Anadolu – haqq, ədalət torpağı

post-img

Bu gün dünyada gərgin siyasi proseslər gedir, faktiki olaraq yeni düzən formalaşır. Bu, planetin gələcəyi üçün olduqca mühüm önəmi olan bir hadisədir. Əlamətdar haldır ki, Türkiyə dövləti bu mühüm prosesdə qlobal güc mərkəzi olaraq iştirak edir. 

Bakı Dövlət Universitetinin Türk filo­logiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publi­sist Rüfət Rüstəmov Türkiyənin dünya siyasəsətində yeri və rolu barədə söz düşəndə bunları dedi: 

– Əvvəla onu qeyd etmək lazımdır ki, müasir Türkiyə zəngin ənənələri olan sivil, demokratik ölkədir. Bu il ma­yın 14-ü və 28-də bu ölkədə keçirilən prezident seçkiləri bunu bir daha təsdiq etdi. Ankara bu prosesdən daha güclü və qüdrətli bir siyasət mərkəzi olaraq çıxdı. 

Seçkilərin təkcə Türkiyə üçün de­yil, bütün region dövlətləri, eləcə də türkdilli xalqlar üçün böyük əhəmiyyəti var idi. Belə ki, bu gün dünyanın yeni düzəni formalaşır. Bu proses artıq həl­ledici mərhələyə qədəm qoyub. Belə bir taleyüklü məqamda Türkiyənin güclü və qüdrətli olması son dərəcə vacibdir. 

Türkiyənin güclənməsinin qarşısını almaq istəyən bədnam qüvvələr var və bunu hətta açıq şəkildə etiraf edir­lər. Amma onlar unudurlar ki, türk ruhu hər zaman güclüdür və heç vaxt yenil­məyib. Türklər müstəqil dövlət qurmağı bacaran və onu yaşadan xalqlardandır. Onlar tarix boyu 25-dən çox dövlət və imperiyalar qurublar. Bu gün Türkiyə hər zaman olduğundan daha güclüdür və haqqın-ədalətin dayanan, sözünü deyən bir ölkədir. 

Bu məqamda bir faktı yadınıza sal­maq istəyirəm. Məlumdur ki, Osmanlı imperiyası Birinci Dünya Müharibəsində məğlub olmuşdu və onun torpaqlarının bir hissəsini qalib dövlətlər yağmalamış­dı. Bu, düşmənlərin sevincinə səbəb ol­muşdu. Amma onlar türk ruhunun nəyə qadir olduğunu unutmuşdular. 

Qərbin heç gözləmədiyi bir halda ortaya Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz ətrafında birləşdirərək Qurtu­luş Savaşına başladı. “Əhalisi, əsasən, türklərdən ibarət bölgələr türk sərhə­di olaraq da qalmalıdır” fikrindən yola çıxan mübarizlərin 30 avqust 1922-ci ildə Meydan Savaşını qazanması nə­ticəsində işğalçı güclər indiki Türkiyə torpaqlarından geri çəkilməyə məcbur oldular. 

İstanbulun qurtuluşundan sonra isə Lozanna sülh müqaviləsi imzalandı: Osmanlı imperiyası tarix səhnəsindən silindi, yerində yeni dövlət – Türkiyə adlı respublika quruldu. 29 oktyabr 1923-cü ilə qədər sürən danışıqlardan sonra Cümhuriyyətin yaranması və An­karanın paytaxt olması bütün dünyaya bəyan edildi. Fəxrlə demək lazımdır ki, bizim müdrik ulu babalarımız o ağır günlərdə türk qardaşlarının yanında olublar.

Bu gün bu cümhuriyyətin 100 yaşı tamam olur. Bu an qeyri-ixtiyari olaraq qəlbimdən dilimə Böyük Atatürkün söy­lədiyi bu ecazkar sözlər axır: Nə mutlu türkəm deyənə! 

Hazırda Türkiyə dünyanın ən sivil və demokratik dövlətlərindən biridir. Xoşbəxtlikdən son iyirmi ildə qardaş ölkəyə çağdaş dünyanın ən müdrik və xarizmatik siyasətçilərindən olan Rəcəb Tayib Ərdoğan rəhbərlik edir. Onu haqlı olaraq “Əzilən dünyanın gur səsi” adlandırırlar. “Dünya beşdən böyükdür!” deyən Türkiyə lideri qlo­bal siyasətdə mərdliyin, mənəviyyatın, ədalətin rəmzinə çevrilib. Bütün bunlar bizim gözlərimiz önündə cərəyan edir. Bundan necə qürur duymamaq olar! 

Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır! Xalqı­mızın üç il bundan əvvəl Qarabağda düşmənə qarşı apardığı 44 günlük şan­lı savaş günlərində də türk qardaşları­mız bizimlə birlikdə olublar. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unut­mayacaq! 

Bu gün möhtərəm prezidentlərimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətlərinə bütün dünya heyran qalıbdır. Dostlarımız buna görə çox sevinir, şad olur, düş­mənlər isə qəm dəryasına düçar olurlar. 

Bakı və Ankara əl-ələ verərək re­gionda sülhü, təhlükəsizliyi və sabitliyi qorumaq üçün çalışır. Azərbaycan regi­onun iqtisadi lokomotivinə çevrilir. Dü­şünürəm ki, türk dünyasını quru yolla birləşdirəcək Zəngəzur dəhlizinin açıl­ması zamanın tələbidir və bu, mütləq həyata keçiriləcək. 

Əlahəzrət Zaman Türkiyənin və dünyadakı bütün türklərin xeyrinə işlə­yir. Üfüqdən regiona və bütün dünyaya sülh və təhlükəsizlik missiyasını icra et­məyə hazır olan Böyük Turan boylanır. 

 

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ



Siyasət