Yüzilliyin reallığı: Türkiyə dünya gücüdür

post-img

Ənənədən qaynaqlanan prinsiplər

Osmanlı İmperiyasının bir neçə əsrlik şanlı tarixində türk millətinin ruhu, mənəviyyatı, əxlaqı və böyük dövləti idarəetmə fəlsəfəsi əbədi yaddaş kimi mövcuddur. Bütövlükdə, türk xalqlarının, o cümlədən, Anadolu türklərinin dövlətçiliyində nizam-intizam, sülh və vətənsevərliklə yanaşı, ədalət “qanunu” da mərkəzi yer tutmuşdur. Ədalətli olmaq türk dövlətçilik ənənəsində hüquqa uyğun davranmaq deməkdir. Türklər, bu mənada, haqq sahibi olmağı təbii saymışlar və bunu “məzlumların haqqı uğrunda mübarizə” formulu ilə dövlətçilik ənənəsinin yazılmamış qanunu halına gətirmişlər. Bununla türklər (yəni hər bir türk xalqı) dünyada analoqu olmayan bir dövlətçilik ənənəsi yaratmışlar. 

Bu ənənədə bir neçə prinsip vardır ki, tarix boyu dövlətçiliyimzdə fundamental rol oynamışdır. Bizim düşüncəyə görə, onlar aşağıdakılardır:

– Dövlət başçısı hüququ;

– Parlament (məclis, divan) hüququ;

– yosun hüququ;

– İlahi nizamın Yer üzündə bərqərar olması;

– İlahi ədalətin Yer üzündə bərqərar olması;

– irqindən, dinindən asılı olmayaraq bütün insanlar üçün sülh və barışın təmi­natı. 

Bu anlayışların fəlsəfəsi üzərində dayanmaq imkanı burada yoxdur. Yalnız “Yosun hüququ”nu qısa izah etməyə ça­lışaq. 

Türklərdə birgəyaşamın özəl qayda­sı, fəlsəfəsi mövcuddur. Onların sırasın­da türk toplumlarının formalaşması üsulu ayrıca yer tutur. “Yosun hüququ” buna aiddir və türklərin ailə qurmaq fəlsəfəsin­dən tutmuş qəbilə, tayfa, tayfalar birliyi, xalq və millət birgəyaşam miqyaslarına qədər bütün mərhələlərdə özünü yarat­ması fəlsəfəsinin təbii qanunu və hüquqi ifadəsidir. Deməli, “Yosun hüququ” türk­lərin cəmiyyət kimi özünü yaratmasının təbii əsası, həm də insan hüququ kimi başa düşülməlidir. Türklər üçün haqq sahibi olmaq təbii nizamdan gələn qa­nundur ki, onu heç zaman dəyişmək və ya arxa plana atmaq mümkün deyildir. O halda türk dövlətçiliyi böyük ziyan görür. 

Osmanlının tarixini şanlı edən digər məqam İslamla bağlıdır. İslamda haqq, ədalət, məzluma arxa olmaq, daim iman yiyəsi olmaq (Həzrət Əlini (ə.) və imam Hüseyn şücaətini xatırlayaq) kökdən gələn dəyərlərdir. Osmanlı İmperiyası (İmperiya üsul-idarəsinin verdiyi imkanlar daxilində) əsrlərcə haqqı, hüququ, ədalə­ti, sülhü qorumuşdur və bu dəyərlər uğ­runda böyük savaşlara girmişdir. 

Keçən əsrin əvvəllərində dünyanın bir neçə şər qüvvəsi birləşib Osmanlını süqut etdirdikdən və imperiya parçala­nandan sonra dünyanın ədalət, məzlu­mun hüququnun qorunması və sülh tərə­finin də böyük bir hissəsi itirilmiş oldu. Meydan əsasən ambisiyalı, iddialı və qərəzli qüvvələrə qaldı. Bu xaosda bö­yük Mustafa Kamal Atatürk Türkiyə Cüm­huriyyəti dövlətini qurub, saxlaya bildi. Lakin artıq Türkiyə dünyanın söz sahib­lərindən deyildi. Bundan əvvəl Osmanlı üç qitədə dominantlıq edirdisə, Türkiyə Cümhuriyyəti ancaq öz sərhədləri daxi­lində legitimliyi uğrunda mübarizə apara bilirdi. 

