Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dünya Fətva Evləri Qurumları Baş katibliyinin Misir Prezidenti Əbdülfəttah Əl-Sisinin himayəsi altında keçirilən “Fətva və üçüncü minilliyin çağırışları” mövzusunda konfransda iştirak edib.
50-yə yaxın ölkənin dövlət, din və ictimaiyyət xadimlərinin, Qahirədəki müsəlman ölkələrinin səfirlərinin iştirak etdiyi məclisdə Misirin Baş müftisi Şövqi Əllam Dünya Fətva Evləri Qurumları Baş katibliyinin şeyxülislam Allahşükür Paşazadənin təşkilatın ali fərqlənmə – “İmam Qarafi” mükafatına layiq görüldüyünü elan edib.
Şeyxülislam Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib. O, azad olunmuş ərazilərimizdə minalardan təmizləmə işlərinin hələ də davam etdirildiyini, mənsubiyyətindən asılı olmayaraq dağıdılmış və vandalizmə məruz qalmış məscid və digər dini məbədlərin bərpa olunduğunu və yenilərinin inşa edildiyini bildirib.
Konfrans çərçivəsində MƏR Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şeyx Əli Cuma ilə görüşdə də Allahşükür Paşazadə erməni təbliğatının, xüsusilə də erməni kilsəsinin anti-Azərbaycan kampaniyaları apardığı barədə məlumat verib.
Şeyxülislam Misir Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşündə isə 44 günlük Vətən müharibəsindən və son antiterror tədbirlərindən sonra erməni diasporasının və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç bir təzyiq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.
XQ

