20 ildə qardaş ölkədə ÜDM 3 dəfədən çox artıb
Türkiyə Respublikasında bu il may ayının 14-də keçirilən prezident və parlament seçkiləri ərəfəsində qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisinin qrup toplantısında rəhbərlik etdiyi ölkəni inkişaf və güclənmək yolundan heç kimin saxlaya bilməyəcəyini diqqətə çatdıraraq növbəti dəfə xalqdan dəstək istədi: “Mərhum Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək insanların qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdır. Millətimiz 73 il sonra eyni gündə bir daha müstəmləkədə qalmaq həvəsində olanlara “Bəsdir!” deyəcək. Söz də, qərar da, gələcək də millətindir. 2023-cü ildə də millətimizdən dəstək istəyirik”.
Türk milləti də Türkiyə Respublikasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən müddətdəki səmərəli fəaliyyəti qarşılığında ona dəstəyini əsirgəmədi, dövlət başçısının ölkəsində və beynəlxalq aləmdə qazandığı nüfuzu sayəsində mənəvi haqqı gerçəkləşdi. 2003–2014-cü illərdə Türkiyə Respublikasının Baş naziri, 2014-cü ildən isə Türkiyə Respublikasının Prezidenti olan Rəcəb Tayyib Ərdoğanın bu seçkidə də ölkəsinin inkişafı və tərəqqisi, habelə beynəlxalq təhlükəsizliyin təminatı yolunda atdığı misilsiz addımlara görə fəaliyyəti yüksək dəyərləndirildi.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu illər ərzində Türkiyə əsrə bərabər inkişaf yolu keçib. Qardaş ölkə “G-20” daxilində ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə ilk beşliyə daxil olub. Türkiyə güclü iqtisadiyyata malik ölkə kimi ÜDM-in səviyyəsinə görə dünyada 18-ci yeri tutub. Bu göstərici ölkədə 736,716 milyard dollara yüksəlib.
Yeri gəlmişkən, Türkiyə ÜDM-in 8,9 faizi kənd təsərrüfatı, 27,3 faizi sənaye və 63,8 faizi xidmət sahələridir. Bu göstəricilərə baxmayaraq, hələ də əhalinin dörddə biri kənd təsərrüfatında çalışır.
Rəcəb Tayyib Ərdoğan hökuməti Cümhuriyyətin 100 illiyində–2023-cü ildə Türkiyəni dünyanın nəhəng 10-cu iqtisadiyatına çevirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Məhz möhtərəm dövlət başçısının gerçəkləşdirdiyi köklü iqtisadi islahatların nəticəsi olaraq ölkəyə investisiya axını davamlı xarakter alıb, ÜDM son 20 il ərzində iki dəfə, ixracat isə 10 dəfə artıb.
Dünyada peşəkar xidmət sahəsində nəhəng kompaniyalardan biri olan “Pricewaterhouse Coopers”in (PwC) apardığı tədqiqatların nəticələrinə görə, 2030-cu ilədək Türkiyə iqtisadiyyatı dünyada 12-ci yerə yüksələcək, ÜDM isə 2, 996 trilyon dollara çatacaq.
Qardaş ölkədə 1995-ci ildə fəaliyyətə başlayan və Türkiyənin xarici ticarət siyasətində önəmli yer tutan təşkilatlarından biri olan Avropa İttifaqı–Türkiyə Gömrük İttifaqı ötən müddətdə idxal–ixrac əməliyyatlarının yüksək səviyyəyə çatmasına əhəmiyyətli təsir göstərib. Bunun sayəsində Türkiyə ixracatının həcmi ildən-ilə artıb. Ən çox məhsul ixrac olunan ölkələr sırasında isə Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa qeydə alınıb.
Türkiyə gəmi inşaatında da son 20 ildir ki, davamlı olaraq böyük uğurlar əldə edir. Bu sahədə ən böyük bazarlar Malta, Norveç, İngiltərə və Marşall adalarındadır. Hazırda Türkiyədə 100-ə yaxın türk gəmiqayırma zavodu fəaliyyət göstərir. Tuzla, Yalova və İzmit gəmiqayırma sənayesinin əsas mərkəzləridir. Qardaş ölkə iqtisadiyyatının digər vacib sahələri arasında bankçılıq, tikinti, məişət texnikası, elektronika, tekstil, neft emalı, neft-kimya məhsulları, qida, dağ-mədən, dəmir-polad və maşınqayırma sektorları da yer alır.
Toxuculuq sənayesi üzrə dünya bazarında önəmli yer tutan Türkiyə bununla bağlı daxili istehsal üçün tədarük etdiyi pambığın müəyyən bir qismini Özbəkistan və ya Türkmənistandan alır. Bu ticarətin gerçəkləşməsi üçün əlverişli nəqliyyat infrastrukturu da mövcuddur. Bu yolda Azərbaycan və Türkmənistan arasında olan mövcud marşrutlardan istifadə daşınma sürətini önəmli dərəcədə artırır.
Türkiyə iqtisadi dirçəlişin ilk illərində xarici ticarət üzərində dövlət nəzarətini azaldaraq tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açıb və müxtəlif qurumları özəlləşdirməyə başlayıb. Dövlət borcunun ÜDM-ə nisbəti 2010-cu ilin üçüncü yarısında 46 faizə yüksəlib. Həmin ərəfədə illik ÜDM artım tempi orta hesabla 6,8 faiz müəyyənləşib. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyatlardan birinə çevirib.
Onu da qeyd edək ki, Türkiyədə turizm hər il daha da inkişaf edərək iqtisadiyyatın vacib sektorlarından birinə çevrilib. Ötən dövr ərzində qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi “Evim Türkiyə” adı altında türk turizminin təbliğini uğurla gerçəkləşdirib. Bunun nəticəsidir ki, Türkiyə hazırda ən çox xarici qonağı olan ölkələr sırasında qeydə alınıb. Almaniya və Rusiyadan sonra Azərbaycan bu siyahıda 10-cu yerdə qərarlaşıb.
Türkiyə “İstanbulun tarixi əraziləri”, “Kapadokiya qayalıqları”, “Çatalhöyük”, “Xattusa: Hetin paytaxtı”, “Troya” kimi 17 UNESCO ümumdünya irsinə sahibdir. Qardaş ölkədə dünyanın yeddi möcüzəsindən ikisi, dünyanın ən qədim dini məskunlaşma mərkəzi Göbəklitəpə və bir çox digər irslərə rast gəlmək mümkündür.
Son 20 il ərzində Türkiyə iqtisadiyyatında nəzərə çarpan volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya baxmayaraq, qardaş ölkə iqtisadiyyatı real ifadədə 3 dəfə böyüyüb. Belə ki, 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dolları keçib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması proqnozlaşdırılıb.
Onu da qeyd edək ki, 20 il əvvələ qədər daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkə kimi diqqət çəkir. Məsələn, təhsil sahəsində 10,3 milyard türk lirəsi olan illik büdcə 304 milyard türk lirəsindən çox artırılıb. Ümumi daxili məhsul 238 milyard ABŞ dollarından 1 trilyon ABŞ dollarına, satınalma gücü nisbətinə görə isə Türkiyə dünyanın ən böyük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviyyəsinə yüksəlib, ixracat 36 milyard dollardan 250 milyard dollara qədər artırılıb, dünyanın 228 ölkə və bölgəsinə ixracat həyata keçirilməyə başlanılıb.
Bu dövrdə Türkiyənin ÜDM-i 238 milyard ABŞ dollarından 1 trilyon ABŞ dollarına qədər artıb. Satınalma gücü nisbətinə görə Türkiyə dünyanın ən böyük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviyyəsinə yüksəlib.
Qardaş ölkənin xarici ticarət potensialı 500 milyard dollara çatdırılıb. Müdafiə sənayesi üzrə Türkiyə öz tələbatını qarşılamaqdan başqa, İHA, SİHA, Akıncı, quru vasitələri, dəniz platformaları başda olmaqla, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib, sənaye və texnologiya istiqamətində qurulan 152 yeni mütəşəkkil sənaye zonası, 29 sənaye zonası və 94 texnoparkla ölkənin istehsal gücü artırılıb, yerli avtomobil TOGG-un istehsalı başa çatdırılıb.
V.BAYRAMOV
XQ