İkinci dünya savaşı böyük güclərin geosiyasi, siyasi, ideoloji, təhlükəsizlik və inkişaf konsepsiyalarının ciddi böhra­nını üzə çıxardı. Onlar dünyanı yenidən qurmağa başladılar. Lakin bu mərhələdə də ədalət, haqq, hüquq söz səviyyəsində qaldı, əvəzində ayrı-ayrı böyük güclərin ağalıq iddiası önə çıxdı. BMT-ni qursalar da orada cəmi 5 dövlətin sözü real ola­raq keçdi. Nəticədə dünya yenidən sü­ründürməçi, lakin daha dərinlərə aparan qarşıdurma müstəvisinə sürükləndi. Bu­rada baş oyunçu kimi ABŞ və SSRİ çıxış edirdi. 

Bu çətin, ziddiyyətli və sonu proq­nozlaşdırılmayan qarşıdurma, “soyuq” və “isti” müharibələrin bir-birinə qarışdı­ğı, bütövlükdə, bəşəriyyət üçün risk və təhlükələrlə dolu tarixi mərhələ idi. Onun fonunda Türkiyə çox çətin və keşməkeş­lərlə dolu tarixini yaşayırdı. Hər tərəfdən olan təzyiqləri neytrallaşdırmaqla yanaşı, dövlətin içində yaradılan separatçılıq, et­nik radikalizm kimi tendensiyalarla ağır mübarizə aparırdı. Ancaq burada da sər­bəst deyildi – bütövlükdə, NATO-nin, ay­rıca Amerikanın diktəsi altında qalmışdı. Kıbrıs hərəkatından sonra vəziyyət daha da mürəkkəbləşdi. 

Şübhəsiz ki, bütün bunları geniş mənada və əsaslı olaraq Türkiyə si­yasi dairələrində dərindən bilənlər çox idi. Türkiyə həmin əsasda özünün tam baxımsızlığı və real inkişafı üçün müba­rizəyə başlamışdı. Sol-sağ bölücülüyü, PKK, hərbi çevrilişlər və digər hadisələr məhz buna görə bir-birini əvəz etməyə başladı. O zaman, yəqin, çox az adam dərk edirdi ki, Türkiyə strateji bir savaşa girişmişdir. Məqsəd özünəgüvənən, dün­yada söz sahibi olan, ədalətli güc halına gəlsin! Turqut Özal, Nəcməddin Ərbakan bu prosesdə ayrıca rolu olan siyasi xa­dimlərdən idilər! 

Nəhayət, Türkiyə Cümhuriyyəti Rə­cəb Tayyib Ərdoğanın hakimiyyətə gəl­məsi ilə əl-qolunu bağlayan bütün “zən­cirləri” qırmağa başladı. Dövlət tarixi baxımından qısa bir müddətdə bütün sferalarda sürətli inkişaf prosesinə baş­ladı. Bu sırada təhlükəsizliyin təminatı, müdafiə qüdrətinin artması öncül yeri tuturdu. Çünki Türkiyə, hər şeydən əv­vəl, xaricdən asılılığa son qoymalı idi ki, qərəzli qüvvələrin ölkə daxilində xaos yaratmaq rıçaqları minimuma ensin. Bü­tün təzyiqlərə və hətta, təhqirlərə, daxil­dəki satqınların fəallığına baxmayaraq, Türkiyə Cümhuriyyəti addım-addım öz əvvəlki qürurunu, müstəqilliyini, təsir da­irəsini bərpa etməyə nail oldu. Bununla Türkiyə Cümhuriyyəti çox güclü inkişaf potensialına malik və dünyada yenidən ədalətin bərpa olunmasını təmin edəcək aparıcı güc olduğunu ortaya qoydu.

Yeri gəlmişkən, burada bir məqamı vurğulamaq yerinə düşərdi. R.T.Ərdo­ğanın şəxsiyyətinə, idarəetmə üsuluna, və həm də bütövlükdə Türkiyənin dövlət kimi geosiyasi, hərbi və iqtisadi imkanla­rına yuxarıdan aşağı baxaraq, onu daim kiminsə yedəyində getməyə can atan, gah Qərbə, gah da Rusiyaya sığınmaq istəyən ikinci dərəcəli dövlət kimi tə­dqim etməyə çalışdılar. Gah Amerikada, gah İsraildə, gah da Rusiyada qurulan anti-Türkiyə planlarından ağızları köpük­lənə-köpüklənə danışmağa başladılar. 

Bütün bunlar Türkiyəni böyük güc kimi görmək istəməməkdən və əsrlərlə davam edən və qərblilərin, rusların, fars­ların siyasi şüurunda yuvalanmış eybə­cərliklərin, pisliklərin son çırpıntıları idi. Bunu Türkiyə Cümhuriyyəti dövlət kimi, R.T.Ərdoğan isə lider-şəxsiyyət kimi hər kəsə sübut etdi. Necə? 

