Sənaye zonaları qeyri-neft sektorunu gücləndirir

post-img

Hacıqabul Sənaye Məhəlləsində ilin əvvəlindən 50 milyon manatlıq məhsul istehsal olunub

Prezident İlham Əliyevin qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri günümüzün reallığına çevrilib. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ötən zaman ərzində reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub. 

Son illərdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan səna­ye zonalarının yaradılması da diqqət mərkəzində saxlanılıb. Bunun nəticəi­dir ki, indiyədək respublikada 7 sənaye parkı və 5 sənaye məhəlləsi istifadəyə verilib. Həmin sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq sub­yektinə rezident statusu verilib və on­lardan 68-i, yaxud 51,9 faizi istehsal fəaliyyətinə başlayıb. Sənaye zona­larına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb.

Sənaye parkı və məhəllələrində ötən müddət ərzində, ümumilikdə, 10,23 milyard manatlıq məhsul isteh­sal edilib və onun 3,35 milyard manat­lıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında isə bu müəssisələrin satdığı 1,4 milyard manat dəyərində məhsulun 33,2 faizi, yəni 470,6 milyon manatlığı ixraca yönəldilib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sektorunda xü­susi çəkisi isə 16,5 faiz, qeyri-neft sə­naye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. Ötən 9 ayda sənaye zonalarının müəssisələ­rində məhsul istehsalının dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 milyard manata çatıb. Bu­nun da 31,2 faizi 50-dən artıq ölkəyə satılıb. 

Sənaye zonalarının dinamik inkişafı Hacıqabul Sənaye Məhəlləsində fəa­liyyət göstərən “Penoplex Prikavkaz­ye” MMC-nin istilik izolyasiya lövhələri­nin istehsalı müəssisəsinin timsalında daha aydın nəzərə çarpır. İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumata görə, innova­tiv texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistirol­dan istifadə edilir. 100 faiz Rusiya kapi­talı olan müəssisənin investisiya dəyəri 18,4 milyon manatdır. 

İllik istehsal gücü 100 min kubmetr olan müəssisədə istehsal olunan məh­sulların 60 faizinin daxili, 40 faizinin isə xarici bazarlara satılması planlaşdırılır.

Sənaye məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə döv­lət vəsaiti hesabına hazır infrastruk­turla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Eyni zamanda, İqtisadiy­yat Nazirliyi tərəfindən verilmiş inves­tisiya təşviq sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsa­itə qənaət (gömrük rüsumu və ƏDV) edilib.

Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahib­karların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişa­fının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox insanın daimi işlə təmin edildiyi bu sənaye məhəlləsin­də ümumi investisiya həcmi 163 mil­yon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq sənaye məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılma­sı, 1500-dən artıq iş yerinin yaradılma­sı nəzərdə tutulub.

2023-cü ilin 9 ayında Hacıqabul Sənaye Məhəlləsində 50 milyon ma­natlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97 faiz artım (2022-ci ilin 9 ayında 25,8 milyon manatlıq məhsul istehsal edilib) deməkdir.

İndiyədək sənaye məhəlləsinin re­zidentləri tərəfindən 95 milyon manata yaxın məhsul istehsal olunub ki, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.

XQ

İqtisadiyyat