz birlikdə bu məqsədin həyata keçirilmə­sinə töhfə verə biləcəyik”.

Əlbəttə, Azərbaycan Prezidenti­nin dediyi kimi, bu, çox məyusedici bir məqamdır. İntəhası, Azərbaycan Vətən müharibəsində və sonrakı dönəmdə ən azı 3 dəfə nümayiş etdirib ki, bizim üçün Ermənistanı kimin dəstəkləməsinin, er­məni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Yaranacaq istənilən təhlükə, təhdid dərhal aradan qaldırılacaq. Azərbaycanın siyasi imkan­larının bütün dünyada, o cümlədən Av­ropada köklü şəkildə genişləndiyi indiki dövrdə hansısa mülki və ya hərbi missiya bölgədə mövcud reallığı dəyişmək iradə­sinə və gücünə malik deyil. 

İki ölkənin sərhədində ofislərini sər­giləyən Aİ missiyasının, faktiki olaraq, Azərbaycan və Ermənistan arasında sər­hədlərin delimitasiyası, nəqliyyat dəhliz­lərinin açılması və digər proseslərə heç bir təsiri yoxdur. 

İ.HƏSƏNQALA
XQ



Siyasət