Hər şeydən öncə, Türkiyə iqtisadiy­yatını nəinki çökdürə bilmədilər, o, hət­ta, inkişaf sürətini artırdı. Qarşıya çoxlu sayda iqtisadi və maliyyə çətinlikləri çıxardılar. Hamısı Türkiyə dövlətinin və onun rəhbərliyinin dəmir iradəsinə dəyib çilik-çilik oldu. Bu proses indi də davam edir. KİV-də indi də “İsrail filan addımı atdı və İstanbul borsası çökdü” kimi xül­yalarını dilə gətirənlərə rast gəlinir. Bu cəfəngiyyatı uyduranlar anlamırlar ki, bu cür gözügötürməzlik, türk dövlətçiliyinə mənfi münasibət onların özlərini tarixin və şüurun zibbilliyinə atır. Türkiyə Cüm­huriyyəti oyun qurbanı deyildir, oyun qu­randır!

İkincisi, Türkiyə Cümhuriyyəti cə­miyyətin mənəvi-ideoloji dəyişməsinə ciddi surətdə nail oldu. Türkiyəçilik, milli adət-ənənələri qorumaq, onlara cəmiyyətdə dominant status vermək is­tiqamətində çox vacib addımlar atıldı. O cümlədən, bayraq, dil məsələsi türk cəmiyyətinin şüurunda yenidən, tam mənasında, oturduldu. Bunun fonunda dini dəyərlərin qorunması və insanların həyatında daha geniş yer tutması üçün dünya miqyasında əhəmiyyəti olan dəyi­şikliklər edildi (məsələnin bu tərəfinin fəl­səfəsi dərin və genişdir, onu ayrıca təhlil etməyə böyük ehtiyac vardır).

Üçüncüsü, R.T.Ərdoğan dünyanın aparıcı analitiklərinin etiraf etdiyi kimi, cəmiyyətin topluma fayda verən orta tə­bəqəsini əsasən gənclərdən ibarət sa­hibkarlar vasitəsilə yaratdı. Bu barədə, məsələn, ABŞ-ın tanınmış “Stratfor” Be­yin Mərkəzinin qurucusu, uzun müddət təhlükəsizlikdə xidmət etmiş Corc Frid­man təhlil və proqnozlar vermişdir.

Dördüncüsü, R.T.Ərdoğan strateji əhəmiyyəti olan yeni təhsil sistemindən bəhs edir. Bu məqam o dərəcədə mil­li dövlətçilik baxımından əhəmiyyətli və həm də mürəkkəb prosesdir ki, xüsusi araşdırılmasına çox ciddi ehtiyac vardır. Çünki Türkiyə rəhbərinin təhsil konsep­siyası dünyada misli görünməmiş təhsil çevrilişidir. Bu, çox uzun müddətə Tür­kiyəni və bütün türk dövlətlərini dünyanın aparıcı gücü halına gətirə bilər. Lakin hələlik həmin konsepsiyanın tam məz­munlaşması, dərinləşməsi, özgürləş­məsi, mövcud təhsil sisteminə güclü və faydalı alternativ ola bilməsinin şərtləri və strateji hədəflərinin türk dövlətlərinin sinerjisi kontekstində müəyyənləşməsi lazımdır.

Beşincisi, indi hər kəsin dilində əzbər olmuş Türkiyənin hərbi qüdrətinin yüksəl­məsi və faktiki olaraq dünyada aparıcı yerlərdən birini tutmasıdır. Onun konkret təzahürü kimi “Bayraqdar”ları göstərirlər. Lakin proses daha dərində və fundamen­tal olaraq gedir. Türkiyə hərbi texnologi­yaların yeni nəslini yaradır və onlardan istifadənin yeni fəlsəfəsini ortaya qoyur. Bu fəlsəfə konkret təsdiqini Liviyada, Su­riyanın şimalında, İraqda, Afrikanın bir sıra ölkələrində, Balkanlarda, Ukraynada və, nəhayət, Qarabağda tapdı! 

Qarabağda Türkiynin rolu tam yeni bir nəfəsdir. İndi hətta Azərbaycanda belə bir-sıra kiçik düşüncəli insanlar, etnik məhdud baxışlardan qurtula bil­məyən zavallılar Türkiyə – Azərbaycan müttəfiqiliynə səthi və reallığa uyğun olmayan mövqedən yanaşmağa çalışır­lar. Onlar “qardaş dövlətlər” ifadəsinin həqiqi məzmun və məqsədini dərk et­mək qabiliyyətindən məhrumdurlar. Şuşa Bəyannaməsinin siyasi, hüquqi, hərbi aspektləri ilə yanaşı, özündə daşıdığı dərin mənəvi-ideoloji məzmununu anla­ya bilmirlər! Lakin “Bir millət, iki dövlət” kəlamı yığcam və konkret olaraq bütün sayıqlamaların ən gözəl cavabıdır! “Qa­rabağ Azərbaycandır!”, “Sən azadsan, Şuşa!”, “Biz qayıtdıq, Şuşa”... belələrinə cavab kimi ən gözəl məna, məzmun və siyasi ritorikadır!

Bəli, Türkiyə Cümhuriyyəti Azərbay­cana əsl qardaş dövlət kimi fəal köməyini davam etdirir. Bu mənada, Türkiyə bizim qəlbimizdə, yaddaşımızda, özümüzdədir! Onu kimsə başqa yerə qoya bilməz!

Qayıdaq Türkyənin xarici siyasətinin indiki mərhələdə bir sıra məqamlarına. R.T.Ərdoğan iqtidarı regional və qlo­bal miqyasda möhtəşəm və konstruk­tiv xarici siyasət yeridir. Onun mərkəzi anlamı Türkiyənin kimlərinsə yanında dayanmaq deyildir. Tam əksinə – başqa­ları böyük güc olan Türkiyənin yanında həm regional, həm də qlobal miqyasda dayanmağa can atırlar. Türkiyə artıq bütün qonşuları, Yaxın Şərq, Balkan­lar, Qafqaz, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini əməkdaşlıq və təhlükə­sizlik kontekstində qura bilən çox güclü dövlətdir! Bütövlükdə, ulu öndər Heydər Əliyevin Ki-Uest görüşündən sonra jur­nalistlərə “Türkiyə böyük dövlətdir, çox böyük dövlətdir” deməsini tam mənası ilə indi-indi anlamağa başlayırıq. Prezi­dent İlham Əliyevin G20-lərin İstanbul zirvəsindən sonra “Türkiyə çox güclü və böyük dövlətdir!” fikrinin nəyi ifadə et­məsini indi başa düşürük. 

Türkiyə hazırda Türk dünyasının konstruktiv kurs və məqsədlə, sülh, barış, əməkdaşlıq çərçivəsində birləşməsi üçün titanik səylər göstərir. Onu da deyək ki, Azərbaycan Prezidenti bu istiqamtdə çox təsirli, möhtəşəm, olduqca fəal və prak­tiki addımlar atır. Hətta, deyə bilərik ki, hazırda Azərbaycan Türk Dövlətləri Təş­kilatında aparıcı rol oynayır. Özü də çox uğurlu və nəticəli, nəinki türk xalqlarına, hətta çox geniş geosiyasi məkanda yaşa­yan xalqlara fayda verəcək təşəbbüslər irəli sürür. Həmin sırada İlham Əliyevin Qafqaz platforması, “3+3” əməkdaşlıq formulu və yeni “yaşıl enerji” layihələri çox əhəmiyyətlidir!

Türkiyə Cümhuriyyəti Yaxın Şərq, Av­ropa, Amerika, Afrika, Balkanlar, Rusiya, Çin siyasətində də müstəqil, konstruktiv və qarşılıqlı fayda verən, sülhə, barışa xidmət edən siyasət həyata keçirir. 

Artıq kimsə R.T.Ərdoğanla “sən kimsən?” məntiqi ilə danışa bilmir, ək­sinə, Türkiyə Prezidentinin simpatiya­sını qazanmağa çalışır. Türkiyə heç bir dövlətin yanında dayanmaq xəttini tut­mamışdır – o, dünyanın bir neçə siyasi və geosiyasi qütblərindən biri olmaq is­tiqamətində fəaliyyət göstərir. Bu həqiqə­ti Rusiya və onun Prezidenti qədər dərk edən böyük gücə rast gəlmirik. Şübhə yoxdur ki, Rusiya – Türkiyə – Azərbaycan geosiyasi ittifaqı (daha geniş miqyasda TDT-Rusiya müttəfiqliyi), bütövlükdə, Av­rasiyada həlledici gücə çevrilir! Bu, böyük bir geosiyasi məkanda əsl inqilabdır! Av­rasiyanın xilasıdır! 

Çox sevindiricidir ki, Türkiyə Cüm­huriyyəti 100 illiyini vurğuladığımızdan da geniş və dərin təsirli nailiyyətləri ilə qeyd edir! Bizim üçün Qarabağ sevinci ilə yanaşı, bu uğur da çox əhəmiyyətlidir! Türkiyəlilər “Yaşa, can Azərbaycan!” de­yir, biz azərbaycanlılar da “Yaşa, Türkiyə­miz!” deyirik! İki qardaş dövlət, iki qardaş bayraq əbədi olaraq qoşa dayansın, qoşa dalğalansın! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət