Paşinyanın “The Wall Street Journal”a müsahibəsi və unutduğu reallıqlar

post-img

Nikolun erməni avantürası naminə uydurduqları

Ermənistan baş naziri Nikol Paşinyanın nüfuzlu ABŞ nəşri “The Wall Street Journal”a müsahibəsinə bir neçə aspektdən nəzər salmağa ehtiyac var. Birinci aspekt Azərbaycanla, ikincisi isə Rusiya ilə münasibətlərdir. Hər iki istiqamət üzrə ayrı-ayrı məqamları təhlil edərkən, ortaya üç nəticə çıxır. 1. Ermənistan ölkəmizlə durumun normallaşmasını istəmir. 2. İrəvan Moskva ilə vəziyyətin mürəkkəbləşməsinə səy göstərir. Nəinki səy göstərir, bu istiqamətdə ciddi çalışır. 3. Ermənistan Azərbaycanla əlaqədar məsələlərdə Rusiyanı, Rusiya ilə bağlı məsələlərdə isə Azərbaycanı ittiham yolu tutur. Elə fon yaradır ki, sanki Bakı ilə Moskva İrəvanı təkləyiblər. Heç şübhəsiz, bu gediş Qərbdən daha böyük dəstək almağa hesablanıb. 

Detallara gəlincə, əvvəlcə ondan başlayaq ki, Ermənistanın baş naziri son dövrlər bütün müsahibələrində ol­duğu kimi, yenə də anti-Rusiya xəttinə sadiqdir. Həm sadiqdir, həm də bu xət­ti, belə demək mümkünsə, zənginləş­dirməkdədir. Nikol əvvəllər Qarabağla bağlı Rusiya sülhməramlıları üzərinə yüklənirdisə, onların bölgədəki fəaliy­yətinin səmərəsizliyinə dair rəy forma­laşdırırdısa və nəticə etibarilə Rusiya­nın Ermənistan üçün əhəmiyyətsizliyi eyhamını vururdusa, artıq yanaşmada müəyyən dəyişiklik var. Dəyişiklik özü­nü, bütövlükdə, Rusiyanın Ermənis­tandakı hərbi mövcudluğuna ehtiya­cın duyulmadığının vurğulanmasında göstərməkdədir. Söhbət Gümrüdəki 102-ci Rusiya hərbi bazasından gedir. Paşinyan həmin bazanın təhlükəsizlik baxımından ölkəsinə heç bir üstün­lük qazandırmadığı qənaətini bölüşür. Deməli, sülhməramlılardan sonra Er­mənistanın anti-Rusiya ritorikasına daha bir seqment əlavə olunur. Çox güman ki, Nikol gələcəkdə mövzunu genişləndirəcək. Tam mümkündür ki, “zəhmətkeş və vətənpərvər ermənilə­rin” Gümrüdə mitinqini də təşkil edib rusların getməsini tələb etsin. Mitinq və nümayiş tam onun üslubudur...

Əlbəttə, Qarabağdakı Rusiya sülh­məramlılarına ünvanlanmış ittiham da Paşinyanın gündəmindən düşməyib. İndi Nikol onları daha ciddi şəkildə qı­namağa başlayıb. Baş nazirin sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağ ermənilərinin tələbatlarına cavab ver­məyiblər: “Uğursuzluqdan danışarkən, onu nəzərdə tuturam ki, Rusiya sülh­məramlı qoşunları Dağlıq Qarabağ er­mənilərinin təhlükəsizliyini təmin edə bilməyiblər və ya etmək istəməyiblər”.

Maraqlıdır ki, N.Paşinyan Rusiya sülhməramlıları ilə bağlı məsələyə Qa­rabağ ermənilərinin bölgəyə qayıtmaları kontekstində toxunub. Baş nazir əvvəl­cə deyib ki, onların əraziyə geri dönmək imkanları və ya istəyi olmasa, Ermə­nistanda qalmaları və yaşamaları üçün hər şey ediləcək. Nikol onu da bildirib ki, region sülhsevər olarsa, ölkəsi də sülhsevər olacaq. “Elə bir vəziyyət ola bilməz ki, region dinc olmasın, amma Ermənistan sülhsevər olsun. Ona görə də biz heç bir halda dünya haqqında fi­kirlərə qarşı çıxmırıq və ya regionu dün­yanın maraqlarından ayırmırıq”. 

Bu, o deməkdir ki, birincisi, Paşin­yan Qarabağ ermənilərinin bölgəyə indiki şərtlərlə qayıtmalarını istəmir. Çünki hazırda, bu, həm də Rusiya sülhməramlılarının missiyasının dava­mı olacaq. Region sülhsevər deyilsə və rus sülhməramlı kontingenti sülhü təmin edə bilmirsə, deməli, başqa yollar axta­rılmalıdır. Başqa yolları isə Qərb müəy­yənləşdirib. Söhbət Qarabağ ermənilə­rinin hüquq və təhlükəsizliyinin təminatı üçün bölgəyə BMT sülhməramlılarının yeridilməsi ideyasından gedir. Bu fikri səsləndirən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Paşinyanın baxışlarındakı regionu dünyanın ma­raqlarından ayrı “tutmamaq” kazusu isə bölgəni Rusiyanın maraq dairəsindən çıxarıb Qərbin nəzartinə daxil etməkdir. Buna görə də Nikol anti-Azərbaycan ri­torikasını ölməyə qoymur. Yəni, çalışır ki, Qərb hərbi libasda Cənubi Qafqaza, konkret olaraq Qarabağa erməni avan­türasını yaşatmaq məqsədilə ayaq bas­sın. 

***

Erməni baş nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbayca­nın digər ərazilərini Naxçıvanla birləş­dirən yoldan bəhs edir. Onun ölkəmiz üzərindən anti-Rusiya köklənişini təs­diqləyən daha bir məqam da elə budur. Paşinyan son üç ayda artıq ikinci dəfə­dir ki, üçtərəfli Bəyanatda yazılanları görməzdən gəlir. Sənədin 9-cu bəndin­də isə bildirilir ki, “bölgədəki bütün iqti­sadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Res­publikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmə­tinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Res­publikası ilə Azərbaycanın qərb rayonla­rını birləşdirən yeni nəqliyyat kommuni­kasiyalarının inşası təmin ediləcək”.

Bəri başdan deyək ki, Ermənistan əvvəla bu bəndin son cümləsində yer alan müddəa ilə razı deyil. Yəni, hazırda Naxçıvan Muxtar Respublikası ilə Azər­baycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının in­şası aparılmır. Ən əsası isə Nikol müsa­hibəsində deyir ki, heç bir yerdə Rusiya Federasiyasının hər hansı qurumunun Ermənistanın hansısa ərazisinə nəzarət etməli olduğu yazılmayıb. Halbuki, ya­zıldığını gördük... 

N.Paşinyan Azərbaycanla Naxçıva­nın əlaqəsi ilə bağlı ayrıca gündəmin olmadığını vurğulasa da, məsələnin regional kommunikasiyaların açılması kontekstində mövcudluğunu bildirir və bunun bütün regional kommunikasiya­ların açıqlığı şəraitində reallaşmasından danışır. Özü də şərt formasında. Ermə­ni baş nazirin məntiqi anlaşılmır. Çox güman, digər kommunikasiyalar dedik­də Laçın yolundan danışır. Göründüyü qədərilə, Nikol tamam başqa havalara köklənərək, həyasızlıq edir. 

Yeri gəlmişkən, erməni baş nazi­rin həyasızlığı kontekstində vurğulan­malı digər mətləblər də var. Məsələn, o, Ermənistanın suveren hüququnun məhdudlaşdırılmasına razılaşıldığının heç yerdə yazılmadığından danışır. Görəsən, belə bir razılıq haradasa söz­bəsöz yazılmalıdır? Paşinyanın məntiqi ilə yanaşsaq, üçtərəfli Bəyanatda qeyd edilməli idi ki, Ermənistan öz suveren hüququnu məhdudlaşdırmağa razıdır. Belə bir şey yoxdursa, deməli, məsələ mümkünsüzdür. Hər halda, bundan böyük həyasızlıq ola bilməz. Təsəvvür edin, iki nəfər dalaşır, biri o birini yıxır yerə, amma yazığı gəlib vurmaq istəmir və yıxılan ayağa qalxıb basılmadığını iddia edir. Nikol da təxminən, belə deyir. Onun söz oyununa üstünlük verdiyi gün kimi aydındır... 

***

N.Paşinyanın ABŞ jurnalına müsa­hibəsinin digər yerlərində də söz oyu­nu var. Konkret olaraq Naxçıvan yo­lunda Rusiyanın təhlükəsizlik təminatı məsələsindən bəhs edən erməni baş nazir birdən-birə Qarabağ müstəvisinə keçir. Deyir ki, ümumiyyətlə, Rusiya sül­hməramlı qoşunlarının bölgədəki missi­yasının uğursuzluğundan sonra bir çox suallar yaranır. “Bu suallar qanunidir, çünki uğursuzluq dedikdə, Rusiya sül­hməramlılarının Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edə bilmədiyini və ya təmin etmək istəmədiyini nəzərdə tuturam” deyərkən Paşinyan, əslində, bildirmək istəyir ki, Rusiya Qarabağda təhlükəsizlik mühiti formalaşdıra bilmə­disə, deməli, Naxçıvana gedən yolda da bunu gerçəkləşdirməsi mümkünsüzdür. Göründüyü kimi, Nikol eyhamlı şəkildə Moskvanı ələ salmaq yolu tutmaqdadır. 

Ancaq erməni baş nazir Aİ Şurası­nın prezidenti Ş.Mişelin söylədiklərinə, həmçinin özünün Avropa Parlamentinin tribunasında dediklərinə fokuslanaraq, onu da bildirir ki, ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional kom­munikasiyalar açılmalıdır. O deyir: “Belə olan halda, Azərbaycan beynəlxalq ti­carət üçün Ermənistanın nəqliyyat mar­şrutlarından istifadə edə bilərmi? Bəli, buna əminəm! Ermənistan beynəlxalq ticarət üçün Azərbaycan yollarından is­tifadə edə bilməlidirmi? Bəli! Beynəlxalq treyderlər qlobal ticarət kontekstində Er­mənistan vasitəsilə Türkiyə, İran və Gür­cüstanla ticarət edə bilməlidirlərmi? Bəli! Və biz bu təklifi veririk, bu qərara hazırıq və bu təklifi “dünyanın kəsişməsi” adlan­dırırıq. Bütün tərəfdaşlarımızı layihəni birlikdə həyata keçirməyə dəvət edirik”.

Deməli, əsas məsələ ondadır ki, Paşinyan üçtərəfli Bəyanatın şərtlərini pozmaqla yeni reallıq formalaşdırmaq fikrinə düşüb. “Dünyanın kəsişməsi” layihəsi elə budur. Nikolun komanda­sının üzvləri əvvəllər məsələni “Ermə­ni kəsişməsi” adlandırırdılar. Görünür, sonradan mövzuya, öz aləmlərində, daha qlobal məzmun qazandırmağa girişdilər. Əlbəttə, ilk baxışdan layihə cəlbedici görünə bilər. Amma haqqında söz açdığımız üçtərəfli Bəyanat olmasa. Nəzərə alaq ki, qeyd etdiyimiz zəmində sənəddən imtinada məqsəd, bir daha bildirək: Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır. 

Ancaq Nikolun unutduğu bir məqam var. O məqam bundan ibarətdir ki, Er­mənistanın Naxçıvana gedəcək yoldakı təhlükəsizlik təminatına inam və etibar yoxdur. Ona görə Azərbaycan bildirir ki, İrəvan hazırkı şərtlərlə razı deyilsə, ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yol İrandan keçəcək. Bu isə o deməkdir ki, Ermənistan belə demək mümkünsə, “dünyanı kəsişdirə” bil­məyəcək. Nəinki bilməyəcək, özü dün­yadan təcrid durumunda qalacaq. Hər halda, İrəvana öz imzasından imtinanın hansı mənfi nəticələr doğuracağını an­latmaq lazımdır. Halbuki, durum üçtərəf­li Bəyanatdakı kimi olsaydı, Ermənistan tranzit əraziyə çevriləcək və gəlir əldə edəcəkdi. 

***

Əlbəttə, N.Paşinyanın “The Wall Street Journal”a müsahibəsində söy­lədiklərinə ümumi şəkildə nəzər yetir­sək, onun yanaşmasını Azərbaycanla sülhdən yayınmaq kimi qiymətləndir­mək mümkündür. Bu, özünü Nikolun danışıqlar prosesinə münasibətində də göstərməkdədir. 

Ümumən, son zamanlar hiss olunur ki, Paşinyan Azərbaycan–Ermənistan münasibətlərini nizamlama prosesi­nin Qərb formatına, daha dəqiq desək, ənənəvi Brüssel gündəliyinə “Qranada motivlərini” əlavə etməkdədir. Ermənis­tan baş naziri bu il oktyabrın 5-də Av­ropa Siyasi Birliyinin Qranadada keçiril­miş üçüncü zirvə toplantısında özünün, Fransa prezidenti Emmanuel Makro­nun, Almaniya Kansleri Olaf Şoltsun və Aİ Şurasının prezidenti Ş.Mişelin imza­ladıqları sənədləri ehkamlaşdırmaq yolu tutur. Belə münasibət Qarabağ ermə­nilərini ayrıca zümrə kimi təsəvvürə gə­tirməyə, onların hüquq və təhlükəsizliyi ilə bağlı manipulyasiyalara hesablanıb. Yazımızın əvvəlində bununla əlaqədar söz açdığımızdan yenidən məsələyə qayıtmaq istəməzdik.

***

Bəli, Ermənistanın Qarabağ ermə­nilərinin bölgəyə qayıtmaq üçün hüquq və təhlükəsizlik şərtini irəli sürməsi Azərbaycanın bununla bağlı konstitus­yon əsasda verdiyi təminatların heçə sayılması mənqtindən irəli gəlir. Nəticə etibarilə onların ayrıca statusa malik təbəqə kimi götürülməsi xətti seçilir ki, bu, gələcəkdə Qarabağın Azərbaycan­dan kənar ərazi kimi rəsmiləşməsinin ilk addımları kimi nəzərdə tutulmaqdadır. Elə Nikolun “The Wall Street Journal”a müsahibəsində də bu məqsəd özünü göstərməkdədir. 

Beləliklə, Paşinyan Azərbaycanla sülh gündəliyi baxımından üç prinsip açıqlayır. Onun sözlərinə görə, birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-bi­rinin ərazi bütövlüyünü tanıyırlar. “Bu müddəa Praqada (2022-ci ilin oktyab­rın 6-da) keçirilən toplantıda elan edilib və 2023-cü il mayın 14-də Brüsseldə daha bir addım atılıb. Azərbaycan Er­mənistanın 29800 kvadratkilometrdəki ərazi bütövlüyünü, Ermənistanın isə Azərbaycanın 86600 kvadratkilometrlik ərazidə suveren haqlarını tanıyıb”, – deyən erməni baş nazirin sırf mövcud xüsusda söylədiklərinin üzərində geniş dayanmağa ehtiyac yoxdur. Çünki bu­rada hər şey aydındır. Amma...

Paşinyan bildirib ki, ikinci prinsip Ermənistanla Azərbaycan arasında sər­hədlərin delimitasiyasıdır. O, bu prose­sin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalı olduğunu vurğula­yıb: “Xüsusiyyət ondadır ki, bu bəyan­namənin imzalanması zamanı Sovet İttifaqı respublikaları artıq müstəqil ölkələrə çevrilmişdilər və ya de-fakto müstəqil olmuşdular. Alma-Ata Bəyan­naməsində onlar arasında mövcud sovet inzibati sərhədlərinin dövlət sər­hədləri kimi tanındığı bildirilirdi. Sərhəd­lərin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında baş verməlidir deyəndə nəzərdə tuturuq ki, o dövrdə mövcud olan dövlət xəritələri alınmalı və onlar əsas götürülməlidir”.

Qeyd edək ki, N.Paşinyan əvvəllər Qarabağ da daxil olmaqla Azərbayca­nın ərazi bütövlüyünü tanıdığını bildirir­di. Nədənsə son zamanlar tanınmadan söz düşəndə “Qarabağ” sözünü işlətmir. “Əmma” da elə bundadır. Diqqət yetirək, Alma-Ata Bəyannaməsinə qədər keçmiş SSRİ respublikalarının bir çoxu müstəqil olmuşdularsa, yaxud de-fakto müstəqil idilərsə, bir anlıq 1991-ci ilin dekabrın əvvəlində Qarabağda referendumun keçirilməsini, azərbaycanlıların iştirak etmədikləri, yalnız ermənilərin qatıldıq­ları prosesdə Qarabağın müstəqilliyinə səs verildiyini yada salaq. Dekabrın 21-də isə Alma-Ata Bəyannaməsi imzalan­mışdı. 

