Ermənistan irqçi siyasəti davam etdirir

post-img

Məlumdur ki, Ermənistan azərbaycanlıları etnik təmizləməyə məruz qoyması, Azərbaycana qarşı münaqişə başlatması və regionda özünütəcrid siyasəti nəticəsində ciddi demoqrafik böhranla üzləşib. 

Bu günlərdə Ermənistan Cenevrədə demoqrafiya mövzusunda keçirilmiş re­gional konfransda özünün 2023-2040-cı illər üzrə demoqrafiya strategiyasını təq­dim edib. 

Strategiya Ermənistan hökuməti­nin etnik ayrı-seçkiliyə əsaslanan irqçi siyasətini bir daha sübut edir. Belə ki, strategiyada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsi yer almır. Sənəddə repatriasiya bir hüquq və dövlətin təşviq etməli olduğu məqsəd kimi ancaq etnik ermənilərə aid edilir. Ciddi demoqrafik böhranla üzləşmiş bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstə­ricisidir.

Bu barədə Qərbi Azərbaycan İcması­nın bəyanatında bildirilib. 

Qərbi Azərbaycan İcması bəyanatın­da vurğulayır ki, Ermənistanın demoqra­fik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və Ermənistan­dan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir. 

İcma Ermənistan hökumətini sülhü seçməyə, monoetniklik siyasətindən əl çəkməyə, etnik müxtəlifliyə əsasla­nan birgəyaşayış prinsiplərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışını təmin etməyə çağırır.

XQ

Siyasət