Birinci yazı
Azərbaycan Ordusunun 19–20 sentyabr antiterror tədbirlərindən sonra nəinki, ölkəmizin, bütün Cənubi Qafqazın geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişdi. Bununla da, “Qarabağ erməniləri məsələsi” regionun və millətlərin siyasi tarixinin neqativ katalizatoru rolunu oynamaq imkanından məhrum oldu. Süni yaradılmış “erməni məsələsi” regionun siyasi proseslərində 200 illik aparıcı rolunu, demək olar ki, itirdi.
Son vaxtlar mütəxəssislər arasında “Belə bir hadisə necə baş verdi?”, “Buna hansı proseslər səbəb oldu?” kimi baş verməsi mümkünsüz hesab olunan, gözlənilməyən hadisələrə dair suallar tez-tez eşidilir.
Bu necə oldu ki, baş verdi?
Son üç ildə Azərbaycan–Ermənistan qarşıdurmasında baş verənlərin dərk edilməsi baxımından bu sual daha çox səslənir. Ona görə ki, 44 günlük müharibənin və antiterror tədbirlərin yekunları bütün gözləntiləri aşmış nəticələrdir.
Tarixdə buna oxşar hadisələr olub. Məsələn, necə oldu ki, 1870-ci ildə Prussiya ordusu silahlanmada daha üstün Fransa ordusunu məğlub etdi və hətta imperator III Napoleonu əsir aldı? Polşada, 1989-cu ildə “Həmrəylik” həmkarlar ittifaqı kommunist idarəçiliyinə necə son qoya bildi? Necə oldu ki, ikiyə parçalanmış Almaniya 1990-cı ildə birləşə bildi? Axı, birləşmənin əleyhinə olan çox güclü qüvvələr var idi. Bütün bunlar öz dövrləri üçün gözlənilməz hadisələr idi.
Əgər, hadisələrin nəticələri bütün şərtləri və gözləntiləri aşırdısa, o zaman mütəxəssislər insan faktorunu, subyektiv amilləri araşdıraraq, bu məsələyə aydınlıq gətirməyə çalışırlar. Məsələn, nə üçün III Napoleon müharibəyə tam hazır olmadığı halda ehtiyatı əldən verib hərbi islahatları başa çatdırmış Prussiya ilə müharibəyə girdi? Bismark buna onu necə təhrik edə bildi? ABŞ və Böyük Britaniyaya sərfəli olmadığı halda nə üçün R.Reyqan və böyük Corc Buş Marqaret Tetçeri dilə tuturdu ki, Almaniyanın birləşməsinə razılıq versin? Bu suallara cavabların tapılması, araşdırılan hadisələrin baş verdiyi dövrdə liderlərin, ayrı-ayrı iştirakçıların, bir sözlə, subyektiv faktorların rolunu, hərəkətlərini və məqsədlərini, onların fəaliyyətinin əhəmiyyətini, xalqların mədəni spesifikliyini öyrənməyi tələb edir.
Şəxsiyyət amili
Tarixdə şəxsiyyətin rolu haqqında diskussiyalarda məsələyə əsasən 3 yanaşma olur: 1. Şəxsiyyətin rolu aparıcıdır; 2. Subyektiv faktorun rolu minimumdur, əsas obyektiv şərtlərin mövcudluğudur; 3. Obyektiv və subyektiv faktorların rolu 50-nin 50-yə nisbətində, yarıbayarıdır. Yəni, əlverişli tarixi şəraitlə güclü şəxsiyyətin iradəsi üst-üstə düşdükdə uğur qazanılır.
Bu diskussiyada üçüncü variantın tərəfdarları əksəriyyət təşkil etsə də, kontekstdən asılı olaraq faktorların xüsusi çəkisi dəyişə bilər. Məsələn, əgər tarixi prosesin katalizatoru müharibə amilidirsə, yəni, tarixin gedişi müharibə nəticəsində dəyişirsə, başqa sözlə, bütöv bir tarixi dövrün sona çatmasına ən radikal addım olan müharibə təkan verib səbəb olursa, burada şəxsiyyətin rolu, subyektiv faktorlar obyektiv faktorları üstələyə bilir. Ümumiyyətlə, müharibə subyektiv faktordan asılı olan tarixi hadisələr sırasında birinci yerdədir.
Azərbaycanın gözləntiləri aşan uğuru
Sual olunur: Postsovet məkanında eyni vaxtda alovlanmış 4 münaqişə ocağından niyə məhz Qarabağ münaqişəsini “təmiz qələbə” ilə başa çatdırmaq Azərbaycana nəsib oldu? Azərbaycan nəinki, işğal olunmuş ərazilərini azad edə bildi, hətta separatizmin kökünü kəsməyə, separatçıları, hərbi cinayətkarları həbs etməyə nail oldu. Axı, 44 günlük savaşdan öncəki proqnozlar bu nəticələri nəzərdə tutmurdu. Odur ki, yuxarıda qeyd etdiyimiz nəzəri konsepsiyaya uyğun olaraq, cavabı obyektiv şərtlərlə yanaşı, şəxsiyyətlərin rolunda, subyektiv faktorlarda və yürüdülən siyasətin özəlliklərində axtarmağa ehtiyac var.
Vəziyyəti tam təsəvvür etmək üçün tarixdəki analoji proseslərdən nümunələr gətirmək və müqayisələr aparmağa ehtiyac var.
Bu gün biz Azərbaycan tarixinin yeni mərhələsinə keçid dövrünü yaşayırıq. Əsas təzahürü 30 illik işğal olan geosiyasi böhran dövründən yeni, daha çox təhlükəsizlik, siyasi sabitlik, milli və regional inkişaf vəd edən geosiyasi reallığa keçid prosesinin içərisindəyik. Otuz illik geosiyasi böhran dövrünü necə keçirdiyimiz barədə informasiya, biliklər hələ köhnəlməyib və bundan çox yazılıb. Ancaq, bununla belə geosiyasi böhran dövründə yürüdülmüş siyasəti həm də tarixi-müqayisə kontekstində təhlil edib gələcək nəsillərə ötürmək vacibdir.
Azərbaycanda 1993-2020-cü illər ərzində aparılmış siyasətin prinsiplərinə oxşar yanaşmaların fərqli tarixlərdə və fərqli geosiyasi reallıqlarda, müxtəlif siyasətçi və hökumətlər tərəfindən tətbiqinin müqayisəli təhlili göstərir ki, artıq reallıqda Azərbaycan tarixinin sınağından çıxmış bu siyasət fərqli coğrafiyalarda və dövrlərdə də öz bəhrəsini verib.
Tarixi paralellər: geosiyasi oxşarlıqlar və fərqlər
Höte: “Nəzəriyyə qupqurudur, ay dostum, amma həyat ağacı yaşıllığa qərq olub”.
Mark Fabi Kvintilian: “Nəzəriyyəsiz təcrübə təcrübəsiz nəzəriyyədən daha qiymətlidir”.
İkinci dünya müharibəsinin gedişində Finlandiyanın SSRİ-yə məğlubiyyətindən sonra Helsinkinin onilliklərlə yürütdüyü, prezidentlər Yuho Kusti Paasikivi (1946-56) və Urho Kaleva Kekkonenin (1956-82) adları ilə tarixə düşmüş “Paasikivi-Kekkonen doktrinası”nın tarixi təcrübəsi Azərbaycanın 28 il ərzində yürütdüyü siyasətin təməl prinsiplərinin doğruluğunu təsdiqləyir.
İkinci dünya müharibəsindən sonra ikiyə bölünmüş Almaniyada K.Adenauer və V. Brandtın realist siyasətinin prinsipləri – Avropanı iqtisadi əsaslarda birləşdirmək, “mövcud reallıqları tanımaq” və “real şərtlərdən çıxış etmək”, 45 il ərzində addım-addım, səbirlə birləşməyə doğru aparan siyasət xətti də Azərbaycanın 28 il ərzində tətbiq etdiyi baza prinsiplərinin oxşarıdır.
Geosiyasi vəziyyətinə görə, Azərbaycanın XVII əsr alman knyazlıqları, XVIII-XIX əsrlərin Prussiyası, XX əsrin Almaniyası ilə oxşarlığını nəzərə alaraq, bəzi paralellərə nəzər salaq. Onlar da Azərbaycan kimi çoxsaylı dövlətlərlə əhatə olunmuşdular, Prussiyanı əhatə edən ölkələrdən ikisi – Fransa və Avstriya isə hətta güclü imperiyalar idi. Alman dövlətlərinin tarixi təcrübəsi göstərir ki, çoxsaylı dövlətlərin əhatəsində olmaq əlverişli iqtisadi və ticari imkanlar açdığı halda, qüvvələr nisbətini öz xeyrinə dəyişməyi nəzərdə tutan hərbi planlar üçün çox təhlükəlidir və dərhal bütün qonşuları ona qarşı birləşməyə sövq edir. Belə bir “kontinent daxili dövlət” olaraq Almaniyanın tarixində 2 uğurlu, 3 fəlakətli dövr təcrübəsi var. Uğurlu dövrlər Prussiya Kralı Böyük Fridrix və Prussiyanın əfsanəvi Kansleri O.Bismarkın adı ilə bağlıdır. Uğursuz dövrlər isə Habsburqların başlatdığı, Almaniyanın əhalisinin yarısını itirdiyi Otuzillik müharibə (1618-1648), 1-ci və 2-ci Dünya müharibələridir.
Habsburqlar 1618-ci ildə, Birinci Vilhelm 1914-cü ildə, Hitler isə 1939-cu ildə çoxsaylı ölkələrlə əhatələnmiş “kontinent daxili dövlət” olmanın şərtlərini doğru qiymətləndirə, qüvvələr nisbətinin dəyişməsini gözləyə, sərfəli ittifaqlar yarada bilmədilər, qüvvələr nisbətini özləri, birtərəfli qaydada dəyişməyə qalxdılar. Hər 3 müharibə almanlar üçün fəlakətlə nəticələndi.
Əksinə, eyni coğrafiyada Böyük Fridrix 1756-63-cü illərdə Yeddillik müharibədən qalib çıxıb Prussiyanı xeyli gücləndirdi. O.Bismark isə Avstriya və Fransa ilə müharibələri Prussiyanın xeyrinə bitirərək Almaniyanın birləşdirilməsinə nail oldu.
O.Bismark və Böyük Fridrix Almaniyanın ikisi böyük və daha güclü olmaqla çoxsaylı dövlətlərin əhatəsində olduğunu doğru hesablayaraq şərtləri birbaşa dəyişməyə təşəbbüs etmir, qüvvələr nisbətinin başqalarının təşəbbüsü ilə dəyişdiyi məqamı gözləyə bilir, başqa dövlətlər arasında ziddiyyətlərdən yararlanır, uğurlu ittifaqlar qurmaq məharəti nümayiş etdirirdilər. Habsburqlar və Almaniyanın 1-ci və 2-ci Dünya müharibələrini başladan liderləri isə əlverişli şərtlərin olmadığı zamanda təşəbbüs göstərərək şərtləri dəyişməyə çalışdılar və əksəriyyəti özlərinə qarşı birləşməyə təhrik etdilər.
Bu tarixi nümunədə oxşar geosiyasi şərtlər altında olan iki fərqli regionda “Heydər Əliyev–İlham Əliyev doktrinası”nın baza prinsipləri ilə “Bismark və Böyük Fridrix siyasəti”nin prinsipləri oxşarlıq təşkil edir. 2020-2023-cü illərin hərbi-siyasi, diplomatik uğurlarının səbəbi də elə budur. Deməli, artıq şübhə yoxdur ki, Prezident İlham Əliyev ötən 20 ildə tənqidçilər tərəfindən tələsdirildiyi kimi şərtlər yetişməmiş, vaxtından əvvəl hücum əmrini vermiş olsaydı, Azərbaycan Almaniyanın otuzillik müharibə və 1-ci və 2-ci Dünya savaşlarından sonrakı və yaxud da Finlandiyanın 1940-cı ildəki vəziyyətinə düşə bilərdi. Bu müqayisə bizə imkan veirir ki, rasional siyasət nəticəsində hansı fəlakətlərdən qurtulduğumuzu da təsəvvür edə bilək.
Daha bir nümunə Yaponiyadır. 215 illik “özünütəcrid siyasəti”nə son qoymaq məcburiyyətində qalan, Qərb dövlətləri ilə yaponların “alçaldıcı” hesab etdikləri 1858-ci il sazişini imzalamağa məcbur olmuş Yaponiya dəyişikliyə içəridən, özünü islahatdan başlamışdı. Yeni geosiyasi reallıqları nəzərə alaraq ölkədə köklü islahatlar apardıqdan sonra vəziyyət dəyişdi və təqribən 40 ildən sonra Yaponiya yeni güc kimi meydana çıxıb 1894-95-ci illərdə Çin ilə müharibədə Tayvanı zəbt etdi. 1904-1905-ci illərdə Rusiya ilə müharibədə qalib gələrək Cənubi Mancuriya dəmir yolu üzərində nəzarəti ələ aldı. 1905-ci ildə Koreya üzərində protektoratlığa, 1910-cu ildə isə yarımadanı anneksiya etməyə nail oldu. Paralel olaraq 1858-ci ildə imzalanmış “qeyri-bərabər” müqavilələr də addım-addım qüvvədən salındı.
Azərbaycanın 1993-2020-ci illər ərzində yürütdüyü siyasətin prinsiplərinin bu sadaladığımız tarixi nümunələrlə müqayisəsi çox maraqlı mənzərəni ortaya çıxarır və tarixi ümumiləşdirmə imkanı verir.
“Paasikivi-Kekkonen doktrinası” ilə “Heydər Əliyev-İlham Əliyev doktrina”sının müqayisəsi
Azərbaycanın Respublikasının tarixi və müstəqillik dövrünün Finlandiyanın (əhalisi-5.6 milyon) müstəqillik dövrü ilə müqayisə olunmalı çox məqamları var. O Finlandiya ki, NATO üzvlüyünü bu alyans yarandığı gündən gözləyir, paralel olaraq SSRİ və daha sonra Rusiya ilə sıx iqtisadi, humanitar əlaqələr qurur, Moskva əleyhinə layihələrdə iştirak etmirdi.
Finlandiya Rusiya imperiyasından 1917-ci ildə, Azərbaycan isə 1918-ci ildə müstəqilliklərini elan etdilər. Hər ikisi Rusiya ilə həmsərhəddir. 1917-ci ildə müstəqilliyini elan edərkən Almaniya Finlandiyaya kömək etmişdi.
1918-ci ildə Osmanlı İmperatorluğu Azərbaycanın müstəqilliyini qorumasına dəstək verdi. 1922-ci ildə isə Azərbaycan Atatürk Türkiyəsinin əl-qolunun bağlı olması səbəbindən müttəfiqsiz qaldı və SSRİ-nin tərkibinə daxil edildi, 18 il sonra 1940-cı ildə Finlandiya savaşda SSRİ-yə məğlub oldu. Bu dəfə Almaniya Finlandiyaya dəstək vermək iqtidarında deyildi. Böyük Britaniya da Almaniyadan təhlükə gözləntisinin təsiri altında Finlandiyanın məğlubiyyətini kənardan izləməli oldu. 1940-cı il məğlubiyyətindən sonra Finlandiya dövləti dərin böhrana girdi. Amma, məhz “Paasikivi-Kekkonen siyasi xətti”nin və ya “doktrina”sının tətbiqi nəticəsində böhran mənbələrini bərtərəf edib yeni inkişaf səhifəsini açmaq mümkün oldu.
Prezident Paasikivi geosiyasi reallığı Finlandiyanın iqtisadi və siyasi inkişafının baza çərçivəsi kimi götürdü və bu siyasət uzun illər Qərb dövlətləri tərəfindən tənqidə məruz qalmasına baxmayaraq uğurla davam etdirildi.
Bəs “Paasikivi-Kekkonen doktrinası” adlanan siyasətin təməl prinsipləri nədən ibarət idi?
1946-82-ci illərdə Finlandiya müstəqilliyini qoruyub saxlamaqla yanaşı, öz xarici siyasətində SSRİ-nin maraqlarını da nəzərə almaq, Avropa İttifaqı və NATO da daxil olmaqla Avropa strukturlarına inteqrasiya məsələsində təmkin və rasionallıq nümayiş etdirdi.
Azərbaycan da 1993-cü ildən başlayaraq, Finlandiyanın, təqribən, 40 il ərzində yürütdüyü siyasətin prinsiplərini Cənubi Qafqazda tətbiq etdiyi üçün bu siyasəti də “Heydər Əliyev-İlham Əliyev doktrinası” adlandıra bilərik.
Finlandiya 1940-cı ildə SSRİ ilə müharibəni uduzduqdan sonra bu siyasətin tətbiqinə qərar verdi. Azərbaycan da 1993-cü ilin aprelindən avqustun sonunadək 6 rayonu itirərək dərin hərbi, siyasi və iqtisadi böhrana girmişdi. 1940-cı ildə Finlandiya kimi Azərbaycan da müttəfiqsiz qalmışdı və vəziyyətdən təkbaşına çıxmalı idi.
Səbəblər də demək olar ki, oxşardır: Finlandiyanın SSRİ ilə tarazlaşdıracaq alternativ müttəfiqi yox idi. Üstəlik, 1939-40-cı illər Sovet-Fin savaşını uduzmuşdu. Müharibədən sonra Almaniya parçalanmışdı, NATO da uzaqda, sosialist düşərgəsinin o tayında idi. Qonşu İsveç və Norveç isə SSRİ-yə qarşı alyans yaratmaq iqtidarında deyildilər.
Azərbaycanda isə vəziyyət Finlandiyadan daha ağır idi. İqtisadi inkişaf üçün Finlandiyanın Baltik dənizinə, Avropa bazarına, dünya okeanına çıxışı, İsveç və Norveçlə quru əlaqələri var idisə, Azərbaycanda belə çıxışların olmamasına hələ Ermənistanla müharibə də əlavə olunmuşdu. Odur ki, “Paasikivi-Kekkonen xətti”ndən fərqli olaraq “Heydər Əliyev-İlham Əliyev doktrinası” daha ağır coğrafi, hərbi və iqtisadi şərtlər daxilində müstəqilliyi qoruyub saxlamağa hədəflənmişdi.
Baş nazir olduğu dövrdə Paasikivi SSRİ-nin geosiyasi təsir gücünü nəzərə alaraq hətta 1944-ci ildə Kommunist Partiyasının üzvünü Finlandiya hökumətinə təyin etmiş, ikinci hökumətdə isə Kommunist Partiyası koalisyaya daxil edilmişdi.
Prezident Paasikivi 1948-ci ildə SSRİ ilə dostluq və tərfdaşlıq haqda saziş imzalamaqla yeni siyasi münasibətlər erasının əsasını qoydu. SSRİ ilə NATO arasında neytral mövqe tutmaqla Prezident Paasikivinin əsas hədəfləri Finlandiyanın sovetləşməsinin, Kommunist Partiyasının hakimiyyətə gətirilmısinin qarşısını almaq, Finlandiyanın müstəqilliyini qorumaq və paralel olaraq Avropa ilə iqtisadi-ticarət əlaqələrini saxlamaq, tədricən dərinləşdirmək idi. Halbuki, beynəlxalq təşkilatlarda Finlandiya SSRİ ilə eyni mövqedə dayanır, səsvermə zamanı həmrəylik göstərir və yaxud da səsvermədə iştirak etmirdi. Paasikivi, hətta, 1954-cü ildə Lenin ordeni ilə də təltif edilmişdi.
Bu siyasət 1961-ci ildə Almaniya və Qərbi Berlin böhranı zamanı Prezident Kekkonenin Xruşovla yaxşı şəxsi münasibətləri sayəsində Finlandiyanı vəziyyətdən çıxardı və sovetləşdirilməsinin qarşısını aldı. Kekkonenin 25 illik prezidentliyi dövründə Qərblə əlaqələr də SSRİ-dən uzaqlaşmadan xeyli gücləndirildi. Finlandiya ilə SSRİ arasında elə güclü iqtisadi əlaqələr var idi ki, hətta SSRİ-nin tənəzzülündən sonra 1991-1994-cü illərdə Finlandiya iqtisadiyyatı dərin böhran keçirmişdi. Bununla belə “Paasikivi-Kekkonen siyasi doktrinası” Finlandiyanı tarixinin ən dərin böhranından çıxararaq inkişaf etmiş dövlət səviyyəsinə çatmasında mühüm rol oynadı.
(ardı var)
İbrahim MƏMMƏDLİ,
tarix üzrə fəlsəfə doktoru