Yeri gəlmişkən, Qarabağdakı artıq canını tapşırmış separatçı rejimin keç­miş rəhbəri Samvel Şahramanyanın bu günlərdə söylədiklərinə də nəzər salaq. O, dedi ki, heç kəs “Dağlıq Qarabağ Respublikası”nı ləğv edə bilməz, çünki o, referendum nəticəsində, yəni “Artsax xalqının” iradəsi ilə yaranıb. Deməli, Ermənistan nə zamansa qanunun geri işləməməsi prinsipinə əsasən, Alma-A­ta Bəyannaməsinin Qarabağa heç bir aidiyyatının olmadığını bildirə bilər. Hər halda dəfələrlə sözündən dönən birinin belə bir manipulyasiyaya baş vurma­yacağına heç kəs təminat verə bilməz. Xəritələrdən söz düşmüşkən, “Artsaxın xəritəsi” deyilən kağız parçası da var. Üstəlik, “Böyük Ermənistanın” da... 

İndi tam aydın olur ki, əvvəldə haqqında danışdığımız Qarabağ er­mənilərinin hüquq və təhlükəsizliyi baxımından beynəlxalq təminat mən­tiqi bölgədə erməni avantürizminin da­vamına hesablanıb. Müvafiq olaraq bu davam üçün İrəvan tərəfindən Rusiya sülhməramlılarından imtina və onların yerini BMT sülhməramlılarının tutması irəli sürülür. Nəticəyə gəlirik ki, Paşin­yan Qarabağ avantürasını Moskvanın egidasından çıxarıb Qərbin sərəncamı­na təslim etmək barədə düşünür. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məhz buna görə deyir ki, təmsil olundu­ğu qurumun başlıca vəzifəsi Qarabağ ermənilərinin öz evlərinə qayıtmalarıdır. Görəsən, T.Klaar və onun digər dostla­rı, o cümlədən, Aİ Şurasının prezidenti Ş.Mişel nə üçün Qarabağ boşaldılan­da, insanların öz evlərindən getməməsi mövzusunda çağırış səsləndirmədilər? Elə buradan da tam aydın görünür ki, “ssenari” əvvəlcədən hazırlanmışdı. 

Deməli, Qarabağ ermənilərinin apar-topar bölgədən çıxmaları məqsəd­li imiş. Başlıca məqsəd isə beynəlxalq miqyasda “etnik təmizləmə” şousu ya­ratmaqla, Azərbaycana təzyiq göstər­mək, ölkəmizin Qarabağda erməni avantürizminin saxlanmasına razı sal­maq idi. Ən əsası isə nəticə etibarilə Azərbaycanın suverenliyini şübhələn­dirmək xülyasına baş vurulur. Əlbəttə, bu şübhələndirmək yekunda Ermənis­tanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi üçün baza formalaşdırmaq məramından irəli gəlməkdədir. Hər hal­da, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən Nikol olmuşdu.

Paşinyanın “The Wall Street Jour­nal”a müsahibəsində Qərb formatı çər­çivəsindəki Azərbaycan–Ermənistan danışıqları ilə bağlı səsləndirdiyi üçüncü prinsip də mahiyyətcə əvvəl diqqətə çat­dırdıqlarımızın davamıdır. Onun söylə­diklərindən belə qənaətə gəlmək olar ki, regional kommunikasiyalar, o cümlədən, Ermənistan və Azərbaycan arasında av­tomobil və dəmir yolları üçtərəfli Bəyanat məntiqindən kənar açılmalıdır. Yəni, belə demək mümkünsə, Rusiyasızlıq əsas götürülməlidir. Hər halda, Nikolun ölkələ­rin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlılığı prinsiplərinin üzərində da­yanması məhz buna görədir. 

***

Əlbəttə, məsələ heç də onda deyil ki, üçtərəfli Bəyanat Ermənistanın ərazi bütövlüyünü təhdid edir. Hərçənd, rəsmi İrəvan, o cümlədən, baş nazir Paşinyan məsələyə məhz bu kontekstdən yanaş­maqdadır. Əslində, sənəd Ermənistanın müharibədə məğlub olmuş tərəf kimi üzərinə götürdüyü öhdəlikdir. O öhdəlik ki, İrəvanı tamamilə iflasdan qurtarmış­dı. O öhdəlik ki, Ermənistan onu başqa­sının torpağını işğalda saxlamağın aqi­bəti kimi qəbul etmişdi. 

Ancaq N.Paşinyanın “The Wall Stre­et Journal”a müsahibəsindən ümumən belə görünür, erməni iqtidarı keçmişin dərslərini unutmaqdadır. Halbuki, unut­mamalı və reallıqları dəyişdirməyə cəhd göstərməməli idi. Nəzərə almalı idi ki, nəyisə dəyişdirmək istəyi həm də Cənu­bi Qafqazda sülhə qarşı çıxmaqdır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət