Ədliyyə Nazirliyinin əməkdaşları “Açıq qapı” günləri çərçivəsində muxtar respublikanın şəhər və rayonlarında təşkil olunan qəbulları davam etdirirlər. Həmin çərçivədə növbəti görüş oktyabrın 27-də Kəngərli Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb. Həmçinin başqa qurumlara aid məsələlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub.
Qeyd edək ki, vətəndaş müraciətlərinin dinlənilməsi hər ay üzrə keçirilir. Növbəti görüşün Babək rayonunda keçirilməsi nəzərdə tutulub.