Avropa İnsan Hüquqları üzrə Məhkəməsi Ermənistan hərbçilərinin Qarabağda törətdiyi cinayətlərdə İrəvanı təqsirləndirir
Kriminalistikada cinayətin törədilməsi motivinin və şəraitinin araşdırılması zamanı təhqiqatçıların qarşılaşdığı maraqlı bir hal var. Xüsusilə insan həyatına sui-qəsd, ölüm faktı ilə bağlı işlərdə bu məqam müstəntiqlər tərəfindən mütləq nəzərə alınır. Mütəxəssislərin gəldiyi qənaətə görə, hadisələrin doxsan faizində qatil tez, ya gec cinayəti törətdiyi məkana qayıdır. Bununla da “özünüifşa” baş verir və ağır cinayətin üstü açılır.
Avropa İnsan Hüquqları Məhkəməsi “Oqanesyan və Karapetyan Ermənistana qarşı” işi üzrə qətnaməsini elan edib. İş üzrə iddiaçı qismində Ermənistan vətəndaşları Mikael Oqanesyan və Svetlana Karapetyan çıxış edirdilər. Onların oğulları R.Oqanesyan və A.Sarkisyan Qarabağda hərbi xidmətlərini keçdikləri zaman öldürülüblər. Əsgərlərin hər ikisi orduya 2008 və 2009-cu illərdə Ermənistandan çağırılmış və hərbi xidmətlərini keçmək üçün “Dağlıq Qarabağ Respublikası”nda (AİHM-nin qətnaməsində keçmiş separatçı qurumun adı dırnaq işarəsi ilə verilib – red.) yerləşən hərbi hissəyə göndəriliblər.
2010-cu il iyulun 28-də R.Oqanesyan və A.Sarkisyan, eləcə də, daha dörd hərbi qulluqçu odlu silahdan açılan atəşlə öldürülmüş vəziyyətdə tapılıb. İddiaçıların ərizələrində göstərdiklərinə görə, onların övladları hərbi nizamnamədən kənar münasibətlərin qurbanı olublar, onlar döyülməyə, işgəncəyə məruz qaldıqdan sonra güllələniblər. Öldürülmüş əsgərlərin valideynləri hesab edirlər ki, Ermənistan hakimiyyəti ölüm hadisəsində günahkar olanların, o cümlədən vəzifə borclarını yerinə yetirməyə səhlənkar yanaşmış yüksək rütbəli komandirlərin müəyyən olunması və cəzalandlırılması üçün effektiv təhqiqat aparmayıb.
Bütün bunları nəzərə alan AİHM iddiaçıların insan hüquq və azadlıqlarına dair Avropa Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) üzrə hüquqlarının pozilduğunu təsbitləyib. Strasburq məhkəməsi Ermənistan hökumətinin boynuna iddiaçıların hər birinə təzminat olaraq 30 min avro ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarıb.
* * *
Məqsədimiz AİHM-nin çıxardığı qərarın nə dərəcədə ədalətli olub-olmadığını araşdırmaq deyil. Bizim üçün məsələnin ən önəmli tərəfi beynəlxalq məhkəmənin hökmünün altından boylanan çox vacib bir həqiqətin həmin yüksək instansiyada öz təsdiqini tapmasıdır. Yəni, İrəvanın Qarabağda Ermənistan ordusunun mövcudluğunu, vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmət keçmələrini hər vəchlə inkar etməyə çalışması özünün faktoloji-məntiqi cavabını aldı. İndi daha bir danılmaz reallıq ortaya çıxır ki, Ermənistan ordusunun sayı on minə yaxın göstərilən Qarabağdakı tör-töküntüsündən başqa, hər il bölgəyə minimum üç-dörd min çağırışçı da göndərilirmiş. Bunun sübutu 2020-cu ildə Qarabağda özününkilər tərəfindən öldürülən neçə-neçə oqanesyanlar, sarkisyanlardır. Özünüifşa göz qabağındadır.
Tanınmış hüquqşünas, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev hesab edir ki, əslində, AİHM-nin bu qətnaməsi beynəlxalq məhkəmə instansiyası tərəfindən Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı faktının daha bir təsdiqi kimi olduqca böyük əhəmiyət kəsb edir. M.Mustafayev bununla bağlı “Turan” informasiya agentliyinə verdiyi açıqlamasında bir məsələni xüsusi olaraq vurğulayıb: “AİHM-nin qəbul etdiyi qətnamədə Ermənistanın öz vətəndaşlarını hərbi xidməti keçməyə işğal altında saxladığı Azərbaycan ərazisinə göndərdiyi faktı təsdiqlənir. Bundan başqa, Strasburq məhkəməsi, eyni zamanda, Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində törədilmiş cinayətlərə görə məsuliyyət daşıdığını da etiraf etmiş olur”.
Ekspert sözlərinə onu da əlavə edib ki, AİHM-nin qətnaməsində məhkəmənin digər bir qərarına istinad yer alıb: “Bu, “Çıraqov və başqaları Ermənistana qarşı” adlandırılan işdir. Həmin iş üzrə qəbul edilən qətnamədə Laçın rayonundan bir qrup şəxsin doğma yurdlarından qovulmasına və əmlakdan məhrum olmasına görə Ermənistanın məsuliyyət daşıdığı öz əksini tapıb”.
AİHM-nin məlum qətnaməsi özlüyündə bütün ərazisi üzərində suveren hüququnu bərpa etmiş Azərbaycanın ünvanına hələ də ittihamlarla çıxış edənlərə verilən ən tutarlı cavabdır.
* * *
Ermənistanın həm işğal dövründə, həm Vətən müharibəsində, həm də postmüharibə dönəmində torpaqlarımızda törətdiyi cinayətlərin araşdırılması məqsədilə monitorinqlər aparılır.
“Son illərdə baş verən müharibə və terror aktları fundamental insan hüquqlarının pozulmasına, humanitar böhranın yaranmasına səbəb olub”. Bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda VII beynəlxalq elmi-praktiki konfransda çıxışında bildirib. Ombudsman konfrans iştirakçılarına otuz ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi müharibə cinayətləri barədə geniş məlumat verib.
Səbinə Əliyeva Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktlarını özündə əks etdirən müraciət, hesabat və bəyanatların aidiyyəti beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumlara ünvanlandığını qeyd edib.
Müharibələrin insan tələfatı ilə yanaşı, həm də onların itkin düşmələrinə səbəb olduğunu söyləyən müvəkkil Birinci Qarabağ müharibəsində 4 000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə danışan S.Əliyeva mina partlayışı nəticəsində İkinci Qarabağ müharibəsindən indiyədək yüzlərlə şəxsin mina qurbanına çevrildiyini qeyd edib.
Dünyanın 47 ölkəsindən ombudsmanların iştirak etdiyi elmi-praktiki konfransda “Müharibə və postmüharibə dövründə Azərbaycan Ombudsmanının fəaliyyəti” mövzusunda çıxışı zamanı müvəkkil insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi sahəsində ombudsman təsisatlarının və milli insan hüquqları institutlarının rolunu vurğulayıb. Azərbaycanın ombudsman təsisatının müvafiq istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verən Səbinə Əliyeva İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.
* * *
Azərbaycanla əlaqədar daxil olan müraciət və iddialara baxılarkən heç də həmişə ədalətli mövqedən çıxış etməyən, bir çox hallarda ikili standartlara üstünlük verən AİHM bu son qətnaməsi ilə, necə deyərlər, kələfin onsuz da görünən ucunu özü açmış oldu.
Məlumat üçün onu da bildirək ki, AİHM bir müddət əvvəl sülh və insanlıq əleyhinə cinayətləri törətməkdə təqsirləndirilən, hazırda Bakıda məhkəməsi davam edən Vaqif Xaçatryanla bağlı Ermənistanın müraciətini rədd edib. Bunu Avropa İnsan Hüquqları üzrə Məhkəməsi yanında Azərbaycan Republikasının səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib. Onun sözlərinə görə, bu, son bir ayda İrəvanın rədd edilmiş dördüncü müraciətidir.
Bu, hələ başlanğıcdır. Ermənistandan, Suriyadan, Livandan, Fransadan, eləcə də dünyanın digər yerlərindən Qarabağa göndərilən və ya gətirilən musdluların soydaşlarımıza qarşı törətdikləri cinayətlərin üstünün açılacağı günə az qalıb. Şovinist hayların törətdikləri bütün cinayətləri sübuta yetiriləcək, baiskarlar layiq olduqları cəzalarını alacaqlar.
İmran BƏDİRXANLI
XQ



