Colinin əyri güzgüsü

post-img

Okeanın o tayındakı aynalar gerçəkliyi tərsinə göstərirmiş

Əslində, buna təbii baxmalıyıq. Axı, arada az qala yarım sutkalıq zaman fərqi var. Üstəlik, Günəşin şüaları Atlantik okeanından bərq vurub onlara həqiqəti “güzgü ef­fektində” göstərir. Söhbət uzaq Kanadadan, daha doğrusu, Kana­danın xarici işlər naziri Melani Co­linin İrəvana səfəri zamanı dediyi yalanlardan gedir.

Kanadanın Ermənistanda özünün konsulluğunu və ya səfirliyini açması ilə işimiz yoxdur. BMT üzvü olan iki ölkə öz aralarında diplomatik əlaqələr qurur, nü­mayəndəliklərini təsis edirlər. Buna kim nə deyə bilər? Amma bu zaman okeanın o tayından Cənubi Qafqaza təşrif buyur­muş xanım Colinin İrəvanda Azərbaycan əleyhinə həqiqətdən uzaq, diplomatik eti­ketə və siyasi məntiqə sığmayan fikirlər səsləndirməsi bu ranqlı məmura yaraşan sifət deyil.

Ölkəsinin Ermənistan paytaxtında səfirliyinin açılış mərasimindən sonra düzənlədiyi mətbuat konfransında xarici işlər naziri Melani Coli Kanadanın Ermə­nistanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Buna sözümüz yox. Ardınca “güc tətbiq etməmək prinsipinə riayət olunmasının vacibliyini” vurğulayan xa­nım nazir Azərbaycanı “Qarabağın ermə­ni əhalisinin doğma ocaqlarına (?) qayıt­maq hüququnu tanımağa” çağırıb.

Qafqaz məsələləri üzrə ekspert qis­mində çıxış edən Kanadanın xarici işlər naziri ermənilərin Qarabağdan köçmə­sinin səbəbi kimi “Dağlıq Qarabağın (?) uzun müddət qanunsuz olaraq blokada­da saxlanmasını, Bakının 19 sentyabr “hərbi təcavüzünü” yada salıb. Bununla da kifayətlənməyən fransız əsilli nazir “təcavüzkar Azərbaycana qarşı sanksi­yaların tətbiq olunmasının mümkünlüyü barədə” suala da maraqlı cavab verib: “Bütün variantlar masa üzərindədir. Biz gözləyirik ki, Ermənistanın ərazi bütöv­lüyünə hörmət ediləcək. Ona görə bu məsələyə böyük diqqət yetiririk”.

Melani Colinin Kanadada erməni lobbisinə, yaxud ermənipərəst hansısa icmaya yaxın olduğu danışığından bəlli olur. Fəqət onun Azərbaycanın ünvanına kirlənmiş ittihamlar səsləndirməsi böl­gədə baş verən son hadisələrdən tam bixəbər olmasından, köhnə mahnıların havasına oynamasından xəbər verir. Məgər Bakı Qarabağ ermənilərinin geri qayıtmalarına şərait yaratmaqdan boyun qaçırır? Bunu dəfələrlə demişik: qayıtsın­lar, bayrağımızın altından keçsinlər və bərabərhüquqlu vətəndaşlarımız olaraq normal həyatlarını yaşasınlar. Kanadanın baş diplomat xanımı Coliyə isə okeanın o tayına qayıdandan sonra trümosunda­kı güzgünün tozunu silməsini məsləhət görərdik. Bəlkə onda aynada həqiqətləri deformasiyaya uğramış şəkildə deyil, ol­duğu kimi görə bildi. Yəqin o zaman İrə­vanda önünə çələng qoyduğu “soyqırımı abidəsinin” də tarixin “əyri güzgüsünün” fəsadları olduğunu anlamış olar.

İ.HƏSƏNQALA
XQ

Siyasət