ABŞ jurnalında erməni müəllifin sayıqlamalarına sözardı
Beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşan Azərbaycan Ermənistana qarşı ərazi iddialarının olmadığını dəfələrlə bəyan edib. Bununla bağlı öz fikirlərini Prezident İlham Əliyev də bir neçə dəfə açıqlayıb.
Dövlətimizin başçısı iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində bildirib ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Lakin bütün bu acılara baxmayaraq, biz qisas almadıq: “Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.
Prezident İlham Əliyev müsahibənin davamında ona ünvanlanmış “Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?” sualına cavab olaraq isə deyib: “...Mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik münasibətlər quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var”.
Dövlətimizin başçısı müsahibə zamanı Azərbaycanın müharibə istəmədiyini aydın şəkildə ifadə edib: “Onlara digər mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər. Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik”.
Sonuncu dəfə oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuliyə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev bu mövzuda bildirib ki, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq.
Azərbaycan Prezidentinin köməkçisi– Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə “Politico” nəşrinə açıqlamasında ölkəmizin Zəngəzurla bağlı ərazi iddiasının olmadığını vurğulayıb.
Bundan əlavə, Qərbi Azərbaycan İcmasının dünən yaydığı bəyanatda da icmanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığı bildirilib. Qeyd olunub ki, Ermənistan hökuməti dialoqdan qaçmaq üçün icmanın, guya, ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. “Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç bir iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir”, – deyə bəyanatda vurğulanır.
Verilən yüksək səviyyəli açıqlamalara, imzalanan bəyanatlara baxmayaraq, Qərbin bir sıra media subyektləri yenə də Azərbaycanın Ermənistan ərazisinə hücuma hazırlaşdığını iddia edirlər. Bu istiqamətdə ilk olaraq Avropa İttifaqının siyasi həyatı ilə bağlı məlumatlar yayan və baş ofisi Brüsseldə yerləşən “Politico Europe” nəşri məlumat yaymışdı. Nəşr ABŞ-ın Dövlət katibi Antoni Blinkenin konqresmenlərlə görüşündə, guya, Azərbaycanın Ermənistana mümkün hücumu ilə bağlı xəbərdarlıq etdiyi barədə məqalə dərc etmişdi.
Bundan sonra “Vaşinqton Post” qəzetində “Azərbaycan Qarabağdan sonra Ermənistanın strateji zolağına göz dikib” sərlövhəli məqalə dərc olunmuşdu. Qəzetin əməkdaşının Zəngəzur dəhlizi üzərində dəmir yolu stansiyası olan Mehridən (Meğri) hazırladığı reportajda bildirilirdi ki, Mehri strateji yolayrıcındadır. Azərbaycan, İran, Türkiyə və Rusiya da daxil olmaqla, regional güclərin bura giriş üçün yarışması Mehrinin tezliklə özünü yeni müharibənin mərkəzində tapa biləcəyi qorxusunu artırır.
Bu sırada “The Financial Times” qəzetində dərc olunan “Azərbaycanın Ermənistan anklavı (?) üzərində qələbəsi növbəti müharibə qorxusunu artırır” sərlövhəli məqalə də diqqətdən yayınmır. Həmin yazıda qeyd olunurdu ki, Azərbaycan cəmi 24 saat ərzində bölgəni (qondarma rejimin mövcud olduğu ərazilər nəzərdə tutulur–S.H.) nəzarətə götürüb. Qəzet cəfəng iddiaları davam etdirərək yazır: “Lakin Bakının davranışı yeni sülh dövrünü müjdələmək əvəzinə, qonşu Ermənistanı onun ambisiyalarının daha böyük olduğundan və münaqişənin hələ bitmədiyindən şübhələnməyə sövq edir”.
Azərbaycana qarşı yumşaq desək, qeyri-obyektiv yazıların dərc olunduğu Qərb mediasının siyahısını hələlik “Time” jurnalı bağlayır. Bir neçə gün öncə jurnalda “Azərbaycan Ermənistanı işğal edə bilər. ABŞ müdaxilə etməlidir” sərlövhəli məqalə dərc olunub. Qeyd olunub ki, oktyabrın 23-25-də keçirilən Türkiyə–Azərbaycan birgə hərbi təlimləri Azərbaycanın Ermənistana yaxınlaşan müdaxiləsinin (?) sübutudur. ABŞ-ın bunun qarşısını alması mümkündür və bunu etməlidir.
“İndi – dünya Qəzza zolağına baxdığı zaman ekspertlər Türkiyə ilə Azərbaycanın növbəti hədəfinin (?) suveren Ermənistan olduğuna inanırlar və ABŞ bu hadisələrdən xəbərdardır”, – deyə jurnal yazıb.
Qeyd etmək yerinə düşər ki, məqalənin milliyyətcə erməni olan müəllifi Simon Maqakyan, sözün əsl mənasında, sayıqlayıb. O, rəmzlərə diqqət yönəldərək belə bir nəticəyə gəlib ki, Azərbaycanın hərbi yük maşınlarının üzərindəki nida işarəsi Ermənistanın cənubunun “kəsilmiş hissəsini” simvolizə edir. Bundan əlavə, birgə hərbi təlimlərin tarixi Türkiyə Respublikasının elan olunmasının 100 illiyi şərəfinə oktyabrın 29-da keçiriləcək mərasimlərə yaxındır.
Müəllif təlimlərin adı ilə bağlı da “dərin düşüncələrə” dalıb və belə bir qənaətə gəlib: “Qarabağdakı etnik təmizləmə (?) ilə Bakı və Ankaranın ekspansionist ambisiyaları arasında əlaqəni hərbi təlimlərin adı da sübut edir – “Mustafa Kamal Atatürk–2023”.
Daha sonra Maqakyan rəsmi Vaşinqtondan gileylənib. Müəllifin fikrincə, ABŞ hələ sentyabr ayında Qarabağda “etnik təmizləmə”nin qarşısını almaq üçün alətlərə malik idi, lakin Bayden Administrasiyası sülh çağırışları ilə məhdudlaşırdı. Bildirilir ki, ABŞ bu məsələlərdən xəbərdardır, lakin Ukrayna və İsraili daha çox dəstəkləyir. “Bu isə bizi belə bir nəticəyə gəlməyə vadar edir ki, bəzi ölkələr bəzilərinin həyatı kimi, digərlərindən daha dəyərlidir”, – erməni müəllif Vaşiqtondan ümu-küsü edir.
“Time” jurnalında dərc olunan və cəfəng iddialarla bol olan məqalə bir daha sübut edir ki, özünü müstəqil, qərəzsiz, obyektiv və bitərəf adlandıran Qərb mediasının bəzi nümayəndələri, əslində, Azərbaycana qarşı təbliğatda müxtəlif dövlətlərin, yaxud siyasi qüvvələrin əlində alətə çevriliblər. Onlar proseslərlə bağlı birtərəfli və yalan məlumatlar yayaraq, auditoriyanı məqsədli şəkildə yanlış istiqamətə yönəldirlər. Ancaq müdrik atalarımız “Yalan ayaq tutar, amma yeriməz” – deyiblər. Onların yazdıqlarının cəfəngiyyat olduğunun sübuta yetirilməsi üçün də zamana ehtiyac var.
Aydın QULİYEV,
siyasi şərhçi
– Azərbaycanın, guya, Zəngəzur dəhlizinin açılması üçün Ermənistana hücum edəcəyi fikri, təbii ki, uydurma və böhtandır. Bu yanlış tezis ilk dəfə dövriyyəyə ABŞ Dövlət katibi Antoni Blinkenin adından buraxılsa da, dərhal elə Dövlət Departamenti tərəfindən belə bir fikrin səsləndirildiyi təkzib edildi. Buna baxmayaraq, görünür, bəzi beynəlxalq dairələr Azərbaycanla bağlı siyasətlərinin onlara sərf etdiyi məqamlarda yanlış tezislər üzərində qurulmasında belə maraqlıdırlar. Bu səbəbdən deyilən tezisin yalan olub-olmamasının onlar üçün elə bir fərqi yoxdur.
Ölkəmizin, guya, Ermənistana hücum edəcəyi ilə bağlı yanlış tezis, əslində, məqsədyönlü şəkildə dövriyyəyə buraxılıb. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar da bu cəfəng fikri həvəslə, necə deyərlər, ortada fırladırlar. Çünki bu, onların müəyyən niyyətlərinə və planlarına uyğun gəlir. O mənada ki, bu gün Ermənistanı silahlandıran bəzi beynəlxalq dairələr, o cümlədən, Fransa İrəvanın silahlandırılmasına haqq qazandırmaq, buna “zərurət donu” geyindirmək üçün Azərbaycanın hücuma hazırlaşdığına dair yalanı sırımağa çalışır. Bununla onlar ölkə daxilində ictimai rəydə yarana biləcək suallara hazır cavab tapmağa çalışırlar. Eyni zamanda, Ermənistanı müdafiə görüntüsü altında bölgəmizə soxulmağa cəhd edirlər. Odur ki, Azərbaycanın Türkiyə ilə birgə Ermənistana hücum edəcəyi fikri tamamilə yanlışdır və böhtandır.
Səxavət HƏMİD
